İdman və riskini azaltdığı 14 xərçəng növü

Bu məqalədə
Bu yazı fiziki aktivlik, yəni idmanla xərçəng riski arasındakı əlaqəni üzə çıxaran bəzi tədqiqatları və icmalları ön plana çəkir. Eyni zamanda idman müalicənin yan təsirlərini də azaldır və kimyaterapiya, radioterapiya və əməliyyatdan sonrakı sağalma prosesinə kömək edə bilər.
Süd vəzi xərçəngi müalicəsindən sonra sağalanlar
Journal of Clinical Oncology-dəki bir tədqiqat aromataza inhibitorları ilə müalicə alan və süd vəzi xərçəngi müalicəsindən sonra sağalan xəstələrdə gücartırıcı məşqlərin və aerobik idmanın artırılmasının oynaq ağrısını (artralgiya) əhəmiyyətli dərəcədə azaltdığını bildirmişdir. Araşdırmaçılar ağrının azalmasının cəmi 3 ay sonra göründüyünü desələr də, 12 ay boyunca idman proqramını davam etdirən qadınlarda böyük fayda (oynaq ağrısında 30% azalma) təmin etdiyini bildirmişlər. Bu məşqlər hər həftə 150 dəqiqə aerobik idman və həftədə iki dəfə nəzarətçi ilə gücartırıcı məşqdən ibarət olmuşdur. Əsas götürülən ən şiddətli ağrı balı idman edən qadınlarda 5.6, idmana çox vaxt ayırmayan qadınlarda 5.9 olmuşdur. Aktiv qadınlarda ən şiddətli ağrı balı orta hesabla 1.6 bal (29%) azalmış, çox aktiv olmayanlarda isə bu göstərici 0.2 kimi qeydə alınmışdır.
Süd vəzi xərçəngi riski
Cancer Epidemiology-də dərc edilmiş son tədqiqatlardan biri olan “Biomarkerlər və profilaktika” müntəzəm yüngül idmanın menopauzadan sonrakı qadınlarda invaziv süd vəzi xərçəngi riskinin azalması ilə əlaqəli olduğunu göstərmişdir. 4 il boyunca hər həftə 4 saat gəzən qadınlarda eyni müddətdə daha az idman edən qadınlara nisbətən xəstəlik riskinin 10% azaldığı görülmüşdür. Araşdırmaçılar müntəzəm idmanın vacibliyini vurğulamışlar: 5 - 9 il boyunca həftədə 12 saatdan artıq idman edən qadınlar arasında idmanı azaldanlarda davamlı idman edənlərə nisbətən süd vəzi xərçəngi riski əhəmiyyətli dərəcədə artmışdır.
Prostat xərçəngi
Oncology Nursing Forum-da dərc edilmiş tədqiqat nəzarətçi ilə qrup idman proqramlarının prostat xərçəngi xəstələrinin fiziki və ruhi sağlamlığını yaxşılaşdırdığını və çox ehtiyac duyulan emosional və sosial dəstəyi təmin etdiyini göstərmişdir. Araşdırmaçılar fizioloqun idarə etdiyi qrup idman proqramına qatılan 12 xəstə ilə müsahibə aparmışlar. Prostat xərçənginə xüsusi idman qrupuna qatılmağın xəstələrin sağlamlıq məsələlərində dəstək almasına mane olan qərəzli düşüncələri qırdığı müəyyən edilmişdir. Araşdırmaçılar qrup idman proqramlarının prostat xərçəngi xəstələrinin dəstəkləyici qulluq xidmətlərinə daxil edilməsi lazım olduğu nəticəsinə gəlmişlər.
Ağciyər xərçəngi
Journal of Thoracic Oncology-də dərc edilmiş tədqiqat əlamətləri azaltdığı, idmana dözümlülüyü və həyat keyfiyyətini artırdığı, əməliyyatdan sonrakı ağırlaşmaları və xəstəxanada qalma müddətini azaltdığı üçün idman və fiziki aktivliyin ağciyər xərçəngi xəstələrinin müalicə seçimləri arasında olmalı olduğu nəticəsinə gəlmişdir. Araşdırmaçılar ağciyər xərçəngi xəstələrinin çoxunun həkimlərindən fiziki aktivlik və idman barədə istiqamət istədiyini və diaqnoz və müalicədən əvvəl, həmin müddətdə və sonrasında idman tövsiyə etmələri üçün həkimlərini təşviq etdiyini müəyyən etmişlər.
Yumurtalıq xərçəngi riski
Fiziki aktivliklə yumurtalıq xərçəngi riski arasındakı əlaqəyə dair sübutlar yetərsiz olsa da, araşdırmaçılar bu xəstə qrupunda işlərini davam etdirirlər. Gynecologic Oncology-də dərc edilmiş icmalda sübutlar yetərsiz olsa da, həkimlərin yumurtalıq xərçəngi xəstələrini fiziki aktivliyə təşviq etməli olduğu nəticəsinə gəlinmişdir. Bu icmala epitelial yumurtalıq xərçəngi riski ilə fiziki aktivlik arasında qoruyucu təsir tapa bilən 26 tədqiqat daxil edilmişdir. Onların çoxu olduqca aktiv qadınlarda riskin %30-60 arasında azaldığını göstərmişdir. Lakin kohort tədqiqatları əhəmiyyətli əlaqə göstərməmişdir.
Kolorektal xərçəng
Journal of Clinical Oncology-də dərc edilmiş tədqiqatda kolorektal xərçəng diaqnozu qoyulmuş xəstələrdə fiziki aktivliyin və oturaraq keçirilən boş vaxtın təsirləri araşdırılmışdır. İştirakçılar kolorektal xərçəng diaqnozundan əvvəl və sonra fiziki aktivlik və boş vaxt haqqında anket suallarını cavablandırmışlar. Həftədə 8.75 və ya daha çox metabolik ekvivalent (MET)-saat fiziki aktivlik (həftədə təxminən 150 dəq. gəzintiyə bərabər) edən iştirakçılarda həftədə 3.5 MET-saatdan az fiziki aktivlik edənlərə nisbətən bütün səbəblərə bağlı ölüm nisbətinin azaldığı görülmüşdür. Bundan əlavə, hər gün boş vaxtlarında 6 və ya daha çox saatı oturaraq keçirənlərdə 3 saatdan az oturanlara nisbətən bütün səbəblərə bağlı ölüm nisbətinin artdığı müşahidə edilmişdir.
Mədə xərçəngi riski
British Journal of Sports Medicine-də dərc edilmiş tədqiqatda mədə xərçəngi riski ilə fiziki aktivlik arasında əlaqənin olub-olmadığı araşdırılmışdır. 7 prospektiv kohort və 4 hal-nəzarət tədqiqatından istifadə edən araşdırma yetərli fiziki aktivliklə mədə xərçəngi riski arasında az da olsa əlaqə tapmışdır. Siqaret istifadəsi və xərçəngin alt növü kimi digər amillər bu əlaqəni zəiflətmişdir.
Leykemiya
Integrative Cancer Therapies-də dərc edilmiş tədqiqatda kimyaterapiyası davam edən kəskin leykemiya xəstələri üçün xəstəxanadaxili idman proqramının həyata keçirilmə imkanı yoxlanılmışdır. Tədqiqata 10 xəstə qatılmış, bədən çəkiləri, bədən tərkibi, kardiorespirator dözümlülük, halsızlıq, depressiya və həyat keyfiyyəti başlanğıcda və müalicənin sonunda qiymətləndirilmişdir. Aerobik və gücartırıcı məşqlər gündə iki dəfə 30 dəq. olmaqla həftədə 3 dəfə aparılmışdır. Xəstələrin kardiorespirator dözümlülüyündə əhəmiyyətli artım, halsızlıq və depressiya ballarında azalma müəyyən edilmişdir.
Baş və boyun xərçəngləri
Tədqiqatda kimyoradioterapiya alan 48 baş-boyun xərçəngi xəstəsində idmanın funksional qabiliyyətə və həyat keyfiyyətinə təsirləri qiymətləndirilmişdir. Xəstələr idman və nəzarət qrupu olaraq ikiyə ayrılmışdır. İdman qrupu 6 həftə nəzarətçi ilə idman proqramını yerinə yetirmiş, nəzarət qrupu isə fiziki aktivlik haqqında təlim almışdır. Tədqiqatda 6 dəqiqəlik yerimə məsafəsindən istifadə edilərək xəstələrin öz sağlamlıq vəziyyətləri və ağrı şkalaları barədə verdikləri məlumatlar qiymətləndirilmişdir. 6 həftə sonra idman qrupunda 6 dəqiqəlik yerimə məsafəsi 42 m yaxşılaşmış, nəzarət qrupunda isə 96 m azalmışdır. Bundan əlavə, idman qrupunun ruhi vəziyyəti yaxşılaşarkən nəzarət qrupunun həm fiziki, həm də ruhi vəziyyəti pisləşmişdir.
Mədəaltı vəzi xərçəngi
Araşdırmaçılar tək hal üzərində apardıqları tədqiqatda adyuvant müalicəsi davam edən, mərhələ-IIb mədəaltı vəzi xərçəngi olan 49 yaşlı xəstədə nəzarətçi ilə 6 aylıq idman proqramının effektivliyini və təhlükəsizliyini qiymətləndirmişlər. Bu proqram həftədə iki dəfə dözümlülük və aerobik məşqlərdən ibarət olmuşdur. Xəstənin proqramı yaxşı qəbul etdiyi və 6 aylıq müddətdə 73% iştirak göstərdiyi görülmüşdür. Xəstənin fiziki və funksional qabiliyyətində, xəstəliklə bağlı həyat keyfiyyətində, xərçəngə bağlı halsızlıq, yuxu keyfiyyəti və psixoloji sıxıntı baxımından həm 3 ayda, həm də 6 ayda yaxşılaşma müəyyən edilmişdir.
Çoxsaylı mieloma
Avstraliyada aparılan tədqiqat yaxın vaxtda çoxsaylı mieloma müalicəsi almış xəstələrdə fiziki aktivliyin faydalarını və maneələrini anlamaq üçün həyata keçirilmişdir. Faydalar (psixoloji və sosial faydalar) və maneələr (müalicənin əlamətləri və yan təsirlərindən qurtulmaq və aşağı motivasiya) iştirakçılarla müsahibələr əsasında qiymətləndirilmişdir. Bütün iştirakçılar gəzinti və bağçılıq kimi yüngül və orta intensivlikli fiziki aktivlik etmiş olsa da, kişilərdən daha çox qadın fiziki aktivliyin fayda verdiyini bildirmişdir. Həmçinin autoloji kök hüceyrə transplantasiyası ilə müalicə alan xəstələr fiziki aktivliyin faydalı olduğunu qeyd edərkən, kimyaterapiya və radioterapiya kimi başqa müalicələr alan xəstələr daha çox ağrı maneəsi ilə qarşılaşmışlar.
Böyrək xərçəngi riski
Medicine & Science in Sports & Exercise-də dərc edilmiş tədqiqat böyrək xərçəngi riskinin məlum digər risk amillərindən asılı olmayaraq yerimə və qaçışla azala biləcəyini müəyyən etmişdir. Yaş və cinsiyyətə görə düzəlişdən sonra hər həftə edilən qaçış və ya yerimə hər metabolik ekvivalent (MET)-saat üçün riski 1.9% azaltmışdır. Aşağıda tövsiyə edilən qaçış və ya yerimə səviyyələri ilə müqayisədə (həftədə < 7.5 MET-saat) fiziki aktivlik tövsiyə edilən səviyyədədirsə böyrək xərçəngi riski 61%, tövsiyə ediləndən 1-2 dəfə çoxdursa 67%, 2 və ya 2 dəfədən çoxdursa 76.3% azalmışdır.
Beyin xərçəngi riski
The National Runners’ and Walkers’ Health Studies-dən alınan məlumatlarla idmanın beyin xərçənginə bağlı ölüm (mortalite) nisbətlərinə təsiri araşdırılmışdır. Yaş, cinsiyyət, irq, təhsil və s. üzrə düzəlişdən sonra beyin xərçəngindən ölüm riski gündə 1.8 - 3.5 metabolik ekvivalent (MET)-saat idman edənlərdə 43.2%, gündə ≥ 3.6 MET-saat idman edənlərdə isə 39.8% azalmışdır (müqayisə gündə < 1.8 MET-saat əsas götürülərək edilmişdir). Araşdırmaçılar yerimə və qaçışla sərf edilən enerjinin beyin xərçənginə bağlı ölüm riskinin azalması ilə əlaqəli olduğu nəticəsinə gəlmişlər.
Endometrial (uşaqlıq) xərçəng riski
The American Institute for Cancer Research və The World Cancer Research Fund International Amerikada endometrial xərçəng hallarının təxminən 60%-nin müntəzəm idman və sağlam çəkidə qalmaqla qarşısının alına biləcəyini göstərən nəticələr dərc etmişlər. Piylənməsi olan qadınlarda bədəndəki artıq yağın mühüm risk amili olması səbəbindən endometrial xərçəng riski ikiqat artır. Gündə ən az 30dəq idman etməyin və sağlam bədən kütlə indeksini qorumağın endometrial xərçəng nisbətini 59% azaltdığı görülmüşdür. İdman xərçəngin təkrarlanmasının da qarşısını ala bilər.
Sarkoma
Journal of Sports Science & Medicine-də dərc edilmiş tədqiqat davamlı idmanın siçanlarda sarkoma şişini təxminən 50% kiçiltdiyini göstərmişdir. Müntəzəm idmanın bəzi xərçəng növlərində irəliləməni və nisbətləri azaltmaq gücü olduğu fikrindən çıxış edən araşdırmaçılar 3 ayrı qrup siçana murin sarkoma hüceyrələri köçürmüşlər. Bu 3 qrupdakı siçanlar nəzarət siçanları, şiş köçürülənədək idman edən siçanlar və şiş köçürüldükdən sonra idmana davam edən siçanlar olaraq ayrılmışdır. Araşdırmaçılar əsas mexanizm bilinməsə də, köçürmədən sonra idmana davam edən siçanlarda şiş ölçüsünün əhəmiyyətli dərəcədə kiçildiyi nəticəsinə gəlmişlər.
Mənbələr
By Cancer Network Editors. April 15, 2016.
https://www.cancernetwork.com/articles/exercise-and-cancer?GUID=897EE5D3-A36F-4500-BD95-5B642AB50963&XGUID=&rememberme=1&ts=16042016
2. Irwin ML, Cartmel B, Gross CP, et al. Randomized exercise trial of aromatase inhibitor-induced arthralgia in breast cancer survivors. J Clin Oncol. 2015;33:1104-11.
3. Fournier A, Dos Santos G, Guillas G, et al. Recent recreational physical activity and breast cancer risk in postmenopausal women in the E3N cohort. Cancer Epidemiol Biomarkers Prev. 2014;23:1893-902.
4. Cormie P, Turner B, Kaczmarek E, et al. A qualitative exploration of the experience of men with prostate cancer involved in supervised exercise programs. Oncol Nurs Forum. 2015;42:24-32.
5. Bade BC, Thomas DD, Scott JB, Silvestri GA. Increasing physical activity and exercise in lung cancer: reviewing safety, benefits, and application. J Thorac Oncol. 2015;10:861-71.
6. Cannioto RA, Moysich KB. Epithelial ovarian cancer and recreational physical activity: A review of the epidemiological literature and implications for exercise prescription. Gynecol Oncol. 2015;137:559-73.
7. Campbell PT, Patel AV, Newton CC, et al. Associations of recreational physical activity and leisure time spent sitting with colorectal cancer survival. J Clin Oncol. 2013;31:876-85.
8. Abioye AI, Odesanya MO, Abioye AI, Ibrahim NA. Physical activity and risk of gastric cancer: a meta-analysis of observational studies. Br J Sports Med. 2015;49:224-9.
9. Battaglini CL, Hackney AC, Garcia R, et al. The effects of an exercise program in leukemia patients. Integr Cancer Ther. 2009;8:130-8.
10. McNeely ML. Exercise as a promising intervention in head & neck cancer patients. Indian J Med Res. 2013;137:451-3.
11. Cormie P, Spry N, Jasas K, et al. Exercise as medicine in the management of pancreatic cancer: a case study. Med Sci Sports Exerc. 2014;46:664-70.
12. Craike MJ, Hose K, Courneya KS, et al. Perceived benefits and barriers to exercise for recently treated patients with multiple myeloma: a qualitative study. BMC Cancer. 2013;13:319.
13. Williams PT. Reduced risk of incident kidney cancer from walking and running. Med Sci Sports Exerc. 2014;46:312-7.
14. Williams PT. Reduced risk of brain cancer mortality from walking and running. Med Sci Sports Exerc. 2014;46:927-32.
15. World Cancer Research Fund/American Institute for Cancer Research. Continuous Update Project Report. Food, Nutrition, Physical Activity, and the Prevention of Endometrial Cancer. 2013. https://www.dietandcancerreport.org.
16. Sasvari M, Taylor AW, Gaal D, Radak Z. The effect of regular exercise on development of sarcoma tumor and oxidative damage in mice liver. J Sports Sci Med. 2011;10:93-6.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.