Yoğun bağırsaq (kolon və düz bağırsaq) xərçəngi niyə gəncləri hədəfləyir?

Yoğun bağırsaq (kolorektal) xərçəngləri yaşlılarda çox görülən xəstəlik sayılsa da, indi 50 yaşdan gəncləri hədəflədiyi müşahidə olunur. Bəzən hətta ilk skrininq kolonoskopiyası üçün tövsiyə edilən yaşdan onilliklər əvvəl.
Kolonoskopiya (yoğun bağırsağın ucunda kiçik kamera olan elastik boru ilə görüntülənməsi), nəcis testləri daxil skrininqlər və müşahidə proqramlarının tezliyi sayəsində son illərdə 50 yaş və yuxarı insanlarda kolorektal xərçəngin tezliyi və ölüm nisbətləri azalır. Lakin inkişaf etmiş ölkələrdə 50 yaşdan aşağı tezlik çox sürətlə artır və səbəbləri hələ anlaşılmayıb.
Statistikaya görə 1992-2005 illərində Amerikada hər il kolorektal xərçəng tezliyinin hər 100.000 gəncdə kişilərdə 1.5%, qadınlarda 1.6% artdığı müəyyən edilmişdir. Daha geridə, 1973-1999 illərində gənclərdə kolon (17%) və düz bağırsaq xərçəngi (75%) tezliyi yüksəlmişdir.
Həmçinin gənc kolorektal xərçəng xəstələrində ölüm nisbətinin yüksəkliyi gec mərhələli diaqnozdan qaynaqlanır. Bir tədqiqatda diaqnoz qoyulan 50 yaş və aşağı gənclərin %86-sında xəstəliyin artıq müxtəlif əlamət və şikayətlər yaradan simptomatik mərhələdə olduğu müəyyən edilmişdir.
Gənclərdə kolorektal xərçəngin irəliləmiş mərhələdə diaqnozu narahatlıq doğurur. Gənclər əlamətləri həmişə anlamır. Həkimlər də bu yaşda ehtimalın aşağı olduğunu düşünür və müalicə gecikə bilər. Belə ki, gənc halların təxminən 15%-50%-ində ilk diaqnoz yanlış olur. Buna görə onların əsas xüsusiyyətlərinə dair araşdırmalar dəstəklənməli, insanlar və həkimlər maarifləndirilməlidir.
Əvvəl həkimlər irsi hallarda, xüsusən Lynch sindromu olan gənclərdə kolorektal xərçəng görüldüyünü düşünürdülər. İndi isə gənc xəstələrin 75%-dən çoxunda ailəvi xəstəlik olmadığı və irsi (hereditar) olmadığı məlumdur. Üstəlik Lynch sindromu kolonun sağındakı şişlərlə bağlı ikən irsi olmayan gənc xərçənglər kolonun solunda və düz bağırsaqda yaranır. Bu da gənclərdə irsi olmayan kolorektal xərçəngin bioloji cəhətdən çox fərqli olduğunu göstərir.
Bu xərçənglərin özünəməxsus biologiyasını araşdıran bəzi mütəxəssislər kolon xərçənginin hamı üçün eyni olmadığını, eyni orqanda yaransa da, şişin öz genetik imzası olduğunu bildirirlər.
Bu mürəkkəbliyi araşdırmaq üçün təxminən 5000 xəstənin şişlərinin genetik profili yoxlanılmışdır. Şiş fərqləri gənc və yaşlılarda ayrı təsvir edilmişdir. Nəticələr gözlənilir.
Bütün məlum amillərdən əlavə mütəxəssislər erkən yaşda tezlik artımına təsir edə biləcək başqa amilləri araşdırır. 50 yaşdan gənclərin epidemioloji məlumatları bəzi meylləri önə çıxarmışdır. Son 30 ildə gənclərdə artan piylənmə və şəkərli diabet nisbəti ilə paralel eyni yaşda kolorektal xərçəng də artmışdır. Piylənmə və diabetin həqiqətən səbəb olub-olmadığı sorğulansa da, paralel artım diqqətdən kənarda qala bilməz.
Şirin içki istehlakının artması və süd məhsullarının (qoruyucu kalsium) azalması da tezliyi artıran amil ola bilər. Buna görə gənclərdə diqqətli, sağlam qidalanma tək diabeti deyil, kolorektal xərçəng riskini də azaldacaq.
Mənbələr
Cynthia J. Gordon, PhD. January 20, 2016
https://www.medscape.com/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.