Yəhudi həkimlərə qarşı zülm 1161

Yəhudi həkimlərə və həmkarlarına qarşı zülm tibb tarixində geniş yayılmış mövzudur. Məsələn, 1161-ci ildə yəhudi həkimlərin Mərkəzi Avropadakı Bohemiya sakinlərini zəhərləmək üçün sui-qəsd qurduğu iddia edilərək 86 yəhudi cəza olaraq diri-diri yandırıldı. Təxminən 1348-ci ildə bir çox yəhudinin taundan öldüyünə baxmayaraq, Avropada Qara ölümə (tauna) səbəb olduğu iddia edilən çoxlu yəhudi qətlə yetirildi. 1610-cu ildə Vyana Universitetinin tibb fakültəsinə görə yəhudi qanunları yəhudi həkimləri xristianları zəhərləyib öldürməyə məcbur edirdi. Alman ilahiyyatçı və protestantlığın atası Martin Luther belə yazıb: “Onlar (yəhudilər) hamımızı öldürə bilsələr, bunu məmnuniyyətlə edərlər. Tez-tez edirlər, xüsusilə həkim qiyafəsinə girənlər." Luther həmçinin insanları "sinaqoqlarını yandırmağa" çağırıb.
Orta əsr Avropasında bir neçə papa xristianların yəhudi həkimlərdən yardım istəməsini qadağan etdi və daha sonra 17-ci əsrdə Württemberg-də din xadimləri "İsa ilə ölməyin şeytandan yardım almış yəhudi həkim tərəfindən müalicə edilməkdən daha yaxşı olduğunu" elan etdilər. 1938-ci ildə Almaniya yəhudi həkimlərin lisenziyalarını ləğv etdi. Ardınca yaranan həkim çatışmazlığı Almaniyanı tibb təhsili müddətini iki il qısaltmağa məcbur etdi.
II Dünya müharibəsindən əvvəlki illərdə ABŞ tibb məktəblərində yəhudi tibb tələbələrinin və həkimlərin sayını məhdudlaşdırdı. Namizədin yəhudi olub-olmadığını qiymətləndirmək üçün rəhbərlər tələbə adlarını araşdırır və tibb fakültəsi müraciətlərində dini inanclarını soruşurdular. 1940-cı ildə Cornell Universitetinin tibb fakültəsinin dekanı hər sinfə qəbuluna icazə verilən yəhudilərin sayını məhdudlaşdırdı və Yale Tibb Məktəbində yəhudi namizədlərin müraciətləri ivrit dili (Hebrew) üçün H hərfi ilə işarələnirdi. Columbia Universitetinin Nevrologiya İnstitutunun direktoruna 1945-ci ildə şöbəsindəki bütün yəhudiləri qovması və ya istefa verməsi söyləndi. O, istefa verdi.
Bu gün belə yəhudi səhiyyə mütəxəssisləri bəzən qəribə iddialarla üzləşirlər. 1988-ci ildə Çikaqo merinin müavini yəhudiləri afroamerikalılara AIDS virusu yeritməkdə ittiham etdi, 1997-ci ildə isə tanınmış fələstinli nümayəndə israillilərin fələstinli uşaqlara HIV (insan immunçatışmazlığı virusu) yeritdiyini irəli sürdü.
Yazıdakı şəklin izahı: Alman həkim, tarixçi və xəritəçi Hartmann Schedel (1440–1514) tərəfindən Qara ölüm zamanı yəhudilərin diri-diri yandırılmasını göstərən rəsm.
Yazıda adı çəkilən tarixi şəxslər: Martin Luther (1483–1546)
- Əvvəlki mövzu: İbn Sina 1025 – İndiyədək yazılmış ən məşhur tibb dərsliyinin müəllifi
- Növbəti mövzu: Bərbər dirəyi 1210 – Bərbər-cərrahları unutmayın
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.