Mobil telefon tətbiqləri xərçəngə qulluğun gələcəyi ola bilərmi?

Geyilə bilən sağlamlıq cihazları ağıllı telefonlarla birlikdə istifadə olunaraq real vaxtda davamlı məlumat almağa imkan verir. Səhiyyə mobil tətbiqləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən mHealth və ya eHealth adlandırılır. 2016-cı ildə Google və Apple mağazalarında sağlamlıq və fitnes kateqoriyasında 79.000 tətbiq yer aldı.
Google bu il Project Baseline adlı araşdırmada Duke və Stanford universitetləri ilə təxminən 10 min insanın genetik məlumatları, qan nümunələri, tibbi görüntüləri və daha çoxu ilə insan sağlamlığını xəritələndirməyi hədəfləyir. Apple isə ResearchKit adlı açıq mənbəli tərtibat dəstini 2015-ci ildə tibbi tədqiqatçıların istifadəsinə təqdim etmişdir.
Ağıllı telefon və planşetlər diaqnostikada mühüm fayda verə bilər. Bəzi sorğular klinisyenlərin təxminən yarısının diaqnoz və qərar zamanı tibbi tətbiqlərdən istifadə etdiyini göstərir. Bəzi ilkin tədqiqatlarda bunların xəstəxanada qalma müddətini, hətta xəstəxanada ölüm riskini azaltdığı da görülür. Anksiyete və ağrının idarə edilməsindən, klinik tədqiqatlarda yan təsirləri yaxından izləməyə qədər mobil tətbiqlər onkologiyada inqilab vəd edir.
Tətbiq klinik tədqiqatlar üçün istifadə edilmək istəndikdə ən böyük problemlərdən biri hüquqi məhdudiyyətlərdir. Bəziləri bunu tələb edir: ümumi istifadə məlumatları ilə yanaşı xəstələr təhlükəsiz məlumat ötürülməsi, saxlanması, vaxtın idarəsi və tədqiqatdan çıxdıqda məlumatlarını silə bilmə barədə öyrədilməlidir. Mobil tətbiqlərin daxil olduğu ağıllı klinik tədqiqatların (smartRCTs)olub-olmayacağı deyil, nə vaxt və necə olacağı müzakirə edilir.
Clinical Trial Seek, MedTrust və Study Scavenger kimi tətbiqlər həm xəstələrə, həm də tədqiqatçılara ən uyğun klinik tədqiqatı tapmağa kömək edən mühüm faydalı vasitələrdir.
Voluntis tərəfindən hazırlanmış eCO tətbiqi qola taxılan qan təzyiqi sensoru ilə xəstənin telefonuna yüksək təzyiq məlumatını anlıq və dəqiq göndərə bilir. Texnologiya hazırda yalnız reseptlə istifadə edilir. Tibbi cihaz kateqoriyasına girdiyindən FDA standartlarına uyğun olmalıdır.
Mobil sağlamlıq tətbiqlərinin və telefonlara inteqrasiya edilmiş tibbi cihazların dəqiqliyi və təhlükəsizliyi digər tərəfdir. Tibbi cihazlar effektivlik və təhlükəsizlik üzrə ciddi sınanarkən sayı yüz minə çatan tətbiqlərin çoxu bu testlərdən keçmir. Məsələn, 2013-cü ildə FDA, dəri xərçəngi diaqnozu qoyduğunu iddia edən tətbiqləri araşdırdı və çoxunu yetərsiz tapdı.
Bundan sonra bəzi telefon və planşet tətbiqlərini nəzarətə alacağını, istifadəçi üçün aşağı risklilərin (xəstəlik və simptom izləmə kimi) nəzarətə alınmayacağını, əvəzinə “dəri xərçəngi aşkarlayan” kimi yüksək risklilərə yönələcəyini açıqladı. Tətbiqlərin hazırlanması dəstəklənərkən lazımsız narahatlıq yaratmamaq və xəstələri qorumaq unudulmamalıdır. Telefonların stetoskop, ultrasəs və ya şəkərölçən kimi işlədilməsi mobil cihazların tibbi cihaza çevrilməsidir. Xoş səslənən bu addımlar möcüzə sayılmamalı, istifadəsi və nəticələrinin şərhi üçün hələ də mütəxəssis baxışına ehtiyac olduğu unudulmamalıdır.
Əlaqəli mövzu:
Mənbələr
The growing availability of wearable devices: a perspective on current applications in clinical trials.
Applied Clinical Trials website. October 2017.
2. Vogel MM, Combs SE, Kessel KA.
mHealth and application technology supporting clinical trials: today's limitations and future perspective of smartRCTs.
Front Oncol. 2017
3. World Health Organization Global Observatory for eHealth.
mHealth: new horizons for health through mobile technologies: second global survey on eHealth. Published 2011
4. Mobile Medical Applications.
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.