Alzheimerlə əlaqəli tau zülalı xərçəng riskində artımla əlaqələndirildi

Xərçəng çoxsaylı mürəkkəb genetik və epigenetik mexanizmlərin nəticəsində yaranır. Digər xəstəliklərdə meydana gələn mutasiyaların xərçəngləşməni tətikləyə biləcəyi məlum idi. May 2018-də Cancer Researchjurnalında dərc edilən tədqiqata görə, Alzheimer və frontotemporal lobar degenerasiya (FTLD) kimi nevroloji xəstələrdə meydana gələn tau mutasiyalarının xərçəng riskini artırdığı kəşf edildi.
Tau zülalları eukariot (insan, heyvan, bitki) hüceyrələrin skeletini təşkil edən mikroborucuqların normal işləməsini təmin edir. Tau zülalındakı pozuntular Alzheimer və digər demensiya (ağıl zəifliyi) növü olan frontotemporal lobar degenerasiya (FTLD) kimi xəstəliklərlə əlaqələndirilib.

Mutasiyalı tau zülalı mikroborucuqlara bağlana bilmir və hüceyrə skeleti pozulur. Bu, neyronların (sinir hüceyrələrinin) ölümü ilə nəticələnir. Eyni zamanda sərbəst tau zülalları sinir hüceyrələrində toksik quruluşlar yaradaraq sinir sisteminin funksiyasına mane olur. Tədqiqatlarda tau mutasiyalarının xromatin pozuntularına və xromosom anormallıqlarına səbəb olduğu kəşf edilib. Xromosom pozuntularının xərçənglərə səbəb olduğu da məlum idi.
Milanda Nevrologiya İnstitutunun tədqiqatçıları FTLD diaqnozlu 15 xəstəni və onlardakı 7 mutasiyanı təhlil etdilər. Xərçəng riskini təhlil etmək üçün tau mutasiyalı hər ailəni sağlam 3 ailə ilə uyğunlaşdırdılar. Nəticələrə görə tau mutasiyalı ailələrin yüzdə 15-ində xərçəng inkişaf etdiyi halda, sağlam ailələrin yalnız yüzdə 9-unda xərçəng yarandı. Ən maraqlı nəticə tau mutasiyası daşıyan ailələrin xərçəngə tutulma riskinin 3.72 qat çox olmasıdır.
Həmçinin bioinformatik təhlillərdə tau zülallarının DNA metabolizması və hüceyrə nəzarətində işləyən zülallarla əlaqəli olduğu aşkar edilib.
Bu tədqiqat bizim üçün nə ifadə edir?
- Xərçəng riskini müəyyən edən daha bir mutasiya kəşf edildi. Əlavə genetik təhlillərlə təsdiqlənərək bu mutasiyanı daşıyan şəxslərdə risk planlaşdırılması edilə bilər.
- Xüsusi vurğulamaq lazımdır ki, bu tədqiqatın müəyyən məhdudiyyətləri var. Daha çox xəstə və əlavə genetik təhlillərlə bu hal tam təsdiqlənməlidir.
Mənbələr
Tau mutations serve as a novel risk factor for cancer.
Cancer Research, May 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.