Polimeraza zəncir reaksiyası 1983 – Genetik materialın mətbəəsi

1983-cü ildə Kaliforniyada magistral yolda hərəkətdə olarkən biokimyaçı Kary Mullisin ağlına genetik materialın mikroskopik bir telini milyardlarla dəfə kopyalamaq fikri gəldi. Bu proses o vaxtdan bəri tibbdə saysız-hesabsız tətbiqdə istifadə edildi. Bu fikir, polimeraza zəncir reaksiyası (Polymerase Chain Reaction – PCR), bir milyard dollarlıq sənayeyə çevrildi, lakin Mullis işəgötürənindən cəmi 10000 dollar mükafat ala bildi. Bəlkə də on il sonra aldığı Nobel mükafatı onun üçün nəhəng təsəlli mükafatı olmuş ola bilər.
Alimlər adətən işləmək üçün DNA genetik ardıcıllığının müəyyən miqdarına ehtiyac duyurlar. Lakin təməlqoyan PCR texnikası DNA-nı kopyalayan və məhlulun temperaturu artdıqda da pozulmadan qalan Taq polimeraza fermentinin köməyi ilə məhlulun içində tək bir DNA molekulu qədər kiçik maddə ilə başlaya bilər. (Taq polimeraza Amerikanın Yellowstone Milli Parkındakı isti bulaqdan götürülmüş bakteriyadan təcrid edilmişdir.) Qarışığa həmçinin praymerlər də əlavə edilir; bunlar araşdırılan ardıcıllıqdan əvvəlki və sonrakı bir mövqedə nümunə DNA-ya bağlanan qısa DNA seqmentləridir.
Təkrarlanan isitmə və soyutma dövrləri zamanı polimeraza praymerlər arasında nümunə DNA-nın getdikcə daha çox nüsxəsini sürətlə yaratmağa başlayır. Termal dövr DNA tellərinin kopyalama prosesi üçün lazım gəldikdə təkrar-təkrar ayrılıb bir araya gəlməsinə imkan verir.
PCR bir çox sahədə istifadə olunur;
- Qida mənşəli patogenləri aşkar etmək
- Genetik xəstəlikləri müəyyən etmək
- AIDS xəstələrində HIV viruslarının səviyyəsini qiymətləndirmək
- Atalıq testlərində
- Hadisə yerində qoyulmuş DNA izlərinə görə cinayətkarları tapmaq
- Fosillərdəki DNA-nı araşdırmaq
Həmçinin PCR İnsan Genomu Layihəsinin irəliləməsində də böyük rol oynamışdır.
Tibb jurnalisti Tabitha Powlege belə yazır:
"PCR mətbəənin ixtirasının yazılı material üçün etdiyini genetik material üçün edir; kopyalamağı asan, ucuz və əlçatan hala gətirir."
New York Times isə Mullisin ixtirasından bu şəkildə bəhs edir:
"Biologiya PCR-dən əvvəl və PCR-dən sonra olmaqla iki dövrə ayrılır."
Yazıda adı çəkilən tarixi şəxslər: Kary Banks Mullis (doğ. 1944)
- Əvvəlki mövzu: Epigenetika 1983 – Ətraf mühit amillərinin genlərlə əlaqəsi
- Sonrakı mövzu: Peptik xoralar və bakteriyalar 1984 – Helicobacter Pylori
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.