İmmunoterapiya və ondan sonrası: xərçəng peyvəndi

Bu məqalədə
Bu yazımızda xərçəng müalicələrində böyük ümid vəd edən yeni müalicələri araşdıracağıq. Xərçəngdə yeni müalicə deyiləndə son illərdə ilk olaraq immunoterapiya yada düşür. İmmunoterapiyanı bir cümlə ilə izah etsək, “immun sistemimizin xərçəngi müalicə etmək üçün istifadəsidir”. Xərçəngdə immunoterapiyanı 3 başlıq altında toplaya bilərik. Bunlar immun nəzarət mexanizmi inhibitorları (checkpoint inhibitors), xərçəng peyvəndləri və adoptiv (qazanılmış) T hüceyrə müalicələridir.
Son 20 il xərçəngdə hədəfə yönəlmiş ağıllı molekulların kəşfi, hazırlanması və istifadəsi ilə keçdi. Bu qrup dərmanlar onkologiya praktikasında çox şey dəyişdirdi, milyonlarla xəstənin həyatına töhfə verdi və verməyə davam edir. Lakin bu sahə inkişafını tamamladı və əldə edilən uğur qrafiki üfüqi vəziyyətə keçdi. Məhz bu nöqtədə yeni kəşf edilmiş immun müalicələr hamımızı həyəcanlandırdı. Daha da ötəsi, qarşıdakı dövrdə sizə tanıdacağımız müdafiə sistemini hədəfləyən müalicələrin həm öz aralarında, həm də hədəfə yönəlmiş müalicələrlə kombinasiyalarının xərçəng müalicəsi sahəsində uğuru daha irəli aparacağı şübhəsizdir.
Gəlin bu həyəcanverici inkişafları birlikdə nəzərdən keçirək.
İlk olaraq xərçəng peyvəndlərini və bu mövzuda son inkişafları araşdıracağıq.
Xərçəngdə peyvənd müalicəsi
Onkolitik virus peyvəndləri
Xərçəngə bağlı həyat itkilərinin əsas səbəbi xərçəng hüceyrələrinin başqa toxuma və orqanları “işğal” etməsidir. Bu vəziyyətə metastaz deyilir. Son tədqiqatlara görə metastazın xərçəngdən ölümlərin 90 faizinə cavabdeh olduğu bildirilmişdir. Metastaz vermiş, yəni dördüncü mərhələli xərçənglərdə istifadə olunan müalicələrin uğurunun arzulanan səviyyədə olmaması və müəyyən yan təsirlərə səbəb olması tədqiqatçıları yeni xərçəng müalicələri hazırlamağa yönəltmişdir.
Son illərdə xərçəng peyvəndləri böyük populyarlıq qazanmış və bir çox dərman şirkəti bu mövzuda araşdırmalarını intensivləşdirmişdir. Bu baxımdan xərçəng peyvəndlərini iki qrupa ayıra bilərik: Bunlar;
- Müalicə məqsədli olanlar və
- Qoruyucu xərçəng peyvəndləridir.
Müalicə məqsədilə hazırlanan xərçəng peyvəndləri xərçəng hüceyrəsinə qarşı güclü immunitet yaradaraq və ya genetik texnikalarla dəyişdirilmiş viruslarla xərçəng hüceyrəsini öldürməyi hədəfləyir. Qoruyucu peyvəndlər isə onkovirus adlandırılan, xərçəng yaradan viruslara qarşı immunitet təmin edir.
Müalicə məqsədilə hazırlanan xərçəng peyvəndlərinin əsas iş prinsiplərindən biri “viruslar” istifadə edərək xərçəng hüceyrələrinin aradan qaldırılmasıdır. Bu peyvəndlərin hazırlanmasında istifadə olunan viruslar onkolitik virus adlandırılır. “Onkolitik” sözünün mənası şişi məhv edən şəklindədir. Bu məqsədlə bu viruslar yalnız xərçəng hüceyrəsini hədəfləyir və onları məhv edir. Genetik texnikalarla dəyişdirilmiş virus normal hüceyrəyə daxil olduqda hər hansı zərərə səbəb olmur.
