Mayo Klinika pəhrizi nədir? Necə tətbiq olunur? Faydaları

Mayo Klinika pəhrizi nədir?
Mayo Klinika pəhrizi Amerikada yerləşən, dünyaca məşhur xəstəxana olan “Mayo Clinic” tərəfindən hazırlanmış qidalanma modelidir. Əsas məqsəd sağlamlığa mənfi təsir edən qidalanma və həyat tərzi vərdişlərini dəyişməkdir. Pəhrizin məzmunu ilk dəfə 1949 ilində dərc edilmiş və 2017 ilində yenilənmiş “Mayo Klinika pəhrizi” kitabına əsaslanır. Qidalanmadan idmana qədər çoxlu sağlamlıq tövsiyəsi verən Mayo Klinika pəhrizi 2021-ci ilin US News & World Report “Ən yaxşı pəhrizlər” siyahısında yenə 5-ci idi (Aralıq dənizi pəhrizi “Ən yaxşı pəhrizlər” siyahısında uzun illərdir 1-ci yerdədir). Sağlam və davamlı yolla çəki itirmək istəyənlərə uyğun hesab edilən Mayo Klinika pəhrizi “İtir” və “Yaşa” adlı 2 fərqli mərhələdən ibarətdir. Bu yazıda Mayo Klinika pəhrizinin məzmununu oxucularımız üçün ümumiləşdirdik.
Mayo Klinika pəhrizi necə tətbiq olunur?
Bir çox populyar pəhrizdən fərqli olaraq, Mayo Klinika pəhrizində sərt qaydalara yer yoxdur. Sərt qaydalar qoymaq əvəzinə pis vərdişləri sağlam alternativlərlə əvəz etməyi hədəfləyir. Bu, Mayo Klinika pəhrizini sərt məhdudiyyətli bir çox digər pəhrizdən daha davamlı model edir. Qida seçimi Aralıq dənizi pəhrizində olduğu kimi qida piramidası ilə aparılır. Həmçinin, Mayo Klinika – Sağlam Çəki Piramidasını araşdıranda, bu il US News & World Report “Ən yaxşı pəhrizlər” siyahısında “Ən sağlam pəhriz” seçilən Aralıq Dənizi Pəhrizi Piramidası ilə mühüm oxşarlıqlar göstərdiyini görürük.
Piramidanın aşağısındakı qidaların çox, yuxarısındakıların isə az istehlakı tövsiyə edilir. Səbəb aşağıda tərəvəz və meyvə kimi sağlam, azkalorili qidaların, yuxarıda isə şəkər və paketli qida kimi sağlam olmayan, yüksək kalorili qidaların yerləşməsidir. Ortada tam taxıllı karbohidratlar, quru paxlalılar, balıq, azyağlı süd məhsulları kimi yağsız zülal mənbələri və ürək sağlamlığına uyğun doymamış yağlar kimi sağlam qidalar vardır. Bunların istehlakı müəyyən porsiya ölçüləri daxilində tövsiyə edilir.

Mayo Klinika pəhrizi porsiya miqdarını tənzimləməyi və yeməkləri planlamağı öyrədir. Buna görə piramidaya uyğun qidalananda azkalorili və sağlam qidalar qəbul ediləcəyi üçün kalori kəsiri yaranacaq və çəki itkisi başlayacaq.
Yazının əvvəlində Mayo Klinika pəhrizinin “İtir” və “Yaşa” adlı 2 fərqli mərhələdən ibarət olduğunu demişdik. Bəs bu mərhələlərin müddəti və pəhriz məzmunu nədir? Gəlin birlikdə baxaq;
İtir mərhələsi
Pəhrizin ilk 2 həftəsi olan “itir” mərhələsində sürətli çəki itkisi hədəflənir. Şəxsdən şəxsə fərqlənsə də, Mayo Klinika bu modelin ilk 2 həftədə orta hesabla 3-5 kg itirməyə imkan verə biləcəyini bildirir. Sürətli çəki itkisi hədəfləndiyinə görə bu mərhələdə gündəlik kalori qəbulu məhdudlaşdırılır. Kalori ehtiyacı ilkin çəkiyə görə hesablanır və qadınlara gündə orta hesabla 1.200-1.500 kalori, kişilərə 1.400-1.800 kalori verilir. Gündəlik kalori ehtiyacına görə neçə porsiya tərəvəz, meyvə, karbohidrat, zülal, süd və yağ qəbul edilməli olduğu hesablanır. Məsələn, 1400 kalorilik pəhrizdə 4 və ya daha çox porsiya tərəvəz və meyvə, 5 porsiya karbohidrat, 4 porsiya zülal və ya süd, 3 porsiya yağ qəbuluna icazə verilir. Mayo Klinika pəhrizi bir porsiya meyvəni tennis topu böyüklüyündə, bir porsiya zülalı isə təxminən 85 qram kimi müəyyən edir. İnsanlar tövsiyə olunan porsiya miqdarları daxilində qidalarını özləri seçə bilərlər. Bu, pəhrizə riayəti asanlaşdırır. “İtir” mərhələsində alkoqol qəbulu da qadağandır. “Yaşa” mərhələsində isə gündə orta hesabla 75 kalorilik alkoqol qəbuluna icazə verilir.
