Elektron siqaret (e-siqaret) ağciyərə zərər verirmi? E-siqaret yazı silsiləsi 2

Bu məqalədə
Elektron siqaret siqareti tərgitməyə kömək edən və sağlam siqaret alternativi olduğu iddiası ilə bazara çıxarılır. Bəs e-siqaret nə qədər sağlam siqaret alternatividir?
E-siqaretlərin əksəriyyətində bir kartric, bir batareya və bir püskürdücü var. Kartricdə püskürdücü tərəfindən qızdırılan və buxarlandırılan maye məhlul olur. Maye buxarlandırıldıqdan sonra istifadəçi onu adi siqaret istifadəsində olduğu kimi nəfəsə çəkə bilir. E-siqaretlərdə qəbul edilən nikotin miqdarını istifadəçi müəyyən edə bilir, bəzi istifadəçilər nikotinsiz e-siqaretlərə üstünlük verirlər. E-siqaretlər siqaret istifadəsini dayandırmaq üçün təsirli olduğu irəli sürülərək geniş şəkildə bazara çıxarılan cihazdır. Həkimlər isə bu cihaz barədə iki yerə bölünmüş vəziyyətdədirlər.
E-siqaretlər həqiqətən siqareti tərgitmək üçün sağlam üsuldurmu?
Avropa Tənəffüs Jurnalında (European Respiratory journal) dərc edilmiş bir tədqiqatda e-siqaretlərin qısamüddətli təsirləri müəyyən edilməyə çalışılmışdır. Bu tədqiqata 32 könüllü qatılmışdır. Onlardan 8-i əvvəllər heç siqaret çəkməmiş, 24-ü isə müntəzəm siqaret çəkənlərdir. Könüllülərin 11-i normal ağciyər funksiyalarına malik olduğu halda, 13-də ya astma, ya da xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) var.
Tədqiqatçılar e-siqaret tüstüsü 10 dəqiqə ərzində ağciyərlərə çəkildikdə nə baş verdiyini müşahidə etmək üçün spirometriya testi aparmışlar. Spirometriya astma, xroniki obstruktiv ağciyər xəstəliyi və nəfəsalmaya təsir edən müəyyən vəziyyətlərin diaqnozu məqsədilə həkim kabinetində aparılan testdir. Spirometriya həmçinin xroniki ağciyər xəstəliyi üçün testdən keçərkən xüsusilə ağciyərlərinizin nə qədər yaxşı işlədiyini yoxlamaq üçün də istifadə olunur. Spirometriya nə qədər havanı nəfəsə aldığınızı və nə qədər havanı xaric etdiyinizi ölçür. Eyni zamanda hansı miqdarda havanı nə qədər sürətlə xaric etdiyinizi də ölçür. Ortalamadan aşağı spirometriya göstəriciləri ağciyərlərinizin lazım olduğu qədər yaxşı işləmədiyini göstərir.
Nəticədə 10 dəqiqəlik e-siqaret istifadəsinin tənəffüs yollarının müqavimətində ani artıma səbəb olduğu aşkar edilmişdir. Tədqiqatın əsas nəticələri belədir:
- Həyatı boyu heç siqaret istifadə etməmiş iştirakçılarda 10 dəqiqəlik e-siqaret istifadəsi tənəffüs yollarının müqavimətini nəzərəçarpacaq şəkildə yüksəltmişdir.
- Müntəzəm siqaret çəkənlər arasında 10 dəqiqəlik e-siqaret istifadəsinin yenə nəzərəçarpacaq şəkildə tənəffüs yollarının müqavimətini yüksəltdiyi görülmüşdür.
- KOAH və astma xəstələrində isə 10 dəqiqəlik tək e-siqaret istifadəsi nəticəsində tənəffüs yollarının müqavimətində əhəmiyyətli artım görülməmişdir.
Nəticə olaraq tədqiqatçılar iştirakçılarda e-siqaret istifadəsinə bağlı tənəffüs yollarının müqavimətində əhəmiyyətli artım aşkar etdiklərini bildirərək cihazın ani zərərə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişlər.
Əlaqəli mövzular
Mənbələr
A systematic review of health effects of electronic cigarettes
Preventive Medicine, Volume 69, December 2014, Pages 248–260
https://www.sciencedirect.com/science/article/pii/S0091743514003739
2. Sofia-Antiopi Gennimata, Anatsasios Palamidas, Georgios Kaltsakas
Acute effect of e-cigarette on pulmonary function in healthy subjects and smokers
ERJ September 1, 2012 vol. 40 no. Suppl 56 P1053
https://erj.ersjournals.com/content/40/Suppl_56/P1053
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.