Carrie Buckın sonsuzlaşdırılması 1927 – Evgenika

Evgenika sağlam olmayan dölləri ayırıb sağlam döllər yetişdirməyin yollarını axtaran, elmiliyi mübahisəli sosial cərəyan və ya sosial fəlsəfədir. Evgenik tətbiqlər genetik qüsurlu və ya arzuolunmaz xüsusiyyətlərə malik insanların çoxalmasının qarşısını alaraq və üstün olduğuna qərar verilənlərin çoxalmasını təşviq edərək insan gen fondlarını dəyişdirməyi məqsəd qoyur.
Qədim spartalılar zəif və ya deformasiyalı körpələri çuxura ataraq evgenikanın bir formasını tətbiq etmişlər. İngilis statistik Francis Galton tərəfindən “uyğun evliliklərlə yüksək qabiliyyətli insan irqi yaratmaq” düşüncəsi ilə 1883-cü ildə evgenika yaradılmışdır.
Evgenik məqsədlərlə məcburi sonsuzlaşdırmaya başlayan ilk müasir ölkə Amerika Birləşmiş Ştatlarıdır (ABŞ).
Virciniyada yaşayan 17 yaşlı Carrie Buckın sonsuzlaşdırılması məşhur hadisədir. 1924-cü ildə Carrie Buck himayədar anasının bacı-qardaş övladları tərəfindən təcavüzə məruz qalmışdı. Lakin ailəsi Carrieyə “əqli gerilikli” və “əxlaqsız” dedi. O, Virciniya Epilepsiyalılar və Əqli Əlillər Koloniyasına göndərildi. Əslində ailə təcavüz və hamiləlik səbəbindən utanmışdı. ABŞ Ali Məhkəməsi Virciniyanın Sonsuzlaşdırma Qanununun ABŞ Konstitusiyasına zidd olmadığına qərar vermiş və Carrie 1927-ci ildə sonsuzlaşdırılmışdır. Vəkillər hakimləri razı salmaq üçün Carrienin anasının və qızı Vivianın da əqli əlilliyi olduğunu iddia etmişdilər.
1927-ci ildə Ali Məhkəmə hakimi Oliver Wendell Holmes Jr. Carrie haqqında belə yazmışdır: "Cinayət üçün azğın nəslin yaranmasını gözləmək əvəzinə açıq-aşkar uyğun olmayanların nəsillərinin davam etməsinin qarşısını ala bilsə, daha yaxşı olar. Üç nəsil əqli əlillik kifayətdir." Lakin Vivian orta zəka səviyyəsinə malik idi və məktəbin fəxri siyahısında idi.
Carrienin bacısı Doris də əməliyyatın mahiyyəti haqqında məlumatlandırılmadan sonsuzlaşdırılmış və illərlə niyə uşaq sahibi ola bilmədiyini düşünmüşdür.
ABŞ-da 1900-cü illərin əvvəllərindən 1970-ci illərə qədər 65000-dən çox insan sonsuzlaşdırıldı. II Dünya müharibəsinin sonuna gəldikdə almanlar təxminən 400000 insanı sonsuzlaşdırmışdı. Nasistlərin bu tətbiqinə reaksiya olaraq evgenik hərəkat beynəlxalq siyasətçilər və alimlər icması tərəfindən böyük ölçüdə nüfuzdan salınmışdır.
Yazıdakı şəklin izahı: Carrie Buck və bacısı Doris
Yazıda adı çəkilən tarixi şəxslər: Francis Galton (1822–1911), Oliver Wendell Holmes Jr. (1841– 1935), Carrie Buck (1906–1983)
- Əvvəlki mövzu: Qaraciyər terapiyası 1926 – Anemiyanın anlaşılması və B12
- Sonrakı mövzu: Dovşan öldü 1928 – Dünəndən bu günə hamiləlik testləri
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.