Əl-Razinin hərtərəfli kitabı 900 – Tibb tarixinin ən mühüm körpülərindən

Orta əsr təbabətinin və İslam dünyasının ən böyük həkimlərindən biri Farsda (indiki İran) doğulmuş və Qərbdə Rhazes/ Râzî kimi tanınmış əl-Razi idi. Həyatı boyu fəlsəfə və əlkimyadan təbabətə qədər müxtəlif mövzularda 200-ə yaxın kitab yazıb.
Pediatriya haqqında ilk kitabın müəllifi idi və çiçək xəstəliyi ilə qızılcanı bir-birindən ayıran geniş müşahidələri ilə məşhurdur. Sinir sistemi lezyonlarını araşdıran və onları klinik simptomlarla əlaqələndirən ilk şəxslər arasında olub.
Akademik işlərindən əlavə yardım axtaran adi insanlar üçün də yazıb. Tibbi etikanı müzakirə edərkən, "Həkimin məqsədi düşmənimiz olsa belə yaxşılıq etməkdir. Peşəm insan nəslinin faydası və rifahı üçün qurulduğundan bizim nəslimizə zərər verməyimizi qadağan edir."
Razi Galen kimi əvvəlki məşhur həkimləri yanlış hesab edəndə onlarla tez-tez ziddiyyətə girirdi, həmçinin İslam da daxil olmaqla dini peyğəmbərlər və dinlər haqqında sərt tənqidlər səsləndirirdi. Rəvayətə görə, "Dünyanı kifayət qədər görmüşəm" deyərək kataraktalarını çıxarmağı təklif edən həkimi geri çevirib. Həyatdan küsmüş və kor halda vəfat edib.
Dönüş nöqtəsi olan əsərləri arasında Kitab al-hawi fi al-tibb (Hərtərəfli tibb kitabı, təxminən M.S. 900) tələbələrinin onun ölümündən sonra topladığı geniş tibb və müşahidə toplusudur. Bu əsər beş cildlik Tibb qanununun müəllifi, məşhur İbn Sina da daxil olmaqla İslam dünyasının sonrakı həkimlərinə ilham verib. Yəhudi həkim Faraj ben Salim 1279-cu ildə Kitab al-hawi-ni latın dilinə çevirib və 1486-cı ildə Liber Continens adı ilə çap olunandan sonra təsiri yayılıb. Kitab al-hawi təkcə həcmi ilə deyil, başqa halda əsərləri itəcək yunan, ərəb və hind həkimlərinin müzakirələri ilə də diqqətəlayiqdir. Əl-Razinin Avropada ən çox oxunan orta əsr kitablarından birinə çevrilmiş Al-tibb al-Mansuri (Kitabul-Mansur) kitabı da Avropada təsirli olub.
Yazıdakı şəklin izahı: Əl-Razinin avropalı təsviri, kremonalı Gerard-ın (1114–1187) Medical Treatises toplusunda. Gerard ərəb dilini öyrənmək və oradakı çoxsaylı ərəbcə elmi əsərləri tərcümə etmək üçün İspaniyanın Toledo şəhərinə getmiş italyan tərcüməçi idi.
Yazıda adı çəkilən tarixi şəxslər: Əbu Bəkr Məhəmməd ibn Zəkəriyyə əl-Razi (865–925), Əbu Əli əl-Hüseyn ibn Abdullah İbn Sina (Avicenna) (980–1037)
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.