Limfoid Şişlərin Müalicəsi üçün Yeni Canlı Xərçəng Dərmanı: CAR-NK

İmmun hüceyrələrinin şiş hüceyrələri ilə mübarizə üçün dəyişdirilib çoxaldılaraq xəstəyə verildiyi ximerik antigen reseptoru (CAR) T-hüceyrə müalicələri son 5 ildə onkologiyanın mühüm yeniliklərindən olub. Lakin bu hüceyrə immunoterapiyasının hazırlanması və tətbiqində ciddi çətinlik və xərc var. T-hüceyrələr əvəzinə NK hüceyrələri ilə həm eyni təsirin, həm daha az yan təsirin əldə olunduğunu bildirən tədqiqat buna görə böyük maraq toplayıb. New England Journal of Medicinejurnalında dərc edilən, faza I / II klinik tədqiqatda Liu və həmkarları hüceyrə səthi, reseptoru CD19 pozitiv limfoid şişli xəstələrdə, anti-CD19 ximerik antigen reseptoru (CAR) təbii qatil (NK) hüceyrə müalicəsinə sürətli cavab və klassik CAR T-hüceyrə müalicəsi yan təsirlərinin görülmədiyini bildirdilər. Əvvəllər FDA təsdiqi almış anti-CD19 CAR T-hüceyrə terapiyası B-hüceyrə xərçənglərində əhəmiyyətli klinik təsir göstərib. Lakin CAR T hüceyrələri mühüm yan təsirlər yarada bilər və istehsalı mürəkkəbdir. Anti-CD19 CAR ifadə etmək üçün dəyişdirilmiş NK (natural killer, təbii qatil) hüceyrələri bu məhdudiyyətləri aradan qaldırmaq potensialına malikdir. Aşağıda NK hüceyrələrinin qan kök hüceyrəsindən (hematopoetik kök hüceyrədən) necə yarandığı və qardaşları olan digər qan / immun sistemi hüceyrələri göstərilib.

AntiCD19 CAR-NK Müalicəsi Tədqiqatının Təfərrüatları
Tədqiqatda Texas Universiteti MD Anderson Xərçəng Mərkəzində residiv (təkrarlamış) və ya refrakter (müalicəyə davamlı), qeyri-Hodgkin limfoması (6 xəstə) və ya xroniki limfositar leykemiya (KLL, 5 xəstə) diaqnozlu 11 xəstəyə göbək ciyəsi qanından alınan, HLA uyğunlaşmayan (başqasına aid) anti-CD19 CAR-NK hüceyrələri verildi. NK hüceyrələri anti-CD19 CAR, interleykin-15 və təhlükəsizlik açarı kimi induksiya olunan kaspaza 9 kodlayan genləri ifadə edən retrovirus vektoru ilə transduksiya edildi (yəni, xərçəngli hüceyrələrə bağlanacaq şəkildə dəyişdirildi). Dəyişdirilmiş NK hüceyrələri hazırlanıb çoxaldıldı, əvvəlcə sümük iliyində onlara yer açmaq üçün aşağı dozalı kimyaterapiya verildi və tək doza damardan tətbiq edildi.

Bu müalicəni alan 11 xəstə əvvəllər median 4 müxtəlif müalicə xətti almışdı. KLL xəstələrinin hamısında ibrutinib və ən azı üç başqa müalicədən sonra proqressiya (irəliləmə) olmuşdu. Limfoma xəstələrinin dördündə autoloji hematopoetik kök hüceyrə köçürülməsindən sonra irəliləyiş vardı.
Tədqiqatın Təsirlilik Nəticələri
11 xəstənin 8-də (% 73) obyektiv cavab vardı. Cavab verən səkkiz şəxsin dördündə limfoma, üçündə KLL tam gerilədi. Cavablar bütün doza səviyyələrində infuziyadan sonrakı 30 gün ərzində görüldü. CAR-NK hüceyrələri tətbiqdən sonra bədəndə sabit çoxalmağa davam etdi və ≥ 12 ay aşağı səviyyədə qala bildi. Aşağıda anti-CD19 CAR-NK müalicəsinin təsir mexanizmi sadə şəkildə ümumiləşdirilib.

Tədqiqatın Təhlükəsizlik Nəticələri
Maksimum dözülən dozaya çatılmadı. Sitokin ifrazı sindromu, neyrotoksiklik və ya transplantat-sahib xəstəliyi görülmədi; interleykin-6 daxil iltihabi sitokinlərdə başlanğıca görə artım olmadı. On xəstədə dərəcə 3 və ya 4 (ciddi) limfopeniya və neytropeniya görüldü. Dərəcə 3 və ya 4 qeyri-hematoloji yan təsir və ya şiş lizisi sindromu olmadı. Dörd xəstədə dərəcə 1 və ya 2 taxikardiya (ürəkdöyünmə), bir xəstədə dərəcə 3 elektrolit anormallığı vardı. Nəticə olaraq, residiv və ya refrakter CD19 pozitiv xərçəngli 11 xəstənin çoxu mühüm yan təsir yaranmadan CAR-NK hüceyrə müalicəsinə cavab verdi.
- Təsadüfən kəşf edilən və əksər xərçəng hüceyrə növlərini öldürən yeni immun hüceyrəsi - Onkologiyada uğursuzluqlardan öyrəndiklərimiz – Yeni xərçəng müalicəsi hazırlamaq niyə çətindir?
Mənbələr
Use of CAR-Transduced Natural Killer Cells in CD19-Positive Lymphoid Tumors.
NEJM 6 Feb 2020
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.