p53 mutasiyası müsbət şişlərin aclıqla kiçildilə biləcəyini düşündürən tədqiqat

Xərçəng hüceyrələrinin xüsusiyyətlərindən biri qida çatışmazlığı kimi çətin şəraitə uyğunlaşmasıdır. Daim və sürətlə böyüyən şiş hüceyrələri yaşamaq və çoxalmaq üçün ətrafdakı getdikcə azalan qidalar uğrunda rəqabət aparmalıdır. Bu uyğunlaşma mexanizmlərini hədəfləmək xərçəng müalicəsi elmi üçün vacib yanaşmadır. Sanford Prebys Tibbi Kəşflər İnstitutunun tədqiqatçıları qida olmadıqda yaşamaq üçün xərçəng hüceyrələrinin alternativ kimi istifadə edə biləcəyi yol tapdılar. Molecular Cell jurnalında dərc edilmiş tədqiqata görə PI5P4K ferment ailəsinə aid PI5P4Kα və PI5P4Kβ zülalları autofagiya adlanan proses üçün vacibdir.
- Əlaqəli mövzu: 2016-cı il Tibb üzrə Nobel Mükafatı autofagiya tədqiqatlarına görə Yoshinori Ohsumiyə verildi
Autofagiya prosesi hüceyrə məhsullarını təkrar emal etməklə ac hüceyrələr üçün qida təmin edir. Müəlliflərə görə bu zülalları hədəfləyərək xərçəng hüceyrələrindəki autofagiya prosesini pozmaq müalicə üçün həyəcanverici strategiya ola bilər. Tədqiqatçı Brooke Emerlingə görə “Bu alternativ yolun əhəmiyyəti həmin fermentlər 20 il əvvəl Lewis Cantley laboratoriyası tərəfindən aşkar edilənə qədər sirr olaraq qalırdı. Tədqiqatımız autofagiya prosesi ilə bağlı özünəməxsus tənzimləyici mərhələni müəyyən edir və PI5P4K inhibitorlarının (basqılayıcıların) xərçəng əleyhinə potensialına işıq salır.”
Hüceyrələrin metabolik stresslə mübarizəsi
Qidadan məhrum hüceyrələr kiçilərək və ya lazımsız, yaxud qüsurlu hüceyrə komponentlərini təkrar emal edərək kifayət qədər enerji səviyyəsini saxlaya bilər. Autofagiya adlanan bu sağqalma mexanizmi böyümə və qocalma kimi proseslərə də töhfə verir, həmçinin neyrodegenerativ xəstəliklərdə, skelet əzələsi miopatiyasında, ürək xəstəliyində, qaraciyər xəstəliyində və xərçəngdə rol oynadığı məlumdur. Bu baxımdan autofagiya iki tərəfi iti bıçaq kimidir. Autofagiya zamanı anormal molekullar və ya zədələnmiş orqanizmlər əvvəlcə autofaqosom adlanan kisəciklərə çəkilir. Autofagiyanın nəzarətdə olması həyat üçün vacib olsa da, bu mühüm prosesi idarə edən siqnal molekulları barədə məlumat azdır. Yeni tədqiqatda metabolik stress zamanı əvvəllər funksiyası bilinməyən PI5P4K ferment ailəsinin autofagiya prosesində vacib yeri olduğu aşkar edildi. Bu yoldakı ən aktiv fermentlər olan Pip4k2a və Pip4k2b-nin genetik susdurulmasının şiş basqılayıcı molekul olan p53 zülalı çatışmayan ac xərçəng hüceyrələrində autofagiya mexanizmini pozduğu görüldü.
- Əlaqəli mövzu: TP53 geni və p53 zülalı nədir? Xərçəngdə TP53 mutasiya müsbətliyi nə deməkdir?
Şiş yaranmasından qoruyan p53 zülalı insan xərçənglərinin yarısından çoxunda p53 geni mutasiyasına görə çatışmır. Bu tədqiqatla p53 mutasiyası müsbət şişlərdə autofagiya prosesində təsirli olan fermentlərin əngəllənməsinin təsirli xərçəng müalicəsi yarada biləcəyi fikri ortaya çıxdı. p53 gen mutasiyası xərçənglərdə geniş görülsə də, indiyədək bu hədəfə yönəlmiş dərman hazırlana bilməyib.
Şişləri ac saxlamaq
2013-cü ildə Cell jurnalında dərc edilmiş tədqiqatda Emerling və Cantley yüksək PI5P4Kα və PI5P4Kβ səviyyələri göstərən süd vəzi xərçənglərinin alt qrupunu tapdılar. Eyni zamanda bu fermentlərin p53 zülalı çatışmayan süd vəzi xərçəngi hüceyrələrinin inkişafı üçün vacib olduğunu göstərdilər. Digər tərəfdən, Pip4k2a və Pip4k2b çatışmazlığı şiş inkişafını azaltdı və p53 çatışmayan siçanlarda təsirli xərçəng müalicəsi təmin etdi. Lakin o vaxt PI5P4K-ların p53-dən məhrum hüceyrələrin böyüməsini necə dəstəklədiyi bilinmirdi.
Bu yeni tədqiqat həmin suala işıq salır və bu fermentlərin qida çatışmazlığı olan şiş mikromühitindəki xərçəng hüceyrələrinin uyğunlaşma qabiliyyətini artırdığı düşünülür.
Bu tədqiqatlara görə PI5P4K əngəlləyiciləri autofagiyaya müdaxilə edərək p53 mutasiyalı xərçəngləri müalicə edə bilər.
Lakin PI5P4K-ların rollarını və şiş metabolizmində onların p53 ilə əlaqələrini anlamaq üçün daha çox tədqiqata ehtiyac var. Emerlingin laboratoriyası p53-dən məhrum xərçəng hüceyrələrində PI5P4K fermentlərinin rolunu müəyyən etməyə yönəlib, xüsusilə təsirli seçimlərin az olduğu üçlü / triple mənfi süd vəzi xərçənglərində.
Emerling tədqiqatı ilə bağlı sözlərini belə bitirir: “Autofagiya prosesində rol oynayan fermentlərin dərmanlara qarşı həssas olduğunu bilirik və buna görə özünəməxsus birləşmələrdən istifadə edərək bu fermentləri hədəfləsək, xərçəng və autofagiya ilə əlaqəli hallar üçün uğurlu müalicə üsulu hazırlaya bilərik.”
Mənbələr
Phosphatidylinositol-5-Phosphate 4-Kinases Regulate Cellular Lipid Metabolism By Facilitating Autophagy.
Molecular Cell, May 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.