İbn Sina 1025 – İndiyədək yazılmış ən məşhur tibb dərsliyinin müəllifi

Orta əsrlərin müsəlman həkimləri Yunanıstan və Romanın tibbi ənənələrini qorumağa və genişləndirməyə kömək etdilər; böyük müsəlman həkim-filosofların ən nüfuzlusu Qərbdə Avicenna kimi tanınan İbn Sina idi.
Ən məşhur əsəri 700 ildən çox tibb tədrisinə əsas olmuş və Avropa tibb məktəblərində istifadə edilmiş, 1025-ci ildə tamamlanmış beş kitablıq ensiklopediya Al-Qanun fi al-Tibb (Tibb qanunu) idi. Ərəbcə yazılan və sonradan latın dilinə çevrilən əsəri Hippokrat, Galen və Aristoteldən təsirlənib. Məşhur müsəlman sələfi əl-Razi kimi İbn Sina da klinik qərarlar vermək üçün müşahidənin, təcrübənin və sübuta əsaslanan təbabətin əhəmiyyətini vurğulayıb.
Qanunda İbn Sina xərçəng cərrahiyyəsini müzakirə edir, həmçinin yoluxucu xəstəliklərin (vərəm daxil) təbiətini və karantinin faydasını aydınlaşdırmağa kömək edir. Diqqətəlayiq şəkildə mediastiniti (döş qəfəsinin ortasındakı toxumaların iltihabı) plevritdən (ağciyərləri əhatə edən plevral boşluğun örtüyünün iltihabı) ayıra bilirdi. Dərman sınağı zamanı dərmanın nəzərdə tutulmuş və "təsadüfi" təsirlərini anlamaq üçün saf olmalı, birdən çox xəstəlikdə sınanmalı və təsirinin vaxtı ölçülməli olduğunu yazırdı. Həmçinin, tibbi effektivliyi qiymətləndirmək üçün birdən çox pasiyent üzərində klinik (insan) sınaqların təkrarlanmasını tövsiyə edir və heyvanlarda dərman sınaqlarının insanlardakı təsirləri müəyyən etmək üçün kifayət etmədiyini bildirirdi. İbn Sina hallüsinasiyalar və depressiyadan iflic qurbanlarının davranışlarınadək müxtəlif psixiatrik vəziyyətlərlə çox maraqlanırdı. Əlbəttə, Qanunun qüsurları var. Məsələn, İbn Sina ürəyin iki əvəzinə üç mədəciyi olduğunu yazırdı.
Tarixçi Lawrence Conrad Qanunun "təbabətin müxtəlif sahələrini bu fənnə yüz illərlə nüfuzlu təsir göstərən dəqiqlik və diqqətlə nəzərdən keçirdiyini və İslam elminin ən təsirli və qalıcı nailiyyətlərindən biri olduğunu" yazır. Kanadalı həkim William Osler İbn Sinanı “indiyədək yazılmış ən məşhur tibb dərsliyinin müəllifi” adlandırıb və Qanunun “tibbi İncil” kimi bütün digər əsərlərdən daha uzun müddət davam etdiyini bildirib.
Yazıdakı şəklin izahı: İranın İsfahan şəhərində dərc edilmiş İbn Sinanın Tibb qanununa görə daxili orqanlar.
Yazıda adı çəkilən tarixi şəxslər: Koslu Hippokrat (460 e.ə.–377 e.ə.), Aristotel (384 e.ə.–322 e.ə.), Perqamonlu Galen (129–199), Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə əl-Razi (865–925), Əbu Əli əl-Hüseyn ibn Abdullah İbn Sina (Avicenna) (980–1037)
- Əvvəlki mövzu: Əl-Razinin hərtərəfli kitabı 900 – Tibb tarixinin ən mühüm körpülərindən
- Növbəti mövzu: Yəhudi həkimlərə qarşı zülm 1161
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.