Qaçışçı dizi xəstəliyi (xondromalasiya) nədir? Əlamətləri və müalicəsi

İdman / məşq sağlam həyatın ayrılmaz hissəsidir. İdman insanı gümrah hiss etdirir, həyat keyfiyyətini artırır. Bu əhəmiyyəti anlayan insanların çoxu az miqdarda da olsa gəzinti, qaçış kimi hərəkətləri gündəlik rejiminə daxil edib. Lakin idman edərkən idman zədələrinə və müxtəlif travmalara qarşı da diqqətli olmaq lazımdır. Uzunmüddətli idman əzələ, sümük və oynaqlarımızdan ibarət dayaq-hərəkət sistemində bir qədər gərginlik və təzyiq yaradır. Bu təzyiq yanlış edilən hərəkətlərlə birləşdikdə idman zədələri yarana bilər. 2016-cı ildə Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (US-CDC “Centers for Disease Control and Preventation”) ABŞ-da apardığı tədqiqat hər il 8-24 yaşlı 8.6 milyon şəxsin idman qəzası keçirdiyini göstərib (Mənbə 1). Yeddidən yetmişə hər kəsin başına gələ biləcək bu qəzalar çoxsaylı zədələrə səbəb ola bilər. Sınıq, çıxıq, vətərin qopması/cırılması, burxulma yarana biləcək əsas zədələrdir (baxın ən çox görülən 7 idmançı zədəsi və qorunma yolları).
İlk seçim: RICE
Zədə almısınızsa, Beynəlxalq Artrit və Əzələ-Skelet Dəri Xəstəlikləri İnstitutunun tövsiyəsinə görə adı ingiliscə “Rest (dincəl), Ice (buz tətbiq et), Compression (təzyiq tətbiq et), Elevation (yuxarıda saxla)” sözlərinin baş hərflərindən qısaldılan RICE müalicəsi tətbiq oluna bilər (2).
Zədəniz ciddi deyilsə, RICE üsulu yaxşı nəticə verəcək. Bu tövsiyəni 2 həftə tətbiq edib nəticə almasanız, daha ciddi problemlər düşünüləcəyindən həkimə görünməyiniz faydalıdır. Həmçinin zədə zamanı oynaqdan səs eşitmisinizsə, oynaqda ciddi şişkinlik, ağrı, üzərinə basa bilməmək / hərəkət etdirə bilməmək varsa, bu pis əlamətdir və ən qısa zamanda mütəxəssisə görünməlisiniz. Bu zədələrin baş verməməsi üçün idmandan əvvəl və sonra dartınma, isinmə hərəkətlərini unutmamalıyıq. Ağırlıq məşqləri ediriksə, duruşumuzu qorumalı və istifadə etdiyimiz ağırlıqlara diqqət etməliyik. Digər çox vacib məqam mümkün zədədən sonra sağalmaq üçün özümüzə kifayət qədər vaxt verməkdir. Çünki bu zədələr təkrarlanarsa, müalicə edilməyib üzərinə gedilərsə və şəxsin oynağında da meyillilik varsa, qaçışçı dizi xəstəliyi deyilən “patella xondromalasiyasına” səbəb ola bilər.
Qaçışçı dizi xəstəliyi nədir?
Tibbi terminologiyada patella xondromalasiyası dediyimiz bu xəstəliyin nə olduğu əslində adında gizlidir. Latın dilində xondro qığırdaq; patella diz qapağı; malasiya isə quruluşun yumşalması, müqavimətini itirməsi və nəticədə bütövlüyünün pozulması deməkdir.
Bütün bu mənalara əsasən qaçışçı dizi xəstəliyini diz qapağındakı qığırdağın müəyyən səbəblərlə yumşalması və quruluşunun pozulması kimi tərif edə bilərik. Diz qapağı travmaları, həddindən artıq idman, xüsusilə diz qapağına yükü artıran xizək, qaçış, tullanma kimi idmanlarla məşğul olmaq və ya anadangəlmə diz zəifliyi bu xəstəliyə səbəb ola bilər. Əsas əlamətlər diz qapağında intensiv məşqdən və ya həddindən artıq hərəkətsizlikdən sonra yaranan ağrı və hərəkət zamanı eşidilən xırçıltı səsidir. Dizinizdə ağrı varsa və bir neçə gün ərzində yaxşılaşmırsa, mütləq həkimə müraciət etməlisiniz. Həkiminiz müayinədən sonra zədəni görmək üçün rentgen, MRG (MRT) və ya artroskopiya kimi testlər istəyə bilər. Bütün məlumatları qiymətləndirib xəstəliyin səviyyəsini müəyyənləşdirir və buna uyğun müalicə proqramı hazırlayır.
Xəstəliyin səviyyəsinə görə zamanla müşahidə altında keçə və ya uzun müalicə tələb edə bilər. Fərqli müalicə seçimləri mövcuddur. Məqsəd diz qapağı üzərinə düşən təzyiqi azaltmaqdır. Əvvəlcə oynaqdakı ağrı, şişkinlik və həssaslığı azaltmaq üçün dərman müalicəsi başlana bilər; cavab alınmazsa, öncə fizioterapiya, sonra cərrahi müalicələr düşünülür. Fizioterapiyada məqsəd diz ətrafındakı əzələləri gücləndirməkdir. Bu, velosiped sürmək və üzgüçülük kimi dizə ağırlıq salmayan məşqlərlə təmin oluna bilər. Lakin oynaqda sürüşmə varsa, müalicə cərrahi istiqamətə dəyişə bilər.
Qaçışçı dizi xəstəliyinin yaranmasının qarşısını almaqda əsas məqsədimiz dizimizi həddindən artıq yükdən və uyğunsuz hərəkətlərdən qorumaqdır. Bunun üçün ilk növbədə idmanı düzgün və bədənimizə uyğun etməliyik. İntensiv məşq zamanı dizimizə çox yük verdiyimizi hiss etsək və ya ağrımız olsa, yaxşı hiss edənədək mütləq fasilə verməliyik. Risk amilləri daşıyırıqsa, bu xəstəliyə meyilli olduğumuzu bilməli və daha diqqətli olmalıyıq. Xüsusilə dizə yük salan idman və ya dizlərimizin üstündə fiziki fəaliyyət ediriksə, mütləq dizlik taxmalıyıq. Həmçinin artıq çəkimiz dizlərin məruz qaldığı təzyiqi artırır. Buna görə çəkimizi boyumuza uyğun həddə saxlamağa da diqqət etməliyik. Risklərimizi bilib tədbir görsək, tövsiyələrə riayət etsək, özümüzü qalıcı zədələrdən qoruyarıq. Beləliklə sağlam həyat üçün lazım olan idmanı fasiləsiz, ömür boyu etmək şansımız olar.
Mənbələr
2. Sport Injuries, National Institute of Arthritis and Musculoskeletal and Skin Diseases, February 2016
3. Preventing Sports Injuries, Health Encyclopedia, University of Rochester Medical Center
4. Cedars-Sinai, Health Library, Chondromalacia
5. How to Deal with Kneecap Pain, Sutter Health
6. Evaluation of chondromalacia of the patella with axial inversion recovery–fast spin‐echo imaging, Journal of Magnetic Resonance Imaging, March 2001
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.