2017 Vizyoner Lider Mükafatını ifosfamid və timus xərçəngi tədqiqatları ilə Dr. Loehrer qazandı

Bu məqalədə
Dr. Patrick J Loehrer Ifosfamid adlı dərman və nadir timus vəzi xərçəngi üzərindəki tədqiqatları ilə Amerika Klinik Onkologiya Cəmiyyətinin — ASCO-nun 2017-ci il Allen S. Lichter Vizyoner Lider Mükafatını qazanmağa layiq görülüb.
“Allen S. Lichter Vizyoner Lider Mükafatı” onkologiyada inqilabi irəliləyişlərə imza atan və ya onkologiyada liderliyi və uzaqgörənliyi ilə insanlara ilham verən şəxslərə verilir. Bu mükafat ilk dəfə bu il verilir.
Ifosfamid nədir?
Ifosfamid (ticarət adı Holoxan) xərçəng hüceyrəsinin DNA quruluşunu pozaraq çoxalmasını əngəlləyən kimyaterapiya dərmanlarındandır. Eyni zamanda immun sistemini basdıran təsiri var. Ifosfamid hazırda limfoma, yumşaq toxuma sarkoması və irəliləmiş mərhələli süd vəzi, xaya, yumurtalıq, mədə və ağciyər xərçənginin müalicəsində istifadə edilir. Dr. Loehrerin ifosfamidlə xaya və mədəaltı vəzi xərçəngi üzərində apardığı tədqiqatlar dərmanın Amerika Qida və Dərman İdarəsi FDA-dən təsdiq almasına mühüm töhfə verib.
Həyatına istiqamət verən məcburi seçim
Dr. Loehrer Rush Medical College-da tibb tələbəsi ikən onkologiya seçmək niyyətində deyildi. Təhsilinin 4. ilinin əvvəlində seçmə fənn olaraq yalnız hematologiya/onkologiya seçilə bilirdi. Bu məcburiyyət ona xaya xərçəngli xəstələrdə platin müalicəsinin istifadəsində öncül Dr. Lawrence Einhornla tanış olmaq şansı vermişdi.
Dr. Loehrer: “Dr. Lawrence ilə tanış olanadək gördüyüm xərçəngli xəstələr müalicə edilə bilmir, həyatlarını itirirdi. Dr. Lawrence xaya xərçəngli gənc xəstələri sağalda bilirdi. Sonra ona: ‘Qərarımı verdim, həyatımın qalan hissəsində etmək istədiyim budur, onkologiyanı seçib səninlə işləmək istəyirəm’ dedim.”
Tibb fakültəsini bitirdikdən sonra Dr. Loehrer Indiana Universitetinin Onkologiya bölməsinə qoşulub və hələ də orada işləyir.
Onkologiya bölməsinə başlayanda Dr. Lawrence və dostu Dr. Stephan D. Williams xaya xərçəngi üzərində fəal işləyirdilər. Dr. Loehrer isə mədəaltı vəzi xərçəngində yeni müalicə seçimləri üzərində işləməyə başlamışdı. Dr. Williams Dr. Loehreri Misirdə ifosfamid barədə aparılmış yeni tədqiqata yönəltdi. Bundan sonra apardığı tədqiqatlarda Dr. Loehrer ifosfamidlə mədəaltı vəzi xərçəngində uğurlu nəticələr əldə etdi. Bu uğurlu nəticədən ilhamlanan Dr. Loehrer platinli kimyaterapiyaya cavab verməyən və ya xəstəliyi təkrarlanmış xaya xərçəngli xəstələrdə Mesnanı (ifosfamid və siklofosfamidin yan təsirlərinə qarşı istifadə edilən dərman) sınadı və uğurlu nəticələr aldı.
“Bir gün Larry (Dr. Lawrence) məqalə klubumuza [bu müalicəni alan] ilk xəstənin rentgeni ilə gəldi. Şişin kiçildiyini göstərmişdilər. Ifosfamid işə yaramışdı. Larrynin üz ifadəsi mənə bacardığımı deyirdi. Mənim üçün mənəvi baxımdan inanılmaz dəyərli an idi və bu an karyeramın dönüş nöqtəsi oldu.”
Digər tədqiqatlar
Dr. Loehrer Ifosfamid barədəki tədqiqatlarla kifayətlənməyib, həmçinin nadir timus vəzi xərçəngi barədə tədqiqatlar aparıb. Bununla yanaşı, hazırda dünyada 300-dən çox bölgədə fəaliyyət göstərən Hoosier Xərçəng Araşdırma Şəbəkəsinin qurucusudur. Dr. Loehrer bu şəbəkəni onkologiya icmalarının araşdırma və klinik tədqiqatlarla daha çox məşğul olması üçün yaradıb. Dr. Loehrer hazırda Keniyadakı xərçəng xəstələri üçün müalicə və tədqiqat proqramında işləyir.
Keniyadakı xərçəng xəstələri üçün ümid olmaq
Dr. Loehrer Keniyadakı işləri barədə bunları deyir:
“[Keniyadakı proqrama] ilk qoşulduğumda oradakı xəstə qayğısı çox pis vəziyyətdə idi. Xəstələr xərçəng növündən asılı olmayaraq yerli aptekə gedir və orada hansı kimyaterapiya dərmanı varsa, onu alırdılar.”
Son on il ərzində bu proqram böyük irəliləyişlər əldə edib. Proqram çərçivəsində tikilmiş xərçəng mərkəzində dörd radiologiya mərkəzi, kimyaterapiya mərkəzləri, radiasiya onkoloqları, qadın xəstəlikləri onkoloqları və bir tibbi onkoloq var. Sözügedən xərçəng mərkəzinə hər il təxminən 8000 xəstə müraciət edir. Bundan əlavə, bu mərkəzdə təxminən 60 min qadına süd vəzi və uşaqlıq boynu xərçəngi skrininqi aparılıb.
Dr. Loehrerin Ifosfamid və Keniyadakı xərçəng xəstələri üzrə işləri təqdirəlayiqdir və bütün gənclərimiz üçün ilham mənbəyi olmalıdır. Dr. Loehrer kimi dəyərli alimlərdən ilham almaq ölkəmizdə elmin inkişafına mühüm töhfə verəcək.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.