Xərçəngdə uğurlu müalicə yalnız ömrün uzanmasındanmı ibarətdir?

Müasir, yəni sübutlara əsaslanan xərçəng müalicələri haqqında bir çox insan mənfi ilkin qənaətlərə malikdir. Bu qənaətlərin ən geniş yayılanı “onkoloji müalicələr ömrü uzatsa belə, həyat keyfiyyətini pozur” şəklindədir. Lakin əslində bir çox yeni xərçəng müalicəsi yalnız ömrü uzatmaqla kifayətlənmir, eyni zamanda həyat keyfiyyətini və xəstənin gündəlik fəaliyyətlərini / funksionallığını da qoruyur, hətta yaxşılaşdırır. Journal of Oncology Practice adlı jurnalda 19 İyul 2019-cu ildə dərc olunan bir tədqiqat, irəliləmiş mərhələli ağciyər xərçəngi olan xəstələr üçün uğurlu müalicənin yalnız sağqalımı artırmaqla kifayətlənmədiyini, eyni zamanda həyat keyfiyyətini də qoruduğunu göstərdi.
Xəstələrdən soruşulduqda, kimyaterapiyaya başlamazdan əvvəl əksəriyyətinin (% 60.4) müalicəni yalnız sağqalım deyil, daha çox şey kimi tərif etdiyi görüldü. Çünki xəstələr yalnız daha uzun yaşamaq istəmir, eyni zamanda yaxşı həyat keyfiyyətinə malik olmaq, şəxsi hədəflərinə çatmaq və / və ya ailəsi və dostları ilə vaxt keçirmək istəyirlər.
Lakin müalicələri irəlilədikcə xəstələrin təxminən yarısı (% 47) uğur təriflərini dəyişdirdi. Məsələn, müalicə uğurunu başlanğıcda təkcə sağqalım kimi tərif edən xəstələrin % 80-i indi müalicə uğurunu sağqalım və həyat keyfiyyətinin birliyi kimi tərif etdi.
“Tədqiqatın nəticələri, həkim-xəstə ünsiyyətini yaxşılaşdıraraq və xəstələrin gözləntilərini və müalicə seçimlərini müəyyənləşdirərək xəstəyə qulluğun yaxşılaşdırılmasında faydalı ola bilər.” deyə tədqiqatın müəllifi, Augusta Universitetinin Georgia Tibb Fakültəsindən epidemiologiya professoru Dr. K.M. İslam bildirir.
Günümüzdə metastatik (irəliləmiş mərhələli) ağciyər xərçəngi üçün müalicə seçimləri sürətlə artsa da, tam sağalmaya çatdıracaq məlum bir müalicə yoxdur. Hazırda istifadə olunan kimyaterapiya rejimləri və immunoterapiyalar, xərçəngin əlamət və simptomlarını idarə etməkdə və sağqalım müddətini uzatmaqda uğurlu olmaqla yanaşı, oxşar effektivliyə malikdir. Buna görə irəliləmiş mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (KHDAK) olan xəstələrdə müalicənin əsas məqsədi adətən xəstənin ömrünü uzatmaqdır.
Bununla belə, bu günədək irəliləmiş mərhələli ağciyər xərçəngi olan bir xəstə qrupunda, xəstənin baxışına görə müalicə uğurunu tərif edən, “təkcə sağqalım” və ya “sağqalım üstəgəl həyat keyfiyyəti” kimi digər amilləri müqayisə edən hər hansı bir tədqiqat aparılmamışdır.
Sağ Qalmaqdan Daha Çoxu
Tədqiqat Yanvar 2014 ilə Aprel 2016 arasında ABŞ-ın Orta Qərb ştatlarında yerləşən səkkiz xərçəng mərkəzi və Floridada bir mərkəzdə aparıldı.
İrəliləmiş mərhələli kiçik hüceyrəli olmayan ağciyər xərçəngi olan 235 xəstəni əhatə edən tədqiqatda birinci xətt kimyaterapiyadan əvvəl, kimyaterapiya zamanı və sonrasında olmaqla hər iştirakçı ilə maksimum üç müsahibə aparıldı. Xəstələrin orta yaşı 68 idi.
İlk müsahibədə xəstələrin % 60-ı müalicə uğurunu sağqalımdan daha çox şey və qrupun təxminən dörddə biri (% 23) yaxşı həyat keyfiyyəti kimi tərif etdi. Xəstələrin % 12-si müalicə uğurunu yalnız sağqalım kimi tərif etdi.
Başlanğıcda müalicə uğurunu həm sağqalım, həm də həyat keyfiyyəti kimi bildirən demək olar ki, bütün xəstələr (% 90) son müsahibələri zamanı bu tərifi qorudular.
Digər təhlillərdə başlanğıcda müalicə uğurunu yalnız sağqalım kimi tərif edən xəstələrin % 52.4-ünün təriflərini digər hədəfləri əhatə edəcək şəkildə dəyişdirdiyi və % 23.8-inin təriflərini yalnız həyat keyfiyyətinin yaxşılaşması kimi dəyişdirdiyi görüldü.
Xəstələrin xüsusiyyətlərinə baxıldıqda 60 yaşdan aşağı və işləməyən xəstələr müalicə uğurunu yalnız sağqalım kimi tərif etməyə meyilli idilər. Çoxdəyişənli təhlillər qadın, 61-70 yaşlı və evli xəstələrin müalicə uğurunu sağqalım üstəgəl həyat keyfiyyəti kimi tərif etməsinin daha ehtimallı olduğunu göstərdi (lakin bu fərqlər statistik olaraq əhəmiyyətli deyildi).
Müalicə uğuru tərifini dəyişdirən iştirakçıların % 60-ı universitet təhsili almamışdı və müalicə uğuru tərifini dəyişdirən xəstələrin yarısından çoxu Medicare-dən faydalanırdı (qeyd: Medicare, 65 yaşdan yuxarı ABŞ vətəndaşları üçün dövlət tərəfindən təmin edilən milli sağlamlıq sığortasıdır).
İslam və həmkarları, “Xəstənin müalicə uğurunu tərif etməsi, müalicə davam etdikcə dəyişən, klinik qulluq boyunca xəstə-həkim ünsiyyətinin təmin edilməsi ilə əlaqəli bir dinamika ola bilər.” şərhini verdilər. Nəticə olaraq müasir xərçəng müalicələri ilə bir çox xəstə keçmişdə mümkün olmayan sağqalım əldə edir, bununla yanaşı uzanan ömür həyat keyfiyyətini də xərçəngə qulluğun mühüm bir komponentinə çevirir.
Yazımızı tibbdə “həyat keyfiyyəti”ni ilk tərif edən həkimlərdən biri olan Alexis Carrel-in bir sözü ilə bitirək. 20. əsrin ilk yarısına damğasını vuran və vaskulyar (damar) cərrahiyyənin, dolayısı ilə orqan nəqlinin atası sayılan Nobel mükafatlı Dr. Carel-in (1873-1944) “Həyat keyfiyyəti həyatın özündən də vacibdir.” fikri tibb dünyasında böyük təsir yaratmışdır.
Mənbələr
Patient-Defined Treatment Success: Perspectives of Patients With Advanced-Stage Lung Cancer.
Journal of Oncology Practice - Published online 19 July 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.