Yaşa mərhələsi
Bu mərhələ ömürboyu tətbiq üçün hazırlanmışdır. “Yaşa” mərhələsində Mayo Klinika pəhrizinin artıq həyat tərzinə çevrilməsi gözlənilir. Buna görə 1-ci mərhələyə nisbətən daha yavaş çəki itkisi hədəflənir. İdeal çəkiyə çatana qədər həftədə 0.5-1 kg çəki itkisi nəzərdə tutulur. Mayo Klinika pəhrizinin 2-ci mərhələsində sərt qaydalar yoxdur. 2-ci mərhələyə əməl edənlər porsiyaya nəzarət etdikdə pizza kimi yüksək kalorili qidaları da arabir yeyə bilərlər. Məsələn, bu pəhrizə əməl edən şəxs pizza istəyəndə bütöv pizza əvəzinə arabir 1 kasa salatın yanında 1 dilim pizza yeyə bilər.
Mayo Klinika pəhrizində hansı qidalar tövsiyə edilir?
Mayo Klinika pəhrizi 6 qida qrupu daxilində çoxlu seçim təqdim edir. Bu qruplara daxildir;
- Meyvə
- Tərəvəz
- Tam taxıllar
- Quru paxlalılar və balıq kimi sağlam zülal seçimləri
- Zeytun yağı və çiy çərəzlər kimi doymamış yağ seçimləri
- Kiçik porsiya şərti ilə şirniyyat seçimləri
Sərt qaydaların olmaması və çoxlu qida ehtiva etməsi Mayo Klinika pəhrizini bir çox insan üçün uyğun və davamlı edir. Sağlamlığa bütöv yanaşan bu pəhrizdə qidalanma tövsiyələrindən əlavə gündə ən azı 30-60 dəqiqəyə qədər fiziki fəaliyyət tövsiyə edilir. Pəhrizin məzmununu və tətbiqini araşdırdıq. İndi Mayo Klinika pəhrizi barədə ən çox maraq doğuran sualları cavablandırdığımız bölməyə keçək;
Mayo Klinika pəhrizi ödənişlidirmi?
Mayo Klinika pəhrizinə heç bir dəstək almadan, yalnız kitabı oxumaqla əməl edə bilərsiniz. Pəhrizin internet saytında pulsuz istifadə edə biləcəyiniz tətbiqlər də vardır. Daha ətraflı dəstək istəyənlər müəyyən ödənişlə onlayn dəstək xəttinə abunə ola bilərlər. Abunəçilər pəhrizdə sınaya biləcəkləri reseptlərə və fərdi hazırlanmış məşq planlarına çıxış əldə edirlər.
Mayo Klinika pəhrizi hamıya uyğundurmu?
Tərəvəz, meyvə və tam taxıl kimi sağlam qidaların istehlakını təşviq etdiyi üçün Mayo Klinika pəhrizi ürək xəstəliyi, yüksək xolesterin, yüksək təzyiq və diabetin qarşısını almağa kömək edə bilər. Lakin hər hansı xəstəliyiniz varsa, pəhrizdən əvvəl həkimə və ya dietoloqa müraciət etməyiniz tövsiyə edilir.
Veqan və ya vegetarian pəhrizi kimi qida məhdudiyyətləri olan pəhrizlərlə qidalananlara uyğundurmu?
Mayo Klinika pəhrizində sərt məhdudiyyətlər olmadığı üçün insanlar qidalarını özləri seçə bilərlər. Buna görə vegetarian / veqan şəxslər kimi bəzi qida qruplarını qəbul edə bilməyənlər üçün də uyğun modeldir.
Gündə tövsiyə edilən 30-60 dəqiqəlik fiziki fəaliyyət günün hansı vaxtında aparılmalıdır?
Qidalanma tövsiyələrində olduğu kimi fiziki fəaliyyət tövsiyələrində də Mayo Klinika pəhrizi seçimi sizə buraxır. Gündəlik fiziki fəaliyyətinizi səhər qaçmaqla və ya axşam futbol oynamaqla yerinə yetirə bilərsiniz.
Mayo Klinika pəhrizinə əməl etmək üçün hər hansı məhsul almaq lazımdırmı?
Mayo Klinika pəhrizi marketlərdə asanlıqla tapılan qida qrupları ilə qidalanmağı tövsiyə edir. Buna görə bu pəhriz üçün xüsusi alınmalı məhsul yoxdur.
Xülasə və şərh
Mayo Klinika pəhrizi bir çox insan üçün sağlam, asan və davamlı qidalanma modelidir. Sağlam qidaları təşviq edir, sağlam olmayanları məhdudlaşdırır. Mayo Klinika pəhrizi bir çox cəhətdən Aralıq dənizi pəhrizinə bənzəyir. Lakin ən çox araşdırılmış, faydaları məlum olan və illərdir “Ən sağlam” pəhriz seçilən Aralıq dənizi modeli ilə də sağlam həyat və çəki itkisi məqsədlərinizə çata biləcəyinizi xatırlatmaq istəyirik.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.