Mədəaltı vəzi xərçənginə tutulma ehtimalı kimlərdə daha yüksəkdir?

Bu məqalədə
Yaş, cins və ailə tarixçəsi kimi amillər insanların mədəaltı vəzi xərçənginə tutulma riskini artıra bilər. Adətən irəli yaşlarda ortaya çıxsa da, müəyyən hallarda da mədəaltı vəzi xərçənginə tutulma ehtimalı arta bilər.
Mədəaltı vəzi xərçəngi həzm fermentlərinin ifraz olunduğu mədəaltı vəzin toxumalarında inkişaf edir. Mədəaltı vəzin bəzi hüceyrələri də qanda şəkərin nəzarəti üçün həyati əhəmiyyət daşıyan insulin hormonunu istehsal edir.
Hər kəsdə mədəaltı vəzi xərçənginin inkişaf etmə ehtimalı olmaqla yanaşı, bəzi hallar bu xəstəliyin yaranma riskini artıra bilər.
Mədəaltı vəzi xərçənginə hansı yaşda tutulma ehtimalı daha yüksəkdir?
65 yaşdan yuxarı insanlarda mədəaltı vəzi xərçənginin inkişaf etmə ehtimalı daha yüksəkdir, 40 yaşdan aşağı insanlarda isə bu xəstəliyə çox rast gəlinmir. Lakin daha gənc yaşda mədəaltı vəzi xərçənginə tutulan insanların sağqalma şansı daha yüksək ola bilər.
2020-ci ildə aparılan tədqiqatda mədəaltı vəzi xərçəngi olan 20 – 40 yaşlı insanlarda beşillik sağqalma göstəricisinin 40 yaşdan yuxarı xəstələrə nisbətən təxminən 3 dəfə daha yüksək olduğu göstərilmişdir.
Mədəaltı vəzi xərçənginə kişilərdə, yoxsa qadınlarda daha çox rast gəlinir?
Kişilərin mədəaltı vəzi xərçənginə tutulma riski qadınlara nisbətən bir qədər yüksəkdir. Lakin Amerika Xərçəng Cəmiyyəti bunun səbəbinin kişilər arasında siqaret çəkmə göstəricisinin daha yüksək olması ilə bağlı ola biləcəyini bildirir.
2023-cü ildə aparılan araşdırmada isə kişilərdə və qadınlarda siqaretlə əlaqəli mədəaltı vəzi xərçəngi riski müqayisə edildi. Tədqiqatçılar qadınların kişilərə nisbətən daha az siqaret çəkməsinə baxmayaraq, siqaret çəkənlərin mədəaltı vəzi xərçənginə tutulma riskinin oxşar olduğunu müşahidə etdilər.
Mədəaltı vəzi xərçəngi irsidirmi?
Mədəaltı vəzi xərçəngi irsi xəstəlik deyil.
Lakin bəzi irsi hallar mədəaltı vəzi xərçəngi ehtimalını artıra bilər:
- Ataksiya-telangiektaziya
- Ailəvi atipik çoxsaylı xal melanoma (FAMMM) sindromu
- İrsi süd vəzi və yumurtalıq xərçəngi sindromu
- İrsi qeyri-polipoz yoğun bağırsaq xərçəngi (HNPCC) və ya Lynch sindromu
- Çoxsaylı endokrin neoplaziya tip 1 (MEN1)
- Peutz-Jeghers sindromu
- Von Hippel-Lindau sindromu
Ailədə mədəaltı vəzi xərçəngi tarixçəsinin olması da bu xərçəngin inkişaf etmə ehtimalını artıra bilər. Lakin bunun səbəbi hələ izah edilməyib. Mədəaltı vəzi xərçəngi olan insanların əksəriyyətində ailə tarixçəsi yoxdur.
Mədəaltı vəzi xərçənginin risk amilləri
Bəzi irsi hallarla yanaşı, aşağıdakı hallar da mədəaltı vəzi xərçəngi riskini artıra bilər:
- Xroniki pankreatit: Mədəaltı vəzin təkrarlanan iltihabıdır. Xroniki pankreatit səbəbindən xəstəxanaya müraciət edən insanlar üzərində 2023-cü ildə aparılan retrospektiv araşdırmada onların təxminən 2%-sinin orta hesabla 2,4 il sonra mədəaltı vəzi xərçənginə tutulduğu göstərildi.
