Xərçəngdə əməkdaşlıq Semir Beyazın da daxil olduğu 3 komandaya 8 milyon dollarlıq mükafat qazandırdı

Xərçəng tədqiqatları üzrə Mark Fondu Endeavor (Səy) Mükafatlarının ilk qaliblərini və yeni Endeavor Mükafatları üçün onlayn müraciətlərin artıq açıq olduğunu elan etdi.
İlk Endeavor layihələri xərçəng tədqiqatlarında xüsusilə 3 çətin problemə yönəlir:
- metastazın qarşısını almaq və onun öhdəsindən gəlmək,
- xərçəngə bütün bədənin cavabını aydınlaşdırmaq və
- şişin çevikliyinin və irəliləməsinin molekulyar mexanizmlərini anlamaq.
Mark Fondu Endeavor Mükafatları xərçəng tədqiqatlarındakı təxirəsalınmaz sualları araşdırmaq üçün müxtəlif ixtisas sahələrindən alimləri bir araya gətirmək məqsədilə yaradıldı. Bu əməkdaşlıq proqramı bir müəssisədə və ya bir neçə təşkilatda çalışan tədqiqatçı komandalarına xərçənglə bağlı, tək bir laboratoriyanın özbaşına həll edə bilməyəcəyi qədər mürəkkəb tədqiqat çətinliklərinin öhdəsindən gəlməyə imkan verir.
Elmdə uğurun açarı əməkdaşlıqdır!
Mark Fondunun baş icraçı direktoru Michele Cleary, "Elmdə uğurun açarı əməkdaşlıqdır," deyir. "Maliyyələşdirməmiz ortaq problemi həll etməyə həvəsli tədqiqatçıları birgə tətbiq edildikdə yeni bilik və həllərin kəşfini sürətləndirən, bir-birini çox yaxşı tamamlayan bacarıq və təcrübə ilə bir araya gətirir."
İlk Endeavor Mükafatlarını aşağıdakı 3 komanda qazandı:
- San-Fransiskodakı Kaliforniya Universitetindən (UCSF) bir komanda;
- Cold Spring Harbor Laboratoriyasından (CSHL) rəhbərliyini Semir Beyazın həyata keçirdiyi bir komanda; və
- Columbia Universiteti, Memorial Sloan Kettering Xərçəng Mərkəzi və Johns Hopkins Universitetinin Tibb Fakültəsindən çoxmərkəzli tədqiqat komandası.
Metastatik xərçəngləri anlamaq və aradan qaldırmaq
UCSF komandası, metastatik xərçəngin qaydalar kitabını daha yaxşı anlamaq, onun qarşısını almaq və ya onu aradan qaldırmaq üçün müalicələr hazırlamaq məqsədilə birlikdə çalışan, çox müxtəlif sahələrdə təcrübəsi olan 6 alimdən ibarətdir.
Metastaz xərçəngli insanların üzləşdiyi ən böyük çətinlikdir. Əslində, xərçəng ölümlərinin təxminən %90-ı xəstənin ilkin şişinə deyil, metastatik xəstəliyə aid edilə bilər. Metastaz ayrı-ayrı xərçəng hüceyrələri başqa toxumalara yayıldıqda və adətən müalicəyə ilkin şişdən daha davamlı ikincili şişlər yaratmaq üçün sağ qaldıqda meydana çıxır.
Metastaza yeni yanaşma
İndiyədək metastaz barədə anlayışımız şiş hüceyrələrinin yayılarkən digər toxumalarla harada, nə vaxt və necə qarşılıqlı təsirə girdiyini müəyyənləşdirməyin çətinlikləri ilə məhdudlaşırdı. Bu layihə ilə tədqiqatçılar xərçəng kök hüceyrələri də daxil olmaqla müxtəlif şiş hüceyrələrinin alt qruplarını araşdırmaq üçün təkhüceyrəli analiz və "çoxomikalı" yanaşmadan (genomika, epigenomika, transkriptomika və proteomika daxil olmaqla) istifadə edərək metastazın köklərinə çatmağı hədəfləyirlər.
UCSF Anatomiya Bölməsinin professoru və sədr müavini, UCSF Bakar ImmunoX Təşəbbüsünün həmtəsisçisi Jeroen Roose, “Metastaz mükəmməl fırtınaya bənzəyir” dedi. “Xərçəng hüceyrələrinin həmişə şiş yaratdığını bilirik, lakin onlar nadir hallarda metastaz verirlər. Metastazın qaydalarını anlasaq, xəstənin xərçəngini daha yaxşı izləyə və müəyyən şişlərinin nə vaxt və ya necə metastaz verəcəyini proqnozlaşdıra bilərdik. Bu, inanılmaz inkişaf olardı."
