Xərçəng müalicəsində yeni hədəf: karbonmonoksid

Karbonmonoksid (CO) zəhərli qazdır və eyni zamanda hüceyrələr arasında istifadə edilən siqnal molekuludur. Bəzi tədqiqatlar CO-nun süd vəzi xərçənginə qarşı potensial təsirlərini irəli sürür. Lakin insanlara təsiri barədə məlumatlar məhduddur.
Süd vəzi xərçəngi və karbonmonoksid zəhərlənməsi
Oktyabr 2020-də Scientific Reports jurnalında dərc edilən tədqiqatda Tayvan Milli Zəhərlənmə Məlumat Bazasından əldə edilən 2002 ilə 2009-cu illər arasında CO zəhərlənməsi keçirmiş qadınların siyahısı ilə CO-nun süd vəzi xərçəngi riski əlaqəsi qiymətləndirildi. 2014-cü ilə qədər izlənən 7.053 qadın CO zəhərlənməsi keçirməmiş 42.318 qadınla müqayisə ediləndə zəhərlənmə keçirənlərdə süd vəzi xərçəngi riskinin daha aşağı olduğu tapıldı (%0,7 vs. %1,0); aradakı %0,3 fərq statistik əhəmiyyətli sayılmışdır.
Yaş, aylıq gəlir, coğrafi yer, hipertoniya, diabet və hiperlipidemiya kimi amillər nəzərə alınanda tədqiqatçılar CO zəhərlənməsinin insanlarda süd vəzi xərçənginə qarşı potensial qoruyucu təsiri ola biləcəyini irəli sürdülər. Buradan əlbəttə CO zəhərlənməsinin xərçəngdən qorunma və ya müalicə üçün istifadə edilə biləcəyi nəticəsi çıxmamalıdır; lakin hüceyrə CO siqnal yolunun müalicədə potensial hədəf ola biləcəyi düşünülməlidir. Bu, araşdırmağa dəyər mövzu ola bilər. CO-ya məruz qaldıqdan sonra süd vəzi xərçəngi riskinin azalması CO-nun birbaşa zəhərli təsirinə və ağır hipoksiya (oksigen azlığı) səbəbindən xərçəng hüceyrələrinin ölümünə bağlana bilər.
Lakin tədqiqatda ailə anamnezi, reproduktiv anamnez, fiziki fəaliyyət və bədən kütlə indeksi kimi amillərin daxil edilə bilməməsi, süd vəzi xərçənginin kişilərdə nadirliyi nəzərə alınaraq kişi iştirakçıların olmaması, iştirakçıların nisbətən gənc olması (orta yaş 34 idi), zəhərlənmə keçirənlərlə keçirməyənlər arasında xəstəliyin mərhələsinin, ER/PR/HER2 vəziyyətinin müqayisə edilməməsi və sağqalımın qiymətləndirilməməsi kimi çatışmazlıqlar var. Buna görə mövzu barədə qəti nəticə demək mümkün olmadığından daha çox tədqiqata ehtiyac var.
Xərçəng və karbonmonoksid əlaqəsinə dair digər tədqiqatların xülasəsi
- Dəri altına insan pankreas xərçəngi hüceyrələri verilmiş siçanlarda CO qazı istifadə edilmişdir. CO-ya məruzqalmanın insan pankreas xərçəngi hüceyrələrinin çoxalmasını əhəmiyyətli əngəllədiyi və siçanların sağqalım göstəricilərini ikiqat artırdığı müşahidə edilmişdir.
- Başqa heyvan tədqiqatında aşağı dozalı CO-nun şiş mikromühitinə təsiri araşdırılmış, mieloid hüceyrə / makrofaq infiltrasiyası və fenotipini tənzimləməklə ağciyər xərçənginin irəliləməsinin qarşısını aldığı bildirilmişdir. Ağciyər şişlərində apoptozun induksiyası CD86 ifadəsi və mitogenlə aktivləşən protein kinaza / hüceyrəxarici siqnalla tənzimlənən kinaza 1/2 yolunun aktivləşməsi ilə əlaqələndirilmişdir.
