Yeni koronavirus xəstəliyi ilə influenza (qrip) arasındakı 7 FƏRQ

Elmi adı SARS-CoV-2 olan və COVID-19 kimi tanınan xəstəliyə səbəb olan yeni koronavirus ilə mövsümi qripə səbəb olan influenza virus ailəsinin hər ikisi tənəffüs sisteminə ciddi təsir göstərə bilən viruslardır. Lakin COVID-19 xəstəliyindən yaranan həyat itkiləri influenza virusuna nisbətən nəzərəçarpacaq dərəcədə yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatına (DSÖ) görə yeni korona və influenza virusları arasında əhəmiyyətli fərqlər var.
Önə çıxan fərqlər belədir;
1. Çoxalma sürəti: Yeni koronavirusla bağlı yaranan pnevmoniya (sətəlcəm) qripdən daha yavaş inkişaf edir. Lakin koronavirusun orta inkubasiya müddəti daha uzundur.
2. Yoluxma zamanı: İnfluenza virusunun yayılması adətən şəxsdə xəstəlik əlamətləri yaranmağa başladıqdan sonra (ən çox 3 ilə 5 gün arasında) baş verir. Əksinə, yeni koronavirusda yoluxduruculuq, ən çox xəstəlik əlamətləri başlamazdan əvvəl və xəstəliyin ilk həftəsindədir. