Genetik anormallıqları çox olan xərçənglər immunoterapiyaya daha yaxşı cavab verə bilər

Olduqca çox sayda genetik mutasiyası olan şişlər güclü immun cavabı tətikləyə bilər. Çünki immun sisteminin yad kimi tanıyacağı qədər çox zülal (antigen) istehsal edirlər. Melanoma, sidik kisəsi və ağciyər xərçəngi ən çox mutasiyaya uğrayan növlərdəndir.
Şişlərdə çoxsaylı mutasiyalar hüceyrənin DNA zədəsini bərpa etmək qabiliyyətini basdıran və uyğunsuzluq bərpası çatışmazlığı (mismatch repair deficiency) adlanan genetik anormallıq nəticəsində yaranır. Alimlər bu anormallıqları olan şişlərin immun nəzarət nöqtəsi blokadasına daha həssas ola biləcəyini düşünürlər.
Mismatch Repair Deficiency (MRD) adlandırdığımız bu DNA bərpası pozuntusu kolorektal xərçənglərin təxminən 15%-ində ortaya çıxır. Həmçinin daha az hallarda mədə, nazik bağırsaq, endometrial, prostat və yumurtalıq xərçəngi kimi növlərdə də rast gəlinir. Lynch sindromunda olduğu kimi anormallıq bəzən ailədən irsən də keçə bilər. Lakin MRD daha çox insanın həyatı ərzində təsadüfən inkişaf edir.
Araşdırmalarda MRD şəklində DNA bərpa pozuntusu olan şişlərin xərçəng immunoterapiyasına həssas olduğuna dair sübutlar əldə edilmişdir. Bundan sonra FDA MRD pozuntusu olan yoğun bağırsaq xərçəngi xəstələrinin müalicəsi üçün immunoterapiya dərmanı Pembrolizumabın istifadəsini təsdiqləmişdir.
Bundan əlavə, araşdırmaçılar Pembrolizumabın MRD pozuntusu olan endometrial, ampulla, onikibarmaq bağırsaq (duodenal) və mədə xərçənglərinə qarşı daha təsirli olduğunu görmüşlər. 7 xəstənin 5-i Pembrolizumab müalicəsinə cavab vermiş və xəstəlik irəliləmədən keçən müddət orta hesabla 5.4 ay qeydə alınmışdır.
Bu araşdırma kiçikmiqyaslı olsa da, MRD pozuntusu olan irəliləmiş mərhələli xərçəng xəstələrində yeni müalicə seçimi ehtimalına yol açmışdır. Daha ətraflı desək, bu iş şişin hansı orqandan qaynaqlandığına çox baxmadan onun genetik quruluşunu qiymətləndirməyin immunoterapiyadan kimlərin fayda görəcəyini müəyyənləşdirməyə kömək edə biləcəyini göstərir. Artıq DNA bərpası pozuntusu olan xərçəng növlərinin PD-1 blokadasına daha həssas ola biləcəyi düşünülür.
Mənbələr
PD-1 blockade in tumors with mismatch-repair deficiency.
N Engl J Med 372:2509-2520, 2015
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.