- Laboratoriya tədqiqatında CO-nun inhalyasiyasının (nəfəsə çəkilməsinin) şiş nəzarətinə təsir edəcək şəkildə şiş hipoksiyasını artıra biləcəyi tapılmışdır. Hipoksiya şiş irəliləməsində rol oynaya bildiyi halda, ağır kəskin hipoksiya tutması hipoksik mühitə davamlılıq yaranmazdan əvvəl xərçəng hüceyrələrinin ölümünə səbəb ola bilər. Buna görə süd vəzi xərçənginin klinik diaqnozundan əvvəl CO-ya məruzqalmanın zəhərlənmə keçirmiş xəstələrdə xərçəngöncəsi və ya mövcud xərçəng hüceyrələrinə təsir etmiş ola biləcəyi düşünülür.
Karbonmonoksidin potensial terapevtik (müalicəvi) təsirləri
CO antiapoptotik (proqramlaşdırılmış hüceyrə ölümünü əngəlləyən), iltihabəleyhinə və antioksidant təsirləri ilə hüceyrə və toxuma homeostazını qoruyur. Həmçinin antiproliferativ (çoxalmanı önləyən) və vazodilatator (damar genişləndirən) təsirlərə malikdir, anadangəlmə immun sisteminin güclənməsində iştirak edə bilər. CO-nun terapevtik tətbiqləri də var, lakin oksigen daşınmasına təsirindən yaranan mümkün toksiklik və sistemik CO qazı tətbiqində zəhərli dozanın nəzarəti böyük narahatlıq yaradır. CO zəhərlənməsi hipoksiya və iltihaba, daha sonra nevroloji və kardial disfunksiyaya, digər orqanların zədəsinə, hətta ölümə səbəb ola bilər.
Son illərdə CO buraxa bilən keçid metalı karbonil və ya boranokarbonat qrupu olan CORM-lar CO tətbiqində yeni yol açmışdır. Yüksək CO konsentrasiyaları mitoxondrial tənəffüs sisteminin inhibisiyası, oksidləşdirici stressin induksiyası və reaktiv oksigen növlərinin yaranması vasitəsilə sitotoksik (hüceyrə öldürən) təsirlər göstərir. CORM-lar hədəf şişlərə spesifik sitotoksiklik üçün yüksək miqdarda CO-nun yerli buraxılmasını təmin edə bilər.
Bir tədqiqatda CORM növü RuCO ilə müalicənin insan MCF7 və MDA-MB-231 süd vəzi xərçəngi hüceyrələrinin böyüməsini azaltdığı tapılmışdır. Digər tədqiqatda CO buraxan foto-CORM olan manqan karbonil komplekslərinin süd vəzi xərçəngi hüceyrələrini dozadan asılı məhv etdiyi, müəyyən konsentrasiyasının isə onların təxminən %40-nı öldürdüyü görülmüşdür.
CORM-la yanaşı CO-nun pankreas xərçənginə və ağciyər adenokarsinomasına qarşı xərçəngəleyhinə potensialı da önə çıxır.
Nəticə
Tayvanda CO zəhərlənməsi keçirmiş və keçirməmiş qadınlarda süd vəzi xərçəngi riski tədqiqatına, eləcə də CO-nun xərçəng mikromühiti, hüceyrə yolları və s. üzərində təsirlərini araşdıran işlərin nəticələrinə əsasən CO ilə xərçəng arasında əlaqədən danışmaq olar. Lakin CO-nun zəhərli təsiri onun terapevtik istifadəsini məhdudlaşdırır. Yenə də tədqiqatlarda bildirildiyi kimi CO-nun hər mövzu ilə əlaqəsinin daha ətraflı araşdırılmasına ehtiyac var.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.