Xərçəngin necə yayılacağını proqnozlaşdıran süni intellekt hazırlandı

Alimlər süni intellektdən istifadə edərək xərçənglərin necə metastaz verəcəyini (yayılacağını) və təkamül edəcəyini proqnozlaşdıra bilən, bununla da hər xəstə üçün ən təsirli müalicənin hazırlanmasını təmin edə biləcək üsul hazırladılar.
Londondakı Xərçəng Tədqiqatları İnstitutu (ICR) və Edinburq Universitetinin yaratdığı komanda Revolver (xərçəngin təkrarlayan təkamülü) adlanan yeni texnika hazırladı. Bu üsul xərçənglərdəki DNT mutasiyalarından nümunələr seçir və gələcək genetik dəyişiklikləri proqnozlaşdırmaq üçün buradan əldə etdiyi məlumatlardan istifadə edir.
Şişlərin daim dəyişən təbiətinin müalicə qarşısındakı ən böyük çətinliklərdən biri olduğunu bildirən tədqiqatçılar bu dəyişikliklərlə xərçənglərin adətən dərmana davamlı formaya çevrildiyini söylədilər.
Əlaqəli mövzu:
Lakin həkimlər şişin necə təkamül edəcəyini əvvəlcədən proqnozlaşdıra bilsələr, hələ təkamül etmək və ya müqavimət yaratmaq şansı olmadan erkən müdaxilə edib xərçəngi dayandıra və bununla xəstələrin sağqalma şansını artıra bilərlər.
Komanda həmçinin müəyyən təkrarlayan şiş mutasiyası ardıcıllıqları ilə sağqalma göstəriciləri arasında əlaqə olduğunu aşkar etdi.
Bu kəşf təkrarlayan DNT mutasiya modellərinin xəstəliyin gedişi üçün göstərici kimi istifadə edilə biləcəyini və gələcək müalicəni formalaşdırmağa kömək edə biləcəyini düşündürür.
Məsələn, tədqiqatçılar 8-ci xromosomdakı mutasiyaların müşayiət etdiyi və şiş basqılayıcı zülal p53-ü kodlayan genetik materialda bir sıra səhvləri olan süd vəzi xərçənglərinin digər oxşar genetik dəyişiklikləri olanlardan daha qısa sağqalma ilə nəticələndiyini tapdılar.
Komanda oxşar xəstələrdəki şişlər haqqında məlumat ötürən yeni maşın öyrənməsi texnikası hazırladı.
Bu üsul şişlərin həm öz daxilində, həm də xəstələr arasında yaranan genetik mutasiya modellərini müəyyən edir və bir şişin mutasiya modelindən istifadə edərək başqa şişin mutasiyasını proqnozlaşdıra bilər.
Tədqiqatçılar ağciyər, süd vəzi, böyrək və bağırsaq xərçəngi ilə əlaqəli əvvəlki tədqiqatlardan seçilmiş 178 xəstədən 768 şiş nümunəsi istifadə etmiş; şişlərdəki dəyişiklikləri doğru aşkarlamaq və müqayisə etmək üçün hər xərçəng növünün məlumatlarını ayrı-ayrı təhlil etmişlər.
Təkrarlanan nümunələri müəyyən edib mövcud xərçəng biologiyası və təkamülü məlumatları ilə birləşdirərək alimlərin şişin gələcək irəliləməsini proqnozlaşdırması mümkün ola bilər.
Müəyyən nümunələri olan şişlərin müəyyən müalicəyə müqavimət yaratdığı aşkar edilərsə, bu yeni üsul xəstələrin gələcəkdə müqavimət yaradıb-yaratmayacağını proqnozlaşdırmaq üçün istifadə edilə bilər.
Araşdırma Nature Methods jurnalında dərc olundu.
Araşdırmaya rəhbərlik edən və eyni zamanda ICR-də təkamül genomikası və modelləşdirmə üzrə komanda rəhbəri Dr. Andrea Sottoriva bunları söylədi: «Güclü süni intellekt aləti hazırladıq... bu alətlə xərçəngin üstünlüklərindən birini yox etməyi ümid edirik: Növbədə nə olacağını bilmədən, proqnozlaşdırıla bilməyən şəkildə təkamül etmək qabiliyyətini.»
«Bizə gələcəyə baxmaq şansı verən bu süni intellekt alətini xərçəngin növbəti addımını əvvəlcədən proqnozlaşdıraraq daha erkən mərhələdə müdaxilə etmək üçün istifadə edə bilərik.»
ICR-in baş icraçı direktoru professor Paul Workman bunları söylədi: «Xərçəngin təkamülü xəstələr üçün daha təsirli müalicələr hazırlamaqda qarşılaşdığımız ən böyük çətinlikdir.»
«Şişin necə təkamül edəcəyini proqnozlaşdıra biliriksə, uyğunlaşma və dərman müqaviməti yaranmazdan əvvəl müalicə dəyişdirilə bilər və bu, bizi xərçəngdən bir addım önə keçirə bilər.»
Nəticə
Xərçəng hüceyrəsi davamlı mutasiyaya uğrama qabiliyyətinə malikdir. Növbəti mutasiyanı proqnozlaşdırmaq təsirli xərçəng müalicələrinə yol aça bilər. Xərçəng müalicəsində ən böyük çətinliklərdən biri də dərmanlara müqavimət yaranmasıdır. Bu üsulla dərmanlara müqavimət proqnozlaşdırılaraq yeni müalicə planları qurula bilər. Bu araşdırma süni intellektin xərçəngdə istifadəsinə yönəlmiş «klinikaya» ən yaxın yanaşmalardan biridir.
Mənbələr
Giulio Caravagna, Ylenia Giarratano, Daniele Ramazzotti, Ian Tomlinson, Trevor A. Graham, Guido Sanguinetti & Andrea Sottoriva
Nature Methods, 31 August 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.