Pozitron emissiya tomoqrafiyası (PET) 1973 – Üçölçülü tibbi görüntüləmə

Star Trek (Ulduz yolu) filmində uydurma kosmik gəmilər antimaddə–maddə reaksiyaları ilə enerji alırdı. Lakin bu gün həqiqi antimaddə–maddə reaksiyalarının pozitron emissiya tomoqrafiyası (PET) adlanan üçölçülü tibbi görüntüləmə texnikasında praktik tətbiqini görə bilirik.
PET müayinəsi X-şüaları və maqnetizmdən istifadə edən CAT (Kompüterli Aksial Tomoqrafiya) və ya MRG (Maqnit Rezonans Görüntüləmə) kimi digər müayinə üsullarından fərqli olaraq bədənin və toxumaların funksiyası barədə ətraflı məlumat verir.
- PET müayinəsinə hazırlıq olaraq xəstəyə siklotronda (zərrəcik sürətləndiricisində) hazırlanmış radioaktiv flüor atomu ehtiva edən şəkər flüorodeoksiqlükoza (FDG) kimi radioaktiv maddə yeridilə bilər.
- Xərçəng hüceyrələri kimi metabolik baxımdan aktiv hüceyrələr daha az aktiv hüceyrə və toxumalardan daha çox FDG-ni udur.
- Flüor atomu parçalandıqda müsbət elektrik yükünə malik elektronun antimaddə forması olan pozitron buraxır.
- Pozitron adi elektronla toqquşaraq qamma şüaları (yüksək enerjili şüalanma) şəklində enerji partlayışı yaradır.
- Sonra bu qamma şüaları xəstəni əhatə edən dairəvi detektorlar tərəfindən aşkar edilir və yüksək FDG konsentrasiyalarının yerini müəyyənləşdirməyə kömək edir.
Hazırda PET skanerləri metabolik və anatomik məlumatların uyğunluğunu daha yaxşı göstərmək üçün tez-tez CAT skanerləri ilə birləşdirilir. Radioaktiv flüorun qısaömürlü olması səbəbindən xəstənin şüalanma dozası aşağı ola bilər.
PET-in inkişafına bir çox texnologiya mütəxəssisi töhfə verib. Məsələn;
- 1953-cü ildə amerikalı fizik Gordon Brownell beynin tibbi görüntülənməsində pozitronların istifadəsi ilə bağlı ilk tədqiqatları aparmışdır.
- 1973-cü ildə amerikalı biofizik Michael E. Phelps PET cihazını ixtira etmişdir. Sonra müasir sistemlər üçün prototip olan digər nəsil PET skanerləri üzərində işləmişdir.
PET müayinələri CAT və MRG qədər aydın olmasa da, şişləri və xərçəngin yayılmasını aşkar etməkdə, xərçəng müalicəsinin effektivliyini müəyyənləşdirməkdə, ürək əzələsində qan axınını araşdırmaqda, tutmaları və epilepsiyanı qiymətləndirməkdə, xəstəliyin gedişini proqnozlaşdırmaqda faydalı ola bilər.
Həmçinin Alzheimer xəstəliyinin başlanğıcının müəyyənləşdirilməsinə və onun Parkinson xəstəliyi, Huntington xəstəliyi və vaskulyar demensiya kimi digər xəstəliklərdən fərqləndirilməsinə töhfə verib.
Yazıdakı şəklin izahı: Xəstəyə izləyici maddə FDG yeridildikdən sonra beynin PET müayinəsinin “kəsiyi”. Qırmızı sahələr yüksək konsentrasiyada toplanmış FDG-ni göstərir. Mavi sahələr çox az izləyici maddə toplanan nahiyələrdir.
Yazıda adı çəkilən tarixi şəxslər: Gordon L. Brownell (1922–2008), Michael E. Phelps (d. 1939)
- Əvvəlki mövzu: Siklosporin 1972 – Köçürülmüş orqanlar artıq rədd edilmir
- Sonrakı mövzu: Statinlər 1973 – Xolesterol dərmanlarının kəşfi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.