Yeni immunoterapiya xərçəng müalicələrində fərq yarada bilər: anti-LAG-3 relatlimab

6 yanvar 2022 tarixində The New England Journal of Medicine-də bildirilən faza II/III RELATIVITY-047 klinik tədqiqatında Dr. Hussein Tawbi və həmkarları limfosit aktivləşmə geni 3 (LAG-3) blokatoru relatlimab immunoterapiyasının digər təsdiqli immunoterapiya PD-1 inhibitoru nivolumaba əlavə edilməsinin əvvəllər müalicə edilməmiş metastatik və ya əməliyyatla çıxarıla bilməyən melanomalı xəstələrdə proqressiyasız (irəliləməsiz) sağqalmanı əhəmiyyətli uzatdığını göstərdi.
RELATIVITY-047 tədqiqatının qısa nəticəsi
- Relatlimab + nivolumab tək nivolumabla müqayisədə proqressiyasız sağqalmanı ciddi yaxşılaşdırdı.
- Median proqressiyasız sağqalma (PFS) 10.1-ə qarşı 4.6 ay, 1 illik PFS göstəriciləri müvafiq olaraq %48-ə qarşı %36 idi.

Tədqiqatın əsası
LAG-3 və PD-1 immun sisteminin T hüceyrələrini passivləşdirən iki fərqli immun nəzarət nöqtəsidir. LAG-3 bloklayıcı anticisim relatlimab ilə PD-1 bloklayıcı anticisim nivolumab kombinasiyasının əvvəllər müalicə edilmiş melanomalı xəstələrdə təhlükəsiz və şiş əleyhinə aktiv olduğu göstərilmişdi, lakin müalicə edilməmiş melanomada təsirini araşdırmaq üçün bu tədqiqat aparıldı.
Aşağıda relatlimab və nivolumabın təsir mexanizmi sadə təsvir edilmişdi:

Tədqiqatın təfərrüatları
Bu ikiqat kor klinik tədqiqata Şimali, Mərkəzi və Cənubi Amerika, Avropa, Avstraliya və Yeni Zelandiyadan 714 xəstə may 2018 ilə dekabr 2020 arasında relatlimab/nivolumab (355 xəstə) və ya tək nivolumab (359 xəstə) almağa təsadüfi təyin edildi.
Müalicə xəstəlik irəliləyənədək və ya qəbuledilməz əlavə təsirədək hər 4 həftədə 160 mg relatlimab və 480 mg nivolumab kombinasiyası, yaxud tək 480 nivolumabdan ibarət idi.
Təbəqələndirmə amilləri;
- LAG-3 ekspressiya vəziyyəti (müsbət boyanmış immun hüceyrələrin ≥ %1-i və ya < %1-i) və
- PD-L1 ekspressiya vəziyyəti (şiş hüceyrələrinin ≥ %1-i və ya < %1-i) idi.
Ölçülmək istənən ilkin sonlanım nöqtəsi kor müstəqil mərkəzi baxışla ölçülən proqressiyasız sağqalma idi.
Nəticələr
- Mart 2021 etibarilə analizdə median izləmə müddəti 13.2 ay idi.
- Median proqressiyasız sağqalma relatlimab/nivolumab qrupunda 10.1 ay (%95 etibar intervalı [GA] = 6.4–15.7 ay), nivolumab qrupunda 4.6 ay idi (%95 GA = 3.4–5.6 ay) (təhlükə nisbəti [HR ] = 0.75, %95 GA = 0.62–0.92, P = .006).
- 12. ayda PFS %47.7 (%95 GA = %41.8-%53.2) və %36.0 (%95 GA = %30.5-%41.6) idi.
- Kombinə müalicə şiş yükü, LDH və digər proqnostik amillərdən asılı olmayaraq daha yaxşı proqressiyasız sağqalma göstərdi.

Əlavə təsirlər
Ciddi (3. və ya 4. dərəcə) əlavə təsirlər relatlimab/nivolumab qrupunun %40.3-ündə və nivolumab qrupunun %33.4-ündə oldu, %18.9-a qarşı %9.7-də müalicə ilə əlaqəli sayıldı.
Relatlimab/nivolumab qrupunda hər dərəcəli müalicəyə bağlı ən çox əlavə təsirlər qaşınma (%23.4-ə qarşı %15.9), yorğunluq (%23.1-ə qarşı %12.8) və səpki idi (%15.5-ə qarşı %12.0); ən çox 3. və ya 4. dərəcəli təsir yorğunluq idi (%1.1-ə qarşı %0.3).
İnfuziyaya bağlı reaksiyalar xəstələrin %5,9-una qarşı %3,6-sında oldu.
Relatlimab/nivolumab qrupunda hər dərəcəli ən çox immun vasitəli əlavə təsirlər hipotiroidizm və ya tiroidit (%18.0-ə qarşı %13.9), səpki (%9.3-ə qarşı %6.7), diareya/kolit (%6.8-ə qarşı %3.1); ən çox 3. və ya 4. dərəcəli hadisələr hepatit (%3.9-a qarşı %1.1) və adrenal çatışmazlıq idi (%1.4-ə qarşı %0).
Nəticə
İndiyədək təsirli dərmanlar hazırlanmış immun nəzarət nöqtələri yalnız CTLA-4, PD-1 və PD-L1 idi. LAG-3 ilə onkoloji praktikada daha bir hədəflənə bilən nəzarət nöqtəsi müəyyən edildi.
Bu vəziyyətdəki melanomalı xəstələrin müalicəsi üçün əvvəllər Yanvar 2016 tarixində ipilimumab + nivolumab kombinasiyası həm BRAF V600 vəhşi tipli, həm mutant xəstələrdə CheckMate-067-nin PFS nəticəsinə görə sürətləndirilmiş FDA təsdiqi aldı. Tədqiqatda median PFS kombinasiyada 11.5 ay, tək nivolumabla 6.9 ay idi.
Yazımızdakı tədqiqatda LAG-3 və PD-1-in birlikdə basqılanması əvvəl müalicə edilməmiş metastatik və ya əməliyyatla çıxarıla bilməyən melanomada tək PD-1 basqılanmasından daha böyük proqressiyasız sağqalma faydası verdi. Relatlimab və nivolumab kombinasiyası yeni əlavə təsir siqnalları göstərmədi. Gələcəkdə digər xərçənglərdə də təsirli olduğunu və FDA təsdiqləri aldığını eşidə bilərik.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.