Bu layihə metastatik mühitdə şiş heterogenliyinin anlaşılmasını artırmağı hədəfləyir; bu isə müəyyən şiş hüceyrələrinin yeni mühitlərdə yayılmaq və inkişaf etmək qabiliyyətini necə qazandığını aydınlaşdırmağa kömək edəcək. Layihə həmçinin metastatik hüceyrələrin yaranmasını təşviq edən şiş mikromühitindəki elementlər, immun sisteminin rolu və hüceyrəxarici matriksdə şiş-sinir qarşılıqlı təsirlərinin necə əlaqələndiyi daxil olmaqla, şiş-orqanizm qarşılıqlı təsirlərinin metastazdakı rolunu anlamağa yönəlib. Tədqiqatçılar həmçinin metastatik şiş hüceyrələrinin zəif nöqtələrini / həssaslıqlarını müəyyənləşdirmək və nəticədə bu tapıntıları yeni müalicə strategiyaları hazırlamaqda tətbiq etmək üçün orqanoid və heyvan modellərindən istifadə edirlər.
Xərçəngə qarşı orqanizmin cavabının kodunu açmaq
Aralarında dünyada tanınan molekulyar biologiya və genetika mütəxəssisi Semir Beyazın da olduğu Cold Spring Harbor Laboratoriyası (CSHL) komandası, xərçəngə verilən mürəkkəb, bütün bədəni əhatə edən cavabın kodunu açmağa yönəlib. Bu tədqiqatın məqsədi xərçəng inkişaf etdikdən sonra bədəndə yarana biləcək sistemik bioloji dəyişiklikləri üzə çıxarmaqdır.
Tədqiqatçılar xərçəngin irəliləməsi zamanı yaranan davranış, neyroendokrin, metabolik, mikrobiom və inteqrasiya olunmuş immun cavablarını əlaqələndirmək üçün bədəndəki xərçəng hüceyrələri ilə digər toxumalar arasındakı qarşılıqlı təsirləri daha dərindən anlamaq istəyirlər. Onlar siçan modelləri ilə başlayacaq, sonra öyrəndiklərini insan xərçənginə tətbiq edəcəklər.
Cold Spring Harbor Laboratoriyasının prezidenti və baş icraçı direktoru Bruce Stillman, “Cold Spring Harbor Laboratoriyası beyin-bədən qarşılıqlı təsirlərini anlamağa yönəlmiş bütün bədən fiziologiyası sahəsində böyük yeni proqram başladıb” dedi. “Təşəbbüsün mühüm tərkib hissəsi xərçəngin fiziologiyamıza necə təsir etdiyini anlamaqdır və Tobias Janowitz ilə Semir Beyazın dəstəyi ilə The Mark Foundation ilə əməkdaşlıq etməkdən çox məmnunam. Bu tədqiqatçıların The Mark Fondunun dəstəyi ilə əhəmiyyətli dərəcədə inkişaf etdiriləcək çox həyəcanverici tədqiqat proqramları var."
Xərçənglərin sistemik təsirləri
Xərçənglər ənənəvi olaraq mənşə aldıqları toxumaya görə təsnifləndirilsə də, xərçəng bədənin bir çox hissəsinə təsir edə bilən sistemik xəstəlikdir. Bu, xüsusilə kolorektal, ağciyər, mədəaltı vəzi və böyrək xərçəngləri kimi epitelial xərçənglərə aiddir. Xərçəngin sistemik təsirlərinə bir nümunə irəliləmiş xəstəliyi olan xəstələrdə geniş yayılan arıqlama sindromu olan kaxeksiyadır. Xərçəng insan həyatının yuxu və maddələr mübadiləsi kimi digər aspektlərinə də geniş təsir göstərə bilər.
Bu səyin ilk hissəsi xərçəngin orqanizmin neyroendokrin sistemi, immun sistemi və mikrobiomu ilə qarşılıqlı təsirləri də daxil olmaqla, genişmiqyaslı sistemik təsirlərini araşdırmağı hədəfləyir. Tədqiqatçılar araşdırmalarında eksperimental heyvan modelləri və xəstə nümunələrindən istifadə edirlər. Əldə edilən məlumatların təcrübələr arasında daha asan birləşdirilə bilməsi üçün müxtəlif əlaqələri eyni nümunələrlə araşdıraraq bu yanaşmanın sinergik olmasını gözləyirlər.
Bu layihədən toplanan məlumatlar orqan sisteminə xas xərçəng modelləri hazırlamaq üçün istifadə oluna bilər; həmin modellərdən daha sonra mümkün orqanizm cavabı modellərinin yaradılmasında istifadə edilə bilər. Bu modellərin xəstələrdə xəstəlik nəticələrini və müalicəyə cavabı proqnozlaşdırmaq baxımından əhəmiyyəti var.
CSHL komandasına Donaldson Translational Fellow və Xərçəng Mərkəzinin üzvü Semir Beyaz, həmçinin Xərçəng Mərkəzinin üzvü Tobias Janowitz rəhbərlik edir.
