Qan testi ilə xərçəngə 4 il əvvəldən diaqnoz qoymaq mümkün olacaqmı?

İrəli mərhələlərdə xərçəng müalicəsi hələ də istənilən qədər sevindirici deyil. Buna görə xərçəngi erkən mərhələdə aşkarlamaq xəstəliyin nəticələrini yaxşılaşdırmaq üçün ən əsas strategiya olaraq qalır. Erkən diaqnoz mümkün olduqda şişin cərrahi yolla bədəndən çıxarılması və ya dərman müalicəsi ilə sağqalım göstəriciləri artır. Tədqiqatlar göstərir ki, erkən aşkarlanmış xərçəng xəstələrində 5 illik sağqalım %91 olduğu halda, irəli mərhələdə aşkarlananda 5 illik sağqalım ümumilikdə %26-ya qədər azalır. Bu nəticələr xərçəngə mümkün qədər erkən diaqnoz qoyulmasının çox vacib olduğunu göstərir.
Hazırda kolonoskopiya, prostata spesifik antigen, mammoqrafiya və servikal sitologiya daxil olmaqla bir neçə xərçəng növü üçün məhdud sayda skrininq testi mövcuddur (baxın: bütün xərçəng skrininq testləri). Lakin bəzi testlərin effektivliyi barədə suallar var. Bir çox xərçəng növündə təsirli, müdaxiləsiz (bədənin bütövlüyünü pozmayan, qeyri-invaziv) erkən skrininq seçimi yoxdur.
Maye / qandan biopsiya və xərçəng diaqnostikasında əhəmiyyəti
Son vaxtlarda qanda dövr edən şiş DNA-sı (ctDNA) ümidverici xərçəng biomarkerinə çevrilib. Maye biopsiyayəni qan testi ilə ctDNA aşkarlanmasının xərçəngi müəyyənləşdirmək üçün qeyri-invaziv üsul olmaqla yanaşı, irəli mərhələli xərçənglərdə fərdiləşdirilmiş müalicənin seçilməsində və müalicədən sonra bədəndə qalan xərçəngin müəyyən edilməsində faydalı olduğu tapılıb. Lakin istifadə edilən diaqnostik testlərin çoxu əvvəllər xərçəng diaqnozu qoyulmuş xəstələrdə xərçəngi aşkar etməyə yönəlir. Bundan başqa, az sayda tədqiqat məhdud sayda xərçəng növündə diaqnoz qoyulmazdan əvvəl xərçəngin mövcudluğunu aşkar edə bilib. ctDNA-nın erkən diaqnozdakı üstünlükləri ilə yanaşı bəzi məhdudiyyətləri istifadəsini çətinləşdirir. Xüsusilə erkən mərhələli xərçənglərdə plazmadakı xərçəng DNA-sının az olması üsulun effektivliyini azaldır. Tipik ctDNA mutasiya skrininqində istifadə olunan testlər səhvə meyilli ola bilər və bu, testin etibarlılığını azaldır. Eyni zamanda şiş hüceyrələrinin təkamül xüsusiyyəti çoxlu mutasiyanın yaranmasına, bu isə nəticəyə çatmaq üçün yoxlanmalı mutasiyaların artmasına səbəb olaraq işi çətinləşdirir.
Xərçəngin erkən diaqnozuna ümid verən tədqiqat
Bütün bu çatışmazlıqlar alimləri xərçəngin müxtəlif nahiyələrə yayılmadan mümkün qədər yüksək dəqiqliklə erkən aşkarlanması və müalicədən ən yaxşı cavabın alınması üçün istifadə olunacaq diaqnostika üsulunu araşdırmağa yönəldir. Nature Communications adlı jurnalda 21 iyulda dərc edilmiş tədqiqat qan testi ilə hər hansı simptom yaranmazdan əvvəl xərçəngin aşkarlanmasına imkan verərək böyük ümid yaratdı.
Tədqiqatda iştirak edən Kun Zhang nəticələrin əhəmiyyətini belə xülasə edir: ”Apardığımız tədqiqatda insanlardan toplanıb təhlil edilən qan nümunələri ilə təxminən 4 il əvvəldən xərçəngə diaqnoz qoya bildik. Bu, indiyədək edilməmiş tədqiqat idi”. Xərçəng üçün qan testlərinin hazırlanması səyləri adətən xəstəlik diaqnozu almış şəxslərdən qan nümunələri götürülməsini əhatə edirdi. Sonrakı mərhələdə adətən genetik mutasiyalar, DNA metilləşməsi (DNA-da baş verən epigenetik dəyişikliklər) və ya müəyyən qan zülalları təhlil edilərək toplanmış nümunələrdə xərçəng hüceyrələrinin düzgün aşkarlanıb-aşkarlanmadığı araşdırılırdı.
