Xərçəng hüceyrəsinin immun sistemindən yayınmasına yarayan yeni dərman hədəfi

Xərçəngin əsas xüsusiyyətlərindən biri xərçəng hüceyrələrinin immun sistemi hüceyrələrinin hücumlarından yayınmağı öyrənməsidir. Alimlər bədənimizin xərçəng hüceyrələrinin immun cavabına necə nəzarət etdiyinə dair diqqətçəkici yeni mexanizm aşkar etdilər. Bu kəşf gələcək xərçəng müalicələri üçün potensial ola bilər.
Şərqi Anglia Universitetindən (UEA) bir qrup alimin Quadram İnstitutu, Earlham İnstitutu və Norfolk və Norwich Universitet Xəstəxanası ilə əməkdaşlıqda apardığı və Journal of Clinical Investigation jurnalında dərc edilmiş yeni tədqiqatda xərçəngi müalicə etmək üçün immun sistemindən daha çox necə faydalanmaq mümkün olduğu izah edildi.
Tədqiqatçılar “nəticələrin leykozlu insanların müalicəsinə yönəlmiş yeni yanaşmaların hazırlanmasına necə kömək edəcəyini” bildirdilər. Özlərinin “müalicəsi çox çətin” adlandırdıqları kəskin mieloid leykoz (AML) üzərində işləyən komanda xüsusən AML-nin sümük iliyində makrofaq LC3 ilə əlaqəli faqositozun rolunu araşdırdı.
AML-nin başlanmasının, çoxalmasının və kimyaterapiyaya müqavimətinin sümük iliyi mühitində necə tənzimləndiyini və xərçəng hüceyrəsinin ölümündən sonra qalan hər hansı apoptotik qalığın "solid (orqan) şişlərə qarşı immunoloji reaksiyanı və böyüməni tənzimləməkdə" rol oynadığını irəli sürən tədqiqatçılar elmi sübutlar təqdim etdilər.
Leykozu məhv etmək üçün immun sisteminin fəallaşdırılması
Alimlər in vivo (heyvan) təcrübələrində sümük iliyi makrofaqlarının tükənməsinin AML böyüməsini artırdığını tapdılar və LC3 ilə əlaqəli faqositozun “AML mikromühitində ölmüş və ölməkdə olan hüceyrələrin sümük iliyi makrofaq faqositozunun üstün gələn üsulu” olduğunu göstərdilər. “LC3 ilə əlaqəli faqositozun hədəfli inhibisiyasının apoptotik hüceyrələrin və cisimciklərin toplanmasına səbəb olaraq leykoz böyüməsini sürətləndirdiyini” açıqladılar.
Komanda immun sisteminin leykoz hüceyrələri ilə mübarizə aparmaq üçün necə fəallaşdırılacağını müəyyən etdi və makrofaqların immun sisteminin yaxşı qurulmuş aktivatoru olan STING zülalı (İnterferon Genlərinin Stimulyatoru) vasitəsilə xərçəng hüceyrələrinə hücum etmək üçün proqramlaşdırıla biləcəyini tapdı. Həmçinin “artan faqositozla əlaqəli mexanizm vasitəsilə AML böyüməsini basqıladığını” tapdıqlarını söylədilər.
Tədqiqatın rəhbəri, UEA Norwich Tibb Məktəbindən Dr. Stuart Rushworth: “Nəticələrimiz düzgün siqnallar verildikdə immun sisteminin xərçəngə hücum etmək üçün necə istifadə edilə bildiyi barədə fikir verir. Kimyaterapiyaya baxmayaraq az miqdarda qalan xəstəlik üzündən xərçəng müalicəsindən sonra xəstələrdə çox vaxt residiv (təkrarlanma) ola bilər. Tədqiqatımız bu bioloji hadisənin hədəflənməsinin leykozu sümük iliyindən məhv etməyə kömək edə biləcəyini ortaya çıxarıb.”
Gələcək müalicələr üçün ümid
Quadram İnstitutundan Dr. Naiara Beraza: “Bu tədqiqatda xərçəng hüceyrələrinin öz böyümələrini dəstəkləmək üçün insanın immun cavabına nəzarət etməsində yeni mexanizm aşkar etdik. Bu nəticələr leykozun müalicəsinə yönəlmiş gələcək müalicələrin hazırlanmasını təmin edəcək.”
Tədqiqatçılar nəticələrini “AML sümük iliyi mikromühitindəki apoptotik qalıqların makrofaq LC3 ilə əlaqəli faqositozunun şiş böyüməsini necə basqıladığı” şəklində ümumiləşdirdilər.
Xəstələr üçün artan ümid olduğunu deyən Dr. Rushworth “Hazırda təəssüf ki, kimyaterapiya leykozlu insanları müalicə etmək üçün həmişə kifayət etmir. Gələcəkdə nəticələrimizin kimyaterapiya dərmanlarının daha yaxşı işləməsinə kömək edəcək immun cavabını hazırlamaqla leykozlu insanlar üçün müalicə hazırlanmasına kömək edəcəyini ümid edirəm.” dedi.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.