Şişin irəliləməsinin molekulyar mexanizmləri və plastiklik
Şərq sahilindəki üç böyük xərçəng mərkəzindən tədqiqatçılar, plastikliyin (çevikliyin) sidik kisəsi xərçənginin irəliləməsini necə istiqamətləndirdiyini vurğulayaraq xərçəng hüceyrələrinin öz aqibətlərini necə dəyişdirdiyini araşdırmaq üçün bir araya gəldilər.
Sidik kisəsi xərçəngi iki formada yarana bilər. Daha geniş yayılan, əzələyə invaziv olmayan (yayılmamış) sidik kisəsi xərçənginin proqnozu (xəstəliyin gedişi) daha yaxşı olduğu halda, daha az rast gəlinən əzələyə invaziv sidik kisəsi xərçəngi pis klinik nəticələrlə əlaqəlidir. Bu iki sidik kisəsi xərçəngi növü bir vaxtlar fərqli xəstəliklər sayılırdı, lakin genetik analizdəki inkişaflardan və genetik olaraq hazırlanmış siçan modellərindən istifadə edən son işlər sidik kisəsi xərçənginin əzələyə invaziv olmayan formadan invaziv formaya necə irəliləyə bildiyini göstərir.
Hüceyrənin bir aqibətdən digərinə keçmə qabiliyyəti olan “nəsil” (lineage) plastikliyi bu irəliləmədə mərkəzi rol oynayır kimi görünür. Komanda üzvləri, epigenetik yenidən proqramlaşdırmanın, şiş hüceyrəsinin nəsil plastikliyinin mühüm vasitəçisi kimi çıxış edə biləcəyini göstərdilər. Son illərdə xərçəng müalicəsi üçün epigenetik tənzimləyicilərin hədəflənməsində mühüm irəliləyiş əldə edilib və bu işlərin nəticədə sidik kisəsi xərçəngi xəstələri üçün yeni müalicə seçimlərinə yol aça biləcəyi ümidi yaranıb.
Bu layihə vasitəsilə tədqiqatçılar klinik və translyasion (fundamental-klinik arası) təbabət təcrübələrinin inteqrasiyası yolu ilə sidik kisəsi xərçəngində nəsil plastikliyini tənzimləyən molekulyar mexanizmləri daha yaxşı anlamağı hədəfləyirlər. Tədqiqatlarının əsas tərkib hissəsi xərçəngi əzələyə invaziv olmayan formadan invaziv formaya irəliləmiş xəstələrdən əldə edilən unikal sidik kisəsi xərçəngi nümunələri qrupunun xarakterizə edilməsinə ən yeni histopatoloji, genomik və hesablama üsullarını tətbiq etmək üçün iddialı və əhatəli plandır.
Tədqiqatçılar araşdırmalarından əldə edilən tapıntıların irəliləyən xəstəlik riski yüksək olan xəstələri aşkar etmək üçün daha yaxşı üsullara gətirib çıxaracağını, bununla da yeni klinik sınaqlara imkan verərək və erkən mərhələli sidik kisəsi xərçəngi xəstələrinə daha yaxşı müalicə seçimləri təqdim edərək klinik nəticələri yaxşılaşdıracağını proqnozlaşdırırlar.
Mark Fondu Endeavor Mükafatları haqqında
Mark Fondunun rəhbərliyi ilk Endeavor Mükafatlarını alacaq komandaları seçərkən xərçəng tədqiqatlarındakı mühüm sualları araşdırmağa başlamaq üçün tədqiqatçıları bir araya gətirən çoxsahəli, birgə layihələr axtardı. Bu layihələr nəticədə xərçəngli insanların həyatında mühüm yaxşılaşmalar yaratmaq potensialı olan problemləri araşdırır.
Endeavor Mükafat proqramının məqsədlərindən biri nəticədə Mark Fondu tərəfindən maliyyələşdirilə biləcək daha böyük layihələrə yol aça bilən tədqiqat layihələrinin təməlini qoymaqdır.
Cleary, "Bu ilk qalibləri seçərkən digər mənbələr tərəfindən maliyyələşdirilməyəcək layihələr axtardıq" deyir. “Bu proqramla daha çox risk etməyə və gözəl ideyaları olan alimlərlə birlikdə çalışmağa hazırıq. Maliyyələşdirdiyimiz alimlərin irəliləmək və bunu daha sürətli etmək üçün ehtiyac duyduqları bütün resurslara sahib olmasını təmin etmək istəyirik."
Növbəti Endeavor Mükafatları üçün Niyyət Məktubları Onlayn Portalı açılıb. Niyyət məktubları 1 martda təqdim ediləcək. Daha çox məlumat üçün www.themarkfoundation.org/endeavor ünvanına baxın.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.