Əvvəlki bu üsuldan fərqli olaraq yeni tədqiqatda Zhang və həmkarları hər hansı xərçəng diaqnozu qoyulmazdan əvvəl insanlardan qan nümunələri toplamağa başladılar. 2007-ci ildə başlayan tədqiqatda 123 mindən çox sağlam şəxsdən nümunələr götürüldü və sonrakı 10 ildə təxminən 1.000 nəfərdə xərçəng aşkarlandı. Tədqiqatçılar mədə, qida borusu, kolorektal (yoğun bağırsaq), ağciyər və qaraciyər kimi ən çox rast gəlinən xərçənglər üçün test hazırlamağa yönəldilər. PanSeer adlı hazırlanmış testdə genetik aktivliyi dəyişdirən epigenetik qrupun DNA-ya əlavə olunması (DNA metilləşməsi) müəyyən edilir. Bu aşkarlama üsulunun seçilməsinin səbəbi əvvəlki çoxlu tədqiqatda anormal DNA metilləşməsinin mədəaltı vəzi və yoğun bağırsaq xərçəngi daxil olmaqla müxtəlif xərçəng növlərinə işarə edə bildiyinin göstərilməsidir.
PanSeer testinin iş prinsipi
Testin əsas prinsipi qan nümunəsindən DNA-nı ayıraraq əvvəlcə xərçəngin mövcudluğunu göstərmək ehtimalının ən yüksək olduğu 500 gen nahiyəsində DNA metilləşməsini ölçməkdir. Alqoritmə əsaslanan bu üsulda tapıntılar əsasında şəxsin xərçəng olma ehtimalını göstərən vahid bal təqdim edilir. Tədqiqatçılar xərçəng yaranmış 191 iştirakçının və eyni sayda sağlam şəxsin qan nümunələrini yoxladılar. Tədqiqat nəticəsində təxminən %90 dəqiqlik və %5 yanlış müsbət nisbəti ilə əlamətlər yaranmazdan 4 il əvvəl xərçəng aşkar edilə bildi.
Tədqiqatda iştirak etməyən alimlərin mühüm iş adlandırdıqları PanSeer testinin klinik istifadəsi üçün də fərqli tədqiqatçılar tərəfindən müstəqil yoxlanmasının və oxşar nəticələr alınarsa klinik tətbiqə keçilməsinin xərçəng diaqnostikası və müalicəsində mühüm irəliləyişlər yaradacağı bildirildi. Mühüm üstünlükləri olsa da, yanlış müsbət nəticə riski səbəbindən testin əvvəlcə yüksək risk qrupundakı şəxslərə tətbiqinin daha yaxşı olacağınıbildirən Prof. Usha Menon həkimlərin konkret xərçəng növünü müəyyənləşdirmək və yanlış müsbət halları aradan qaldırmaq üçün ikinci test paneli hazırlamalı olduğunu vurğulayır. Yeni tədqiqatlara ehtiyac fikri ilə razılaşan Zhang testin ölüm göstəricisi çox yüksək xərçəng növlərində böyük fərq yarada biləcəyini, xüsusilə mədəaltı vəzi xərçəngi üzrə işlərinin davam etdiyini bildirir. Molekulyar patoloq Colin Pritchard-ın şərhi belədir: “Bu qan testləri əlçatan olduqda belə, yəqin ki, bütün xərçəngləri əlamət verməzdən əvvəl aşkar etmək mümkün olmayacaq. Hər xərçəngin böyümə xüsusiyyəti fərqlidir. Çox sürətli böyüyən xərçənglər ildə bir dəfə skrininq aparılsa belə erkən aşkarlanmaya bilər. Digər tərəfdən, qan plazmasında ölçülə bilən siqnal yaratmadıqları üçün bəzi xərçəng növlərini qan testi ilə aşkarlamaq mümkün deyil. Hazırda düzgün qan əsaslı skrininq testi olmasa da, bu sahədə işlər sürətlə davam edir. Bu, nail olmaq mümkün olmayan proses deyil.”
Nəticə və şərh
Tədqiqatın nəticələri son dərəcə həyəcanvericidir. Xüsusilə ölüm göstəricisi yüksək olan xərçənglərdə erkən diaqnoz çox vacibdir. Nəticələrin irəli sürdüyü kimi xərçəngin bir neçə il kimi uzun müddət əvvəldən aşkarlanması düzgün müalicə planı ilə şəxsin həyat keyfiyyətini mütləq artıracaq. Unudulmamalı məqam %5 nisbətində yanlış müsbət nəticələrdir. Klassik xərçəng skrininqində müəyyən yanlış müsbətlik qəbul edilə bilər. Lakin xərçəng hələ radioloji görünməmiş maye biopsiya ilə bir şəxsə “səhvən” gələcəkdə yüksək ehtimalla xərçəng olacağını deməyin həm tibbi, həm hüquqi, həm də etik problemləri olacaq. Maye biopsiyanın erkən xərçəng diaqnostikasında rutin istifadəsi üçün həm təsdiqləyici tədqiqatlar, həm də hüquqi baza lazımdır.
*
Mənbələr
Non-invasive early detection of cancer four years before conventional diagnosis using a blood test.
Nature Communications, 21 Kuly 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.