2021-in populyar 9 fitnes tendensiyası

2020-ci ildə pandemiyanın həyatımıza daxil olması ilə bir çox başqa şey kimi idman vərdişlərimiz də dəyişdi. Evdən çıxa bilmədiyimiz və gündəlik hərəkətimizi belə edə bilmədiyimiz bu dövrdə məşqə ehtiyacımız artdı. Heç idman etməyən bir çox şəxs özünə uyğun rutin yaratdı. Müntəzəm idman edənlər isə mövcud rejimlərini dəyişməli oldular. Fərdi idman növləri ilə daha çox maraqlanmağa başladıq. Biz də pandemiyanın təsiri ilə dəyişən idman vərdişlərini və maraq göstərilən idman axınlarını sizin üçün topladıq.
Evdə idman sahəsi yaratmaq
Pandemiya zamanı evimiz istər-istəməz ən çox vaxt keçirdiyimiz yerə çevrildi. Ölkəmizdə idman zallarının məhdud xidmət göstərməsi və belə yerlərdə maska, məsafə və gigiyena qaydalarına əməl etməyin çətinliyi səbəbindən çoxları evdə idman etməyə başladı. Əlbəttə, bunu mənfi hadisə kimi şərh etmək lazım deyil. Amerikada OnePoll-un 2000 nəfərlə apardığı sorğuya görə insanların %75-i evdə idmanla formada qalmağın daha asan olduğunu bildirib. Eyni sorğudakıların %64-ü pandemiyanın əvvəlindən məşqə marağının artdığını söyləyib. Evinizdə az büdcə ilə qantel (əl ştanqı), müqavimət lenti, turnik və idman döşəkçəsi kimi vasitələr alaraq səmərəli idman sahəsi yarada bilərsiniz.
Az avadanlıqla idman etdirən mobil tətbiqlər
Müqavimət lenti və qantel kimi alətlər almaq istəmirsinizsə, idmana xərc lazım deyil deyirsinizsə, mobil tətbiqlər sizin üçün ən yaxşı seçim olacaq. Bir çox mobil tətbiqdən birini istifadə edərək və internetdə videolara baxaraq məşqçilərlə pulsuz məşq etmək mümkündür. Bu məşqlərin çoxu ya çox az avadanlıq tələb edir, ya da tamamilə bədən çəkisindən istifadə edir.
Evdə rahat idman sahəsi yaratmaq
Evdə yer problemi olmayan və idmana maddi sərmayə qoymaq istəyənlər qaçış lenti, çəkilər və velosiped alaraq kiçik idman sahəsi yarada bilərlər. Qaçış lenti və velosiped istehsal edən Peloton şirkətinin son məlumatlarına görə 2020-nin ilk rübündə bu alətlərin satışında %232 artım olub. (1)
- Əlaqəli mövzu: COVID-19 idman və fitnes zallarında necə çox asan yayılır? Hansı tədbirlər görülməlidir?
Məşqdən sonra bərpa
İdmandan kənar vaxtlarda da müəyyən vasitələrlə bədənin istirahətinə və inkişafına töhfə vermək olar. Həmçinin bu vasitələrlə performans artırıla bilər. Yuxunu və məşqi izləyən ağıllı cihazlar, qan dövranını yaxşılaşdırıb əzələ və vətər gərginliyini azaldan lentlər, daha yaxşı yuxu üçün istifadə edilən yataq növləri nümunələrdir. Çoxları bu yolla həm idmanın səmərəsini artırmaq, həm də idmandan kənar vaxtlarda daha yaxşı hiss etmək istəyir.
