Üç əlamət xərçəng xəstələrinin özünə zərər vermə riskini artırır

Kanadada aparılmış bir tədqiqata görə orta və ağır dərəcəli anksiyete (təşviş pozuntusu), depressiya və dispnoe (nəfəs darlığı), yeni xərçəng diaqnozu qoyulan xəstələrdə ölümcül olmayan özünə zərər vermə riskini artırır.
Tədqiqatçıların bildirdiyinə görə bu üç əlamətin (anksiyete, depressiya, dispnoe) hər biri özünə zərər vermə riskinin ən azı 60% artması ilə əlaqələndirilib.
Tədqiqatın aparıcı müəllifi Dr. Julie Hallet belə deyir: "Həkimlər xərçəng diaqnozundan sonra özünə zərər vermənin real problem olduğunu bilməlidirlər."
"Özünə zərər vermə yalnız intihar cəhdindən ibarət deyil" deyib və əlavə edib: "Məlumatlarımız niyyətin nə olduğunu bilməyimizə imkan verməsə də, digər tədqiqatlardan xərçəngli xəstələrdə stressin təzahürlərinin intihardan çox daha geniş olduğunu bilirik. Özünə zərər vermə bəzi xəstələr üçün intihar niyyəti olmadan psixoloji çətinliklərin öhdəsindən gəlmə yolu ola bilər."
Tədqiqat 31 martda JAMA Oncologydə dərc edilib.
Doqquz əlamət
Tədqiqat 1 yanvar 2007 ilə 31 mart 2019 arasında xərçəng diaqnozu qoyulmuş və diaqnozdan sonrakı 36 ay ərzində Edmonton Simptom Qiymətləndirmə Sistemi sorğusunu tamamlamış yetkinləri əhatə edib. Bu sorğu ağrı, yorğunluq, ürəkbulanma, depressiya, anksiyete, yuxululuq, iştaha, rifah və nəfəs darlığı da daxil olmaqla xərçənglə əlaqəli doqquz ümumi əlaməti xəstənin bildirdiyi 0 (əlamətin olmaması) ilə 10 (ən pis) arasında qiymətləndirir.
Təhlilə sorğu qiymətləndirməsindən sonrakı 180 gün ərzində "ölümcül olmayan özünə zərər vermə" ilə təcili yardım şöbəsinə müraciət etmiş 406 xəstə və özünə zərər vermə halı olmayan xərçəngli 1624 uyğunlaşdırılmış nəzarət xəstəsi daxil edilib. Hal xəstələri və nəzarət xəstələri xərçəng diaqnozu zamanı yaşa, cinsə, xərçəng diaqnozundan sonrakı 5 il ərzində əvvəlki özünə zərər vermə halına və xərçəng növünə görə uyğunlaşdırılıb. Uyğunlaşdırılmamış kovariatlara psixiatrik xəstəlik və özünə zərər vermədən əvvəl alınmış müalicə, yanaşı xəstəlik yükü, maddi məhrumiyyət və xərçəng mərhələsi daxil olub.
Nəticələr
Hal xəstələrinin nəzarət xəstələrindən daha yüksək hissəsi doqquz əlamətin hamısı üçün orta və ağır dərəcəli ballar bildirib. Düzəliş edilmiş təhlildə orta və ağır dərəcəli anksiyete (şans nisbəti [OR], 1,61), depressiya (OR, 1,66) və nəfəs darlığı (OR, 1,65) müstəqil olaraq "ölümcül olmayan özünə zərər vermə" ehtimalının daha yüksək olması ilə əlaqəli olub. Ümumi sorğu balındakı hər 10 ballıq artım da artan risklə əlaqələndirilib (OR, 1.51).
Müəlliflər "Bu nəticələr xəstələri daha yaxşı dəstəkləmək üçün Edmonton sorğusu ballarının istifadəsini inkişaf etdirmək baxımından əhəmiyyətlidir" deyirlər. "Bu sorğu qiymətləndirmələrindən alınan ballar ölümcül olmayan özünə zərər vermə baxımından daha yüksək riskli xəstələri müəyyən etmək üçün istifadə oluna bilər; bu, sıxıntının daha yüksək səviyyəsinə işarə edir və birbaşa xüsusi qiymətləndirmə və müdaxiləyə kömək edir."
Hər 1000 xərçəng xəstəsindən 3-ündə baş verən vəziyyət
Əvvəlki tədqiqatlar hər 1000 xərçəng xəstəsindən 3-ündə ölümcül olmayan özünə zərər vermənin baş verdiyini göstərib. Xərçəng xəstələrində özünə zərər vermə gənc xəstələrdə və əvvəldən psixoloji xəstəlik tarixçəsi olanlarda daha çox müşahidə olunur. Dr. Julie Hallet "Klinik təcrübədə riskli xəstələri müəyyən etmək xəstənin əvvəlki tarixçəsini soruşmağınızı, yüksək simptom ballarını müəyyən etməyinizi və onlar barədə sual verməyinizi, risk aşkar edildikdə müdaxilə yollarını işə salmağınızı tələb edir" deyib.
"Məsələn, baş və boyun xərçəngi olan, əvvəldən psixi xəstəlik tarixçəsi olan və anksiyete ilə yuxululuq üçün yüksək ballar bildirən gənc xəstənin özünə zərər vermə riski yüksək olacaq" deyə əlavə edib. Belə xəstə psixo-onkologiya, psixiatriya və ya sosial xidmətə yönləndirilməlidir. Dr Hallet "Bunu asanlaşdırmaq və riskli xəstələri müəyyən etmək üçün elektron tibbi qeydlər kimi klinik tətbiqlərə inteqrasiya edilə biləcək proqnostik ballar üzərində işləyirik. Gələcək tədqiqatlar riskli xəstələr üçün ən uyğun qulluq yollarını da müəyyən etməli olacaq." deyib.
Özünə zərər vermə ilə intihar arasındakı fərq
Psixiatr və həkim-alim Madeline Li bu nəticələrin qismən "məyusedici" olduğunu, çünki bizə artıq bilinənləri dediyini bildirib - "Ölümcül olmayan özünə zərər vermə sıxıntı ilə əlaqəlidir və xərçəng stress mənbəyidir." O, intihar riski olan xəstələri intihar olmadan özünə zərər vermə riski olanlardan necə ayırd etməyi soruşmağın daha maraqlı olacağını əlavə edib.
"Bu müəlliflərin ölümcül olmayan özünə zərər verməni formalaşdırma üsulları həm özünə zərər vermə niyyətini, həm də intihar niyyətini əhatə edirdi" deyə izah edib. Tədqiqatçılar bu iki növ hadisə üçün riskli xəstələri özünə zərər vermə halı olmayan xəstələrlə müqayisə ediblər. Dr Madeline Li "Təcili yardımda intihar niyyəti olmadan özünə zərər verən xəstə gördükdə, çox vaxt bu, insanların kömək üçün ağladığı deməkdir" deyib. "Bunlar həyatını itirmək niyyəti olmadan biləklərini kəsən və ya kiçik dozadan artıq dərman qəbul edən insanlardır. Yalnız özünə zərər verəcək insanlarla həqiqətən intihara cəhd edənlər üçün fərqli risk amillərinin olub-olmadığını görmək daha maraqlı olardı."
Li "Tədqiqatın ölümcül olmayan özünə zərər vermə üçün risk amillərini müəyyən etməsi əhəmiyyətlidir, çünki anksiyete, depressiya və nəfəs darlığı olduqda bu xəstələrə diqqət yetirməli və bununla bağlı nəsə etməli olduğumuzu göstərir" deyib. Bununla belə, xərçəng psixiatriyasında tədqiqatların diqqətini mövcud risk amillərini müəyyən edib aradan qaldırmaqdan onların inkişafının qarşısını almağa yönəltmək lazım olduğunu da sözlərinə əlavə edib.
Nəticə olaraq, xərçəng xəstələrinin özünə zərər verməyə meylli olmasının qarşısını almaq üçün əlamətlərdən xəbərdar olub daha erkən hərəkət etməli və özünə zərər verməyə meylli olduqda müdaxilə etmək əvəzinə emosional və ruhi sağlamlıq dəstəyi göstərməliyik.
Mənbələr
2. Kate Johnson. Three Symptoms Suggest Higher Risk for Self-injury in Cancer - Medscape - Apr 29, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.