Fiziki məşqin əzələ hüceyrələrini necə yenilədiyi tapıldı – mitofagiya

Bu məqalədə
Fiziki məşqin əzələnin zədələnmiş mitoxondrilərini hüceyrə təkrar emalına verərək əzələləri və hüceyrələri daha sağlam hala gətirdiyi müəyyən edildi və bu mexanizmə mitofagiya adı verildi.
Nature Communications adlı jurnalda dərc edilən bu tədqiqat fiziki məşqin bədənin və xüsusilə əzələlərimizin sağlam və güclü olmasına necə töhfə verdiyinin hüceyrə mexanizmini izah edir. Tədqiqatçılara görə bədənin sağlamlığını qanın sağlam olub-olmaması deyil, əzələ həcmi və fiziki məşq qabiliyyəti müəyyən edir.
Fiziki məşq hüceyrənin enerji mərkəzi mitoxondrini yeniləyərək əzələ sağlamlığını yaxşılaşdırır
Hüceyrə orqanoidlərindən biri olan mitoxondri oksigenli tənəffüs edən hüceyrələrin enerji stansiyasıdır; insanlarda qırmızı qan hüceyrələri olan eritrositlərdən başqa bütün hüceyrələrdə mövcuddur. Ən sadə təriflə, mitoxondri yeyilən qidaları enerjiyə çevirir. Zülalları, yağları və şəkəri bədənin yaşamaq üçün ehtiyacı olan enerjiyə çevirir.
Fiziki məşq əzələlərdəki mitoxondrilərə necə təsir edir?
Fiziki məşqin siçanlarda mitofagiyanı tətiklədiyi müəyyən edilmişdir. Mitofagiya, adətən stressli dövrdən sonra zədələnmiş və ya problemli mitoxondrinin məhv edilib hüceyrə təkrar emalı prosesinə qatılması prosesini ifadə edir. Bu mənada mitofagiya əzələ hüceyrəsinin mitoxondrilərinə məxsus autofagiya kimi düşünülə bilər.
Fiziki məşqin mitofagiyanı necə stimullaşdırdığını göstərmək üçün tədqiqatçı Yan və komandası siçanların skelet əzələsinə xüsusi mitoxondrial reporter gen əlavə etdilər. pMitoTimer adlı bu gen sayəsində əzələ hüceyrələri flüoresan mikroskop altında araşdırıldıqda, sağlamdırlarsa yaşıl, hüceyrənin təkrar emal sistemi olan lizosomlar tərəfindən parçalanmış və ya zədələnmişlərsə qırmızı görünür.
Siçanlar 90 dəqiqə kiçik qaçış zolağında qaçırıldıqdan altı saat sonra mitoxondrial stress və bəzi mitofagiya əlamətləri görüldü. Tədqiqatçılar siçanlarda fiziki məşqin AMPK adlı kinaza fermentini stimullaşdırdığını və onun da digər kinaza olan Ulk1-i aktivləşdirdiyini açıqladılar. Bu kimyəvi reaksiyaların işləməyən mitoxondrinin aradan qaldırılmasına nəzarətdə mühüm olduğu görüldü.
Yəni müntəzəm fiziki məşq etmək skelet əzələsində zədələnmiş, funksiyasız mitoxondrilərin aradan qaldırılmasına kömək edir. Bu mexanizm işləyən dəmir parıldayar sözünün bioloji şərhi kimi də düşünülə bilər. İntensiv işləyən və davamlı texniki qulluq göstərilən maşının daha uzunömürlü və səmərəli olması kimi də…
Tədqiqat zamanı Ulk1 geni silinərək mitofagiya etməsi əngəllənən siçanların normal siçanlar qədər qaçmasına baxmayaraq metabolik fayda əldə edə bilmədiyi görüldü. Bu tapıntılar fiziki məşqə bağlı mitofagiyanı birbaşa dəstəkləyir və əhəmiyyətini ortaya qoyur.
Marağınızı çəkə bilər:
Mənbələr
Ampk phosphorylation of Ulk1 is required for targeting of mitochondria to lysosomes in exercise-induced mitophagy.
Nature Communications. 15 September 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.