Geyilə bilən cihazlar
Son illərdə saat, üzük və kəmər kimi geyilə bilən texnoloji cihazlara maraq çox artıb. Bu cihazlarla yuxunuzun rejimi və keyfiyyəti, fiziki hazırlığınız və yandırdığınız kalori kimi göstəricilər ölçülür. 2022-ci ildə 900 milyondan çox insanın bu cihazları istifadə edəcəyi təxmin edilir. (3)
Zehin-bədən əlaqəsi
Eyni vaxtda həm zehni, həm də fiziki fəaliyyət etmək istəyirsinizsə, yoqa, pilates kimi fəaliyyətlər tam sizə uyğundur. Belə posturanı (ideal duruşu) və əzələ möhkəmliyini artıran məşqlərin zamanla məşq keyfiyyətini artırdığı və zehni tam məşqə yönəltdiyi söylənir. (4) Siz də həm gündəlik həyatın stressindən uzaqlaşmaq, həm bədəninizi işlətmək istəyirsinizsə, mobil tətbiqlərdən, internet videolarından və ya yoqa-pilates studiyalarının onlayn dərslərini satın alaraq yoqa və pilates məşqlərinizi edə bilərsiniz.
- Əlaqəli mövzu: Musiqi, meditasiya və yoqa: süd vəzi xərçəngində tamamlayıcı müalicələr dəstəklənməlidir
Virtual idman tədbirləri
Qrup dərslərinə onlayn qatılıb həm sosiallaşa, həm də inkişafınızı dostlarınızla paylaşa bilərsiniz. Eyni vaxtda çoxları ilə idman etmək həm rəqabət qabiliyyətinizi inkişaf etdirir, həm motivasiya verir. Sosial məsafə qaydaları bir müddət də davam edəcəyindən bu sektorun 2026-cı ilə qədər 30 milyard dollarlıq bazar həcminə çatacağı təxmin edilir. (5)
Hərəkət etdirən videooyunlar
Bədənə taxılan sensorlarla hərəkətinizi tanıyan videooyunları sınaya bilərsiniz. Beləliklə, həm əylənir, həm də əylənərkən hərəkət edirsiniz. Rəqs və idman növlərini ehtiva edən çoxlu oyundan birini zövqünüzə görə sınaya bilərsiniz. Bu oyunları onlayn olaraq dünyanın hər yerindən insanlarla eyni vaxtda və ya tək oynaya bilərsiniz.
Təkbaşına açıq havada edilə bilən idmanlar
Açıq hava olmadan idman edə bilmirəm deyirsinizsə, evinizin ətrafından da asılı olaraq çöldə idman seçə bilərsiniz. Əlbəttə, bu idmanları edərkən məsafə saxlamaq çox vacibdir. Qolf, velosiped və sörfinq sosial məsafə ilə edilə bilən idmanlardandır. Amerikada əldə edilmiş məlumatlara görə açıq havada velosiped sürmə son vaxtlar artıb və velosiped satışı %121 yüksəlib. Pandemiya olsa da, olmasa da, sağlam həyatda idmanın yeri mübahisəsizdir. Bu xüsusi dövrdə evdə qalmaqdan sıxılanlar üçün bu məsafəli idmanları vərdişə çevirmək fiziki və ruhi töhfə verəcək. (6)
- Əlaqəli mövzu: Velosiped və müntəzəm məşq immun sistemini yeniləyir
Mənbələr
2. https://www.canfitpro.com/blog/2020-fitness-trends/
3. https://www.statista.com/statistics/296565/wearables-worldwide-shipments/
4. Maximizing Muscle Hypertrophy: A Systematic Review of Advanced Resistance Training Techniques and Methods, Journal of Enviromental Research and Public Health- December 2019
5. Virtual/Online Fitness Market Size By Streaming Type (Live, On-Demand), By Session Type (Group, Solo), By Device Type (Smart TVs, Smartphones, Laptops, Desktops & Tablets, Others), By End-Use (Professional Gyms, Educational & Sports Institutes, Corporate Institutions, Individuals), Industry Analysis Report, Regional Outlook, Growth Potential, Price Trends, Competitive Market Share & Forecast, 2020 – 2026, September 2020
6. The NPD Group/ U.S. Retail Tracking Service/ Dollar Sales/ March 2020 vs. 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.