Lakin xərçəng hüceyrələrində hüceyrənin daxilinə girərək çoxalır və xərçəng hüceyrəsini partladaraq ölümünə səbəb olur. Son vaxtlar xərçəng müalicəsi sahəsində bir çox onkolitik virus peyvəndi hazırlanmışdır. Bunların çoxu hələ klinik tədqiqat səviyyəsindən gündəlik praktik tətbiqimizə keçə bilməmişdir. Bütün xərçəng növləri üçün hazırlanmış tək onkolitik virus peyvəndi yoxdur. Aşağıda klinik tədqiqatları hələ davam edən, lakin yaxın zamanda təsdiq alması gözlənən onkolitik virus peyvəndlərini araşdıra bilərsiniz.
-Talimogene laherparepvec (T-VEC, OncoVEX): melanoma dəri xərçənginin müalicəsində faza-3 tədqiqatları davam edir.
-Reolysin:, baş və boyun xərçənglərinin müalicəsində faza-3 tədqiqatları davam edir.
-dl1520 (ONYX-015): baş və boyun xərçənglərinin müalicəsində faza-3 tədqiqatları davam edir.
Hazırda xərçəng sahəsində FDA (Amerika Dərman və Qida İdarəsi) təsdiqi almış onkolitik virus peyvəndi yoxdur. Bu peyvəndlərlə bağlı əsas narahatlıq uzunmüddətli təsirlərinin hələ araşdırılmamasıdır. Lakin son tədqiqatlar ümid verir. Bir çox araşdırma bu peyvəndlərin kimyaterapiya və ya radioterapiya ilə birlikdə tətbiqinin effektivliyini artırdığını göstərmişdir.
2015 ilində Amerika Onkologiya Cəmiyyətinin (ASCO) konqresində dərc olunan tədqiqat residiv vermiş qlioblastoma (GBM, ən aqressiv beyin xərçəngi növü) xəstələri üçün ümidverici nəticə ortaya qoydu. Bu tədqiqatda polio virusu dəyişdirilərək GBM hüceyrələri hədəflənmişdir. Tədqiqat nəticəsində residiv vermiş beyin xərçəngi xəstələrində şiş hüceyrələrinin öldüyü müşahidə olunmuş və xəstələrin 24 faizində median ömür müddəti bu xəstəlik üçün olduqca yaxşı müddət olan 24 ay kimi müşahidə edilmişdir. Araşdırmanı ətraflı izah etsək, xüsusilə beyin şişi hüceyrələrinin səthində Nec5 adlı molekulun çox miqdarda olduğu müəyyən edilmişdir. Bu molekul xalq arasında uşaq iflicinə səbəb olan polio virusu üçün reseptor rolunu oynayır. Yəni polio virusu Nec5 molekulu olan hüceyrələri tanıyır. Alimlər Nec5 molekulunun yalnız şiş hüceyrələrində daha çox olmasının hədəfə yönəlmiş xərçəng müalicəsində istifadə edilə biləcəyini düşünmüş və poliovirusu xərçəng müalicəsində istifadə etməyi sınamışlar. Lakin bu virus mərkəzi sinir sistemi hüceyrələrini (beyin sinir hüceyrələrini) də hədəfləyərək zərər verə bilir. Bunun qarşısını almaq üçün polio virusunun sinir sisteminə təsiri genetik texnikalarla əngəllənə bilər. Genetik üsullarla dəyişdirilmiş polio virusu xəstəyə tətbiq olunur. Bu tip araşdırmalarda əsas problemlərdən biri də xəstənin immun sisteminin virusa qarşı reaksiya verməsidir. Son illərdə aparılan tədqiqatlar virusları daha zərərsiz hala gətirərək xəstənin bu müalicəedici viruslara qarşı immunitetini azaltmağa yönəlmişdir.
Marağınızı çəkə bilər: İmmunoterapiyalar və xərçəng peyvəndi
Mənbələr
Oncolytic viruses
Investigational New Drugs 17(4): 375–86.
Russell SJ, Peng K-W, Bell JC.
Oncolytic virotherapy.
Nature biotechnology. 2012;30(7):10.1038/nbt.2287. doi:10.1038/nbt.2287.
Annick Desjardins
Oncolytic Polio/Rhino Virus Recombinant against Recurrent Glioblastoma:Optimal Dose Determination,2015,Duke Neuro Surgery,ASCO
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.