Xərçəngdə düzgün müalicə seçiminə kömək edəcək biomarker kəşfində mühüm addım

Xərçəngdə həyat itkilərinin yüksək olmasının səbəbləri təsirli müalicələrin hazırlanmaması və erkən diaqnozda, müalicədə kömək edəcək biomarkerlərin kəşf edilməməsidir. Buna görə kəşf edilən hər biomarker xərçəng müalicəsində böyük fayda verəcəkdir. Avqust 2016 tarixində nüfuzlu elmi jurnal Nature Communications’da dərc edilmiş tədqiqatda aşkarlanan 14 genin döş və ağciyər xərçənginin gedişini təxmin etməkdə mühüm rol oynadığı bildirilmişdir.
Xərçəng müalicəsində qarşılaşılan əsas çətinliklərdən biri xəstə üçün ən doğru müalicəni müəyyən etməyə çalışmaqdır. Məsələn, erkən mərhələdə diaqnoz qoyulmuş xəstənin əməliyyatdan sonrakı qoruyucu (adyuvant) kimyaterapiya və ya radioterapiyadan nə qədər fayda görəcəyini təxmin etmək bəzən olduqca çətin ola bilər. Son araşdırmalarda erkən mərhələ ağciyər xərçəngi xəstələrində adyuvant kimyaterapiyanın 5 illik sağqalıma töhfəsinin yalnız təxminən % 10 olduğu müəyyən edilmişdir.
Buna görə xəstənin ağır, hətta bəzən gərəksiz müalicə almasını əngəlləyəcək, düzgün müalicə qərarına kömək edəcək biomarkerlərə ehtiyac vardır.
Bu barədə həyəcanverici tədqiqatlar genetika elmindən gəlir. Araşdırmada genlərin idarəsinə cavabdeh zülalların analizi aparılmışdır. Məlum olduğu kimi xərçəngin 10 əsas xüsusiyyətindən biri genomik qeyri-sabitlikdir (instabillik). Yəni gen zədələrinin toplanaraq gen funksiyalarını pozmasıdır. Genomik pozuntulara səbəb olan ən böyük amil hüceyrə çoxalarkən genetik məlumatın hüceyrələrə bərabər paylanmamasıdır. Hüceyrələrə genetik məlumatın bərabər miqdarda paylanmasını təmin edən əsas molekullar sentrosomlardır. Tədqiqatçılar şiş toxumalarında qabaqcıl genetik analizlərlə sentrosom funksiyalarını idarə edən genləri tapmağa çalışmışlar.
Araşdırma nəticələrinə görə,
- Sentrosom funksiyalarını idarə edən 31 gendən 14-ünün fəaliyyəti xərçəng hüceyrələrində yüksəkdir.
- Xromosom pozuntuları artdıqca, yəni genomik qeyri-sabitlik nə qədər çoxdursa, xərçəng hüceyrələrinin kimyaterapiya və radioterapiyaya daha həssas olduğu müəyyən edilmişdir.
Lakin xromosom pozuntularının çox olmasının adyuvant müalicə almayan xəstələrdə sağqalımı artırdığına dair əlaqə tapılmamışdır.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Genetik biomarkerlər klinik və patoloji biomarkerlərdən daha təsirli nəticələr verir. Bu tədqiqatla aparılan genetik analizlər vasitəsilə xəstənin müalicəyə cavab verib-verməyəcəyi əvvəlcədən təxmin edilə bilər.
Xərçəng müalicəsi ən yaxşı multidissiplinar yanaşma ilə aparıla bilər. Genetika və bioinformatika kimi əsas elmlərin xəstələrimiz üçün düzgün müalicə seçimində əhəmiyyəti getdikcə artır.
Mənbələr
Centromere and kinetochore gene misexpression predicts cancer patient survival and response to radiotherapy and chemotherapy.
Nature Communications 7, 12619 (2016)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.