2017 ABŞ xərçəng statistikası və düşündürdükləri

Xərçəng nisbətləri qarşısıalınmaz şəkildə artırmı? Xərçəng həqiqətən dövrün vəbasıdırmı? Xərçəng ölümün aparıcı səbəblərindən biri olsa da, son illərdə sağlam həyat tədbirləri görən bəzi inkişaf etmiş ölkələrdə xərçəng tezliyinin əhəmiyyətli azaldığı görünür. Belə ki, 2017 ABŞ Xərçəng Statistikası hesabatına görə bütün xərçənglərdən ölüm nisbəti son 25 ildə % 25 azalıb.

Xərçəngə bağlı ölüm nisbətləri ABŞ-da 1991-ci ildə zirvəyə çatıb və o vaxtdan hər il % 1-2 azalıb.
Siqaret istifadəsinin azalması ilə yanaşı qorunma (məsələn, hepatit və HPV peyvəndləri), erkən diaqnoz (mammoqrafiya və kolonoskopiya kimi xərçəng skrininqləri) və müalicədəki inkişafların nəticəsi olan bu azalma sayəsində təkcə ABŞ-da təxminən 2 milyon ölümün qarşısı alınıb.
Siqaretin ilk növbədə ağciyər olmaqla bir çox xərçəngə səbəb olduğu 1960-cı illərdə aydın ortaya qoyulub. Bu tarixdən sonra tütünlə mübarizə dünyanın hər yerində fərqli intensivliklə aparılıb. Aşağıdakı şəkil siqaret kimi ətraf mühit mənşəli xərçəng amilinə məruz qaldıqdan illər sonra xərçəngə tutulma nisbətinin necə kəskin artdığını göstərən yaxşı nümunədir.

Şəkildə göründüyü kimi kanserogen maddəyə məruzqalma həqiqi təsirini onilliklər sonra ortaya qoyur. Bənzər təhlükənin piylənmə üçün də mövcud olduğunu və qarşıdakı illərdə xərçənglə mübarizəmizə kölgə salacağını düşünürük.
2017 ABŞ xərçəng statistikasının bizə nə dediyinə qayıtsaq;
Araşdırmaya görə 2017-ci ildə ABŞ üzrə diaqnoz qoyulacaq yeni xərçəng sayının 1.688.780 olacağı və bunun gündə 4600-dən çox yeni xərçəng diaqnozu demək olacağı təxmin edilir. Ölkəmiz üçün illik yeni xərçəng sayı isə təxminən 160 mindir.
Qadınlarda ölümlə nəticələnmə ehtimalı ən yüksək xərçənglər ağciyər xərçəngi ilə yanaşı süd vəzi və yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəngləridir.
Kişilər üçün ölümün ən geniş yayılmış səbəbi yenə ağciyər, yoğun bağırsaq və prostat xərçəngləridir.

Bu dörd xərçəng (ağciyər, süd vəzi, yoğun bağırsaq və prostat) xərçəngə bağlı bütün ölüm hallarının % 46-sını təşkil edir və bunun dörddə birindən çoxu (% 26) ağciyər xərçəngidir.
Ağciyər xərçəngi statistikası
Maraqlıdır ki, ağciyər xərçəngi tezliyinin azalması kişilərdə qadınlardakından demək olar iki dəfə çoxdur. Səbəb qadınların indiki zamana daha yaxın illərdə çox siqaret çəkməyə başlaması və daha yavaş tərgitməyə meyilli olması ola bilər.

2017-ci ildə qadınlarda yeni xərçəng diaqnozlarının təxminən % 30-unu süd vəzi xərçənginin təşkil etməsi gözlənilir.
Həmçinin kolorektal xərçəng tezliyində dəyişikliklər kişilər və qadınlarda çox oxşardır; 2004 ilə 2013-cü illər arasında ildə % 3 azalır. Kolorektal xərçəng nisbətinin sürətli azalmasının skrininqdən keçən şəxslərin artması və varsa əvvəlcədən xərçəngli poliplərin eyni vaxtda çıxarılması ilə bağlı olduğu düşünülür. Əslində, 50 yaş və yuxarı böyüklərdə kolonoskopiya istifadəsi 2000-ci ildə % 21 olduğu halda 2015-ci ildə % 60-a yüksəlib. Əksinə, gənclərdə kolorektal xərçəng tezliyi ildə təxminən % 2 artıb. Gənclərdə yoğun bağırsaq xərçəngi nisbətinin artma səbəblərindən birinin artan piylənmə nisbəti olduğu düşünülür.
Qaraciyər xərçəngi artmağa davam edir
Qaraciyər xərçəngi qadınlarda ildə % 3, kişilərdə ildə % 4 artır. Hepatit B-yə qarşı təsirli peyvənd olsa da, hepatit C-yə qarşı peyvənd hazırlana bilməməsi, alkoqol istehlakının azalmaması və piylənməqaraciyər xərçəngi tezliyinin artma səbəbləri kimi görünür.
Xərçəng rəqəmlərinin kişi və qadınlarda fərqli olması
Ümumi xərçəng tezliyi kişilərdə qadınlardan təxminən % 20 çox, xərçəngə bağlı ölüm nisbəti isə kişilərdə % 40 yüksəkdir. Bu fərqin səbəblərindən biri daha çox ölümə səbəb olan xərçənglərin (qida borusu, qırtlaq, sidik kisəsi və melanom) kişilərdə daha çox görünməsidir.
Mədəaltı vəzi xərçəngində sağqalım nisbəti hələ zəifdir
Mədəaltı vəzi xərçəngi üçün 5 illik sağqalım nisbəti təxminən %8-dir və son illərdə bu xərçəng növündə nəzərəçarpan inkişaf olmayıb. Bu pis sağqalım göstəriciləri əsasən mədəaltı vəzi xərçəngli xəstələrin ən azı % 50-sinə irəliləmiş mərhələdə diaqnoz qoyulmasından qaynaqlanır. Həmçinin mədəaltı vəzi orqanımızın yerləşməsi və xərçənginin biologiyası səbəbindən müalicəsi müxtəlif çətinliklər ehtiva edir.
Uşaqlar və yeniyetmələrdə xərçəng nisbəti də son illərdə sabitləşmiş görünür. Əslində, həm uşaqlarda, həm yeniyetmələrdə bütün xərçənglər üçün sağqalım nisbəti 2006 və 2012-ci illər arasında % 80-dən yuxarı çıxıb; lakin sağqalım nisbətləri diaqnoz zamanı xərçəng növünə və yaşa görə böyük fərq göstərir.
Xərçəngdən qorunmağa əhəmiyyət verməliyik
Dünyada həqiqətən yetərsiz qaldığımız işlərdən biri xərçəngin qarşısını alma səyləridir. Xərçəngin erkən diaqnoz skrininq proqramlarına və müalicəsinə diqqət yetirildikdə xərçəngdən qorunmaq üçün edilməli olanlar nəzərdən qaçır. Sağlam qidalanma, idman, siqareti tərgitmə və peyvənd mövzularında insanları həvəsləndirməyə daha çox vurğu edə bilərik.
Ölkəmiz üçün aktual xərçəng statistikası dərc edildikdə şərhini sizinlə paylaşacağıq.
Mənbələr
Cancer Statistics, 2017.
CA Cancer J Clin. 2017 Jan 5. doi: 10.3322/caac.21387
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.