Xərçəngli şəxslərdə depressiyaya yüngül yanaşılmamalıdır

Depressiya yeniyetməlikdən sonrakı yaşlarda ümumi əhalinin %7.6-na təsir edir və xərçəng daxil olmaqla başqa xroniki xəstəlikləri olan şəxslərdə daha yüksək göstəricilərlə müşahidə olunur. Depressiya yaşayan xərçəngli şəxslərdə yuxu, iştaha kimi fiziki problemləri də artırdığı üçün xərçəng müalicəsi prosesi və müalicənin yan təsirləri ilə birlikdə daha da çətin ola bilər. Həmçinin xərçəngli şəxslərin yaşam müddətinə təsir etdiyinə dair araşdırmalar mövcuddur.
2009-2017-ci illər arasında xərçəng xəstələrində depressiya ilə yaşam müddəti arasındakı əlaqənin araşdırıldığı tədqiqatlar nəzərdən keçirildi. Tədqiqatçılar ağciyər, süd vəzi, baş-boyun və kolorektal xərçənglər daxil olmaqla depressiya riski daha yüksək olan xərçəng növlərini araşdıran tədqiqatlara diqqət yetirmişdir.
Seçilmiş tapıntılar belə ümumiləşdirilmişdir;
- Ağciyər xərçəngi olan 1790 xəstə müşahidə araşdırmasında depressiya şkalalarından biri ilə qiymətləndirildi. Ölüm (mortalite) göstəricilərinin depressiya əlamətləri olan erkən mərhələli ağciyər xərçəngi xəstələrində 1.7 dəfə, irəliləmiş mərhələli xəstələrdə 1.3 dəfə artdığı müəyyən edildi. Bu xəstələrin izlənməsində depressiya əlamətləri yüngülləşən və ya yox olanların ölüm göstəricilərinin heç depressiya əlaməti yaşamayan xəstələrlə oxşar olduğu görüldü. Bu nəticə xərçəng xəstələrində depressiya müalicəsinin əhəmiyyətini göstərir.
- 2017-ci ildə aparılan başqa araşdırmada baş-boyun xərçəngli 3466 xəstədə depressiyanın 5 illik sağqalım göstəricilərinə təsirləri qiymətləndirildi. Araşdırma müddətində xəstələrin % 18.5-nə depressiya diaqnozu qoyuldu. Bu araşdırmanın nəticəsində də xərçəng diaqnozundan əvvəl və ya sonra depressiya diaqnozu alan xərçəng xəstələrinin ölüm riskinin depressiya diaqnozu almayanlardan yüksək olduğu ortaya çıxdı.
Xərçəngli şəxslərdə depressiya ümumi əhali ilə müqayisədə 3-4 dəfə çoxdur. İrəliləmiş (4-cü) mərhələ xərçəngi olan, sosial dəstəyi az olan, əvvəllər depressiya və ya başqa psixiatrik xəstəlik tarixçəsi olan xəstələrdə bu risk daha çoxdur. Depressiya həyat keyfiyyətinə və müalicəyə uyğunlaşmaya mənfi təsir edə və daha pis sağqalım göstəricisi ilə əlaqəli ola bilər.
Xərçəng xəstələrinin depressiyası psixiatrik dərmanlarla və/və ya psixoloji dəstəklə müalicə edildikdə xəstələrin ümumi sağlamlıq vəziyyəti və yaşam müddəti üçün daha yaxşı nəticələr alındığı göstərilmişdir. Xərçəng xəstələrində depressiyanın əlamət və tapıntılarının fərqində olmaq çox mühümdür. Çəki itkisi, yuxu rejimində dəyişikliklər, iştahasızlıq və enerji çatışmazlığı kimi əlamətlər depressiyası olmayan xərçəng xəstələrində də müalicənin yan təsirləri ilə yarana bilər və buna görə bu əlamətlər yanlışlıqla yalnız xərçəngin və ya müalicənin bir hissəsi kimi yozula bilər. Buna görə xəstələrin özlərinin fərqində olması və yaxınlarının da diqqətli olması tövsiyə olunur.
Mənbələr
Effect of treating depressive disorders on mortality of cancer patients.
Cureus. 2017.
2. Sullivan DR, Forsberg CW, Ganzini L, et al.
Longitudinal changes in depression symptoms and survival among patients with lung cancer: a national cohort assessment.
J Clin Oncol. 2016.
3. Rieke K, Schmid KK, Lydiatt W, Houfek J, Boilesen E, Watanabe-Galloway S.
Depression and survival in head and neck cancer patients.
Oral Oncol. 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.