Zika virusu beyin şişi GBM-nin müalicəsində istifadə edilə bilərmi?

Molekulyar genetikanın inkişafı ilə xərçəngə qarşı təsirli müalicələr hazırlanmağa başlanmışdır. Bu üsullardan biri də onkolitik virus peyvəndləridir. Son vaxtlar onkolitik virus araşdırmaları artırdı. Bu sahədə bəlkə də ən maraqlı tədqiqat sentyabr 2017-də Journal of Experimental Medicine adlı elmi jurnalda dərc edildi. Tədqiqata görə Zika virusu, beyin şişi glioblastomanın (GBM) müalicəsində təsirli ola bilər.
Zika virusu nədir?
Zika virusu mərkəzi sinir sisteminə təsir edən, ağcaqanadlarla yoluxan, tibbi baxımdan mühüm RNA virusudur. Xüsusilə hamilə qadınlar üçün çox təhlükəlidir. Zika virusu ilə yoluxmuş hamilə qadınlarda düşük riski çox yüksəkdir. Eyni zamanda körpələrində mikrosefaliya (anormal kiçik baş quruluşu) kimi nevroloji problemlər görülür.
Zika virusu qan-beyin baryerini aşaraq inkişaf edən beyindəki sinir kök hüceyrələrini hədəfləyib məhv edir. Tədqiqatçılar virusun bu xüsusiyyətinin beyin şişlərinə qarşı istifadə edilib-edilməyəcəyini laboratoriyada hüceyrə və siçan modellərində sınamışlar.
Marağınızı çəkə bilər:
Tədqiqatın nəticələrinə görə;
- Laboratoriyada Zika virusunun insan glioblastoma kök hüceyrələrini məhv etdiyi müşahidə edilmişdir.
- Eyni zamanda glioblastoma siçan modellərində də zika virusu sınanmışdır. Zika virusu yeridilən siçanların daha uzun yaşadığı müşahidə edilmişdir.
- Tədqiqatçılar virusu sağlam şəxsdən alınmış beyin hüceyrələrində də sınamışlar. Zika virusu bu hüceyrələri yoluxdurmamışdır. Bu, zikanın niyə yetkinlərdə çox nadir problem yaratdığını izah edir.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Xərçəngə qarşı yeni onkolitik virus təsvir edilmiş oldu. Gen mühəndisliyi texnologiyasının məhsulu və xərçəng immunoterapiyası növü olan onkolitik virus peyvəndləri hədəfə yönəlmiş xərçəng müalicələrindəndir. İndiyədək klinik istifadə təsdiqi almış yalnız bir onkoloji virus peyvəndi vardır: dəri xərçəngi bədxassəli melanoma üçün Lmlygic (talimogene laherparepvec). Bundan başqa FDA təsdiqli daha 1 müalicəedici xərçəng peyvəndi vardır: prostat xərçəngi üçün dendritik hüceyrə peyvəndi Provenge (Sipuleucel-T). Molekulyar genetik texnikalar inkişaf etdikcə klinikada istifadə olunan onkolitik virus peyvəndlərinin sayı artacaq.
- Xüsusi vurğulamaq lazımdır ki, bu tədqiqatın nəticələri laboratoriya analizlərinin ilkin məlumatlarıdır. Virusun siçandakı xərçəng modellərində təsir göstərməsi insanlarda da eyni təsiri göstərəcəyi demək deyil. Həmçinin zika virusunun insanlara və siçanlara fərqli təsir etdiyini bilirik. Əlavə tədqiqatlarla virusun insan beyin şişi glioblastoma hüceyrələrinə təsiri anlaşılacaq.
- Bununla yanaşı, zika virusunun bu halıyla xərçəng müalicəsində istifadəsi təhlükəsiz deyil. Zika virusunun yetkinlərdə ciddi sağlamlıq problemi yaratmadığı bilinsə də, bu virus ağcaqanadlar və cinsi əlaqə ilə yoluxa bilər. Buna görə müasir genetik texnikalarla zika virusunun genetik quruluşu dəyişdirilərək xəstəlik yaradan xüsusiyyətinin aradan qaldırılması hədəflənir.
Mənbələr
Zika virus has oncolytic activity against glioblastoma stem cells
Journal of Experimental Medicine Sep 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.