- Diabet: 5 ildən çoxdur diabeti olan insanların mədəaltı vəzi xərçənginə tutulma riski diabeti olmayanlara nisbətən yüksəkdir. Lakin diabetin mədəaltı vəzi xərçənginin inkişafına, yoxsa xərçəng hüceyrələrinin diabetə səbəb olduğu hələ aydınlaşdırılmayıb. 50 yaşdan yuxarı insanlarda yeni yaranan diabet mədəaltı vəzi xərçənginin əlaməti ola bilər.
- İnfeksiyalar: Hepatit B və ya Helicobacter pylori (H. pylori) infeksiyası kimi müəyyən infeksiyaları olan insanlarda mədəaltı vəzi xərçəngi riski daha yüksəkdir. Lakin bu infeksiyalarla mədəaltı vəzi xərçəngi arasında əlaqənin olub-olmadığı hələ izah edilməyib. Bu əlaqənin aydınlaşdırılması üçün daha çox araşdırmaya ehtiyac var.
Mədəaltı vəzi xərçəngi üçün digər risk amilləri
İnsanda mədəaltı vəzi xərçənginin inkişaf etmə ehtimalını artıra bilən digər amillər:
- Siqaret çəkmək
- Piylənmə
- Qırmızı və ya emal olunmuş ətlə zəngin qidalanma tərzi
- Xroniki pankreatitə səbəb ola bilən həddindən artıq alkoqol istehlakı
- Təmizlik və metal emalı sənayelərində müəyyən kimyəvi maddələrə məruz qalmaq
- Müntəzəm idman etməmək – Lakin idmanla mədəaltı vəzi xərçəngi riski arasındakı əlaqə hələ aydınlaşmayıb.
- Qəhvə içmək – Lakin müasir araşdırmalar bunu təsdiqləmir.
Mədəaltı vəzi xərçəngi riskini azaltmaq mümkündürmü?
Mədəaltı vəzi xərçənginin qarşısını almaq hər zaman mümkün olmaya bilər. Lakin müəyyən risk amilləri azaldıla bilər:
- Siqaret çəkməmək və ya siqareti tərgitmək
- Alkoqol istehlakından çəkinmək və ya onu azaltmaq
- Bədən kütlə indeksinə uyğun çəki aralığında olmaq
- Salam, vetçina və basdırma kimi emal olunmuş ətin və ya qırmızı ətin istehlakını azaltmaq və ya onlardan tamamilə çəkinmək
Həkimə nə vaxt müraciət etməli?
Mədəaltı vəzi xərçəngi hər zaman simptomlara səbəb olmur. Lakin aşağıdakı əlamətlər yaranmağa başlayarsa və 2 həftə ərzində düzəlməzsə və ya pisləşərsə, mümkün qədər tez bir tibb mütəxəssisinə müraciət etmək vacibdir:
- İzah olunmayan çəki itkisi
- Sarılıq – dərinin və gözün ağlarının saralması
- Həddindən artıq yorğunluq
- Qızdırma
- Titrəmə
- Ürəkbulanma
- Qusma
- Köp
- İshal və ya qəbizlik kimi bağırsaq vərdişlərində dəyişikliklər
- Yemək yeyərkən və ya uzanarkən pisləşən bel və qarının yuxarı hissəsində ağrı
Mədəaltı vəzi xərçənginin inkişaf etmə ehtimalı yüksək olan insanlar barədə xülasə
Mədəaltı vəzi xərçənginin 65 yaşdan yuxarı insanlarda inkişaf etmə ehtimalı daha yüksəkdir. Digər tərəfdən, bu xərçəng növünə kişilərdə qadınlara nisbətən bir qədər daha çox rast gəlinir.
Diabet, xroniki pankreatit və bəzi irsi hallar da daxil olmaqla, müəyyən sağlamlıq problemləri mədəaltı vəzi xərçənginin inkişafına səbəb ola bilər. Bundan əlavə, siqaret, piylənmə, qırmızı ətə əsaslanan qidalanma tərzi, həddindən artıq alkoqol istehlakı və bəzi kimyəvi maddələrə məruz qalmaq da mədəaltı vəzi xərçənginə tutulma riskini artıran amillərdəndir.
Mədəaltı vəzi xərçənginin qarşısını mütləq şəkildə almaq mümkün olmasa da, risk amillərindən çəkinmək riski azaltmağa kömək edə bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.