Xərçəng xəstələri niyə arıqlayır? Xərçəng kaxeksiyası

Xərçəng və müalicələrə bağlı əlavə təsirlər həm xəstələri, həm həkimləri çətinliyə salan əsas mövzulardandır. Xərçənglə bağlı ölümlərin sepsisdən (infeksiyaya bağlı çoxsaylı orqan çatışmazlığından) sonra ikinci səbəbi kaxeksiyadır!
Kaxeksiya xərçəng xəstələrində çəki itkisi ilə gedən və normal qida dəstəyi ilə geri çevrilə bilməyən haldır. Son illərin araşdırmalarında xərçəng kaxeksiyasının anoreksiya (qida qəbulunun azalması) ilə əlaqəli olduğu tapılmış və xərçəng anoreksiya-kaxeksiya sindromu adlandırılmışdır.
Xərçəng anoreksiya-kaxeksiya sindromunun yaranması bir çox amildən asılıdır. Ən mühüm xüsusiyyəti əzələ itkisi ilə birlikdə piy toxumasının pozulmasıdır. Qeyri-iradi çəki itkisi ilə yanaşı xərçəng xəstələrində iştahasızlıq görülür və bu, həyat keyfiyyətini azaldır.
Xərçəng anoreksiya-kaxeksiya sindromu irəliləmiş mərhələlərdə daha çox yeməklə və ya qida dəstəyi ilə tam müalicə edilə bilməz. Zamanla artan çəki itkisi xəstənin gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik yaşamasına səbəb olur. Erkən mərhələdə qida qəbulunda fərqlər, kiçik çəki itkiləri və iştaha dəyişiklikləri görülür. Sindrom irəlilədikcə xəstə daha çox arıqlamağa və az yeməyə başlayır. Bununla əzələ itkisi görünən dərəcədə təsir edir və normal müalicələrə, qida dəstəyinə rezistent hal yaranır.
Xərçəng anoreksiya-kaxeksiyasının hansı biokimyəvi mexanizmlərdən qaynaqlandığı hələ tam aydın deyil. İndiyədək şişlə əlaqəli bu sindromu hədəfləyən dərman yoxdur.
Xərçəng anoreksiya-kaxeksiya sindromu ən çox xəstəliyi irəliləmiş şəxslərdə görülür. Sindromun yaranması xərçəng növündən asılıdır. Qastrointestinal (mədə-bağırsaq), mədəaltı vəzi, ağciyər və kolorektal xərçənglərin yüzdə 50 -85-ində müalicə başlamadan çəki itkisi görülür. Təkcə Amerika Birləşmiş Ştatlarında 1.3 milyondan çox insanda xərçəng anoreksiya-kaxeksiyası var.
Nəticə olaraq;
- Xərçəng anoreksiya-kaxeksiyası çəki və əzələ itkisi ilə gedən, xəstələrin həyat keyfiyyətini azaldan sindromdur.
- Xərçəng xəstələrinin yarısından çoxunda anoreksiya və kaxeksiya sindromu görülür.
- Xərçəng anoreksiya-kaxeksiyası xərçəngdən bütün ölümlərin yüzdə 20-nə cavabdehdir.
Növbəti yazımız “xərçəngdə kaxeksiya müalicəsində son inkişaflar” barədə olacaq.
Mənbələr
Cancer cachexia: impact, mechanisms and emerging treatments.
J Cachexia Sarcopenia Muscle 2013;4:95–109.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.