Qida əlavəsi satan 10 şirkətə FDA xəbərdarlıq etdi

ABŞ Qida və Dərman İdarəsi (FDA) Dərman və Kosmetika Qanununu (FD&C Qanunu) pozaraq depressiyanı və digər psixi sağlamlıq pozuntularını müalicə etmək məqsədilə qida əlavəsi satan 10 şirkətə xəbərdarlıq etdi. Bu şirkətlərə Enlifta LLC; Lifted Naturals; Mountain Peak Nutritionals; SANA Group LLC.; Wholesome Wellness; Dr. Garber’s Natural Solutions; ProHealth Inc.; Blossom Nature LLC; FDC Nutrition Inc.; və Silver Star Brands, Inc. daxildir.
Bu əlavələr depressiyanı və psixi sağlamlıq pozuntularını müalicə etmək üçün bazara çıxarılır. Lakin bunlar istehlakçılara potensial zərər verə bilən, dərman kimi təsdiqlənməmiş məhsullardır. Pandemiya dövründə insanlar depressiyaya daha meyilli olmuş ola bilərlər (baxın xərçəng pasiyentinin koronavirus pandemiyasında psixoloji düşmənləri). FDA-nın Qida Təhlükəsizliyi və Tətbiqi Qidalanma Mərkəzindəki Qida Əlavələri Proqramları Ofisinin direktoru Steven Tave insanları qanunsuz əlavələrdən qorumaq üçün hərəkətə keçdiklərini bildirdi.
FD&C Qanununa görə xəstəliyi sağaltmaq, müalicə etmək və ya yüngülləşdirmək məqsədli məhsullar qida əlavəsi adı altında etiketlənsə belə dərman qrupuna daxildir. Buna görə dərmanlara aid tələblərə tabedir. FDA-nın təsdiqlədiyi dərmanlardan fərqli olaraq bu dərmanların uyğun dozasının nə ola biləcəyi, istifadə məqsədinə uyğunluğu, digər dərmanlarla qarşılıqlı təsiri və əlavə təsirləri qiymətləndirilməyib.
İstehlakçılar ümumilikdə xəstəliklərin qarşısını almaq, yüngülləşdirmək və ya sağaltmaq məqsədilə satılan məhsullara qarşı diqqətli olmalıdırlar. FDA hər hansı qida əlavəsi və dərmandan istifadə etməzdən əvvəl həkim, əczaçı və ya digər səhiyyə mütəxəssisindən dəstək almağı tövsiyə edir. Bəzi əlavələr dərmanlarla və ya digər əlavələrlə qarşılıqlı təsirə girə bilər. Həmçinin iddialar gerçək ola bilməyəcək qədər yaxşı səslənirsə, yəqin ki, elədir. İstehlakçı məhsulun reaksiya və ya xəstəlik yarada biləcəyini düşünürsə, dərhal dayandırmalı və həkimi ilə əlaqə saxlamalıdır.
FDA sözügedən şirkətlərdən niyə qanunu pozmadıqlarını düşündüklərinə dair müdafiələrini bildirmələrini tələb etdi. Pozuntuların dərhal düzəldilməməsi məhsulların müsadirəsi kimi hüquqi tədbirlərlə nəticələnə bilər.
ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin qurumu olan FDA insanlar və heyvanlar üçün istifadə edilən dərmanların, peyvəndlərin, digər bioloji məhsulların və tibbi cihazların təhlükəsizliyini və effektivliyini təmin etməklə ictimai sağlamlığı qoruyur. Həmçinin qidaların, kosmetikanın, qida əlavələrinin, elektron radiasiya yayan məhsulların və tütün məhsullarının tənzimlənməsinə cavabdehdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.