Üçlü mənfi süd vəzi xərçəngində sıçrayış yaradan yeni hədəf, yeni dərman

Bu məqalədə
Qadınlar arasında ən çox rast gəlinən xərçəng olan süd vəzi xərçəngi yeni diaqnoz qoyulan xərçəng hallarının %23-ünü təşkil edir. Bu nisbətin 2017-ci ildə %30-a çatması gözlənilir. Yeni süd vəzi xərçəngi xəstələrinin nisbətindəki artıma baxmayaraq xəstəlikdən ölüm nisbətində artım müşahidə edilmir. Bu vəziyyət skrininq üsullarının artması, yeni müasir müayinələrlə əməliyyat üsullarının inkişafı, cəmiyyətin erkən diaqnoz haqqında məlumatlanması və yeni hazırlanmış dərmanlarla əlaqələndirilə bilər.
Süd vəzi xərçənginin alt tiplərindən üçlü mənfi qrup (Triple neqativ) bütün süd vəzi xərçənglərinin %15-20-sini təşkil edir. Götürülmüş şiş toxumasının boyanma xüsusiyyətlərinə görə estrogen reseptoru, progesteron reseptoru və HER2 reseptoru boyanma göstərmirsə, bu xəstələri üçlü mənfi süd vəzi xərçəngi kimi qiymətləndiririk. Bu xəstəlikdə bədənə yayılma olan xəstələr üçün ən mühüm müalicə seçimi kimyaterapiyadır. Yeni hazırlanmış dərmanlardan, anticisim-dərman birləşməsindən ibarət sacituzumab govitecan (IMMU-132) adlı vasitənin ümidverici nəticələri 2016 San Antonio Süd Vəzi Xərçəngi Simpoziumunda açıqlandı.
Xərçəng hüceyrəsində kalsiuma bağlı siqnal ötürülməsi yolunu fəallaşdıran Trop-2 adlı zülal strukturu var. Trop2-nin fəallaşması hüceyrə daxilinə böyümə siqnallarının göndərilməsinə səbəb olur. Sacituzumab govitecan (IMMU-132) üçlü mənfi süd vəzi xərçəngində yeni hədəfə yönəlmiş müalicə kimi qiymətləndirilən, bu zülala qarşı hazırlanmış anticisim-dərman birləşməsindən ibarət vasitədir.
Tədqiqat
San Antonio Süd Vəzi Xərçəngi Simpoziumunda təqdim olunan tədqiqatda əvvəllər çoxsaylı kimyaterapiya almış xəstələrdə xəstəliyin artmasına qədər müddət 6 ay, ümumi sağqalım isə 16 ay müəyyən edilib. Müalicədən fayda ilk iki aydan başlayıb. Xəstələr müalicəni asan qəbul etsələr də, ən çox rast gəlinən yan təsir ağ qan hüceyrələrinin sayının azalması olub. Bu yan təsirə bağlı ciddi hadisə baş verməyib. Həyəcanverici bu tədqiqatdan sonra Amerika Dərman İdarəsi (FDA) dərmana sıçrayış yaradan müalicə statusu verdi.
Üçlü mənfi süd vəzi xərçəngində çoxsaylı xətt müalicəsi almış xəstələrdə təsirliliyi göstərilən bu dərmanın digər xərçəng tipləri üçün də başladılan tədqiqat nəticələrini maraqla gözləyəcəyik. Dərmanın təsdiq proseslərini izləyərək sizi məlumatlandırmağa davam edəcəyik.
Mənbələr
Sacituzumab govitecan (IMMU-132), an anti-Trop-2-SN-38 antibody-drug conjugate (ADC) for the treatment of relapsed/refractory, metastatic triple-negative breast cancer (mTNBC): Updated results.
2016 San Antonio Breast Cancer Symposium; December 6-10, 2016; San Antonio, TX. Abstract P4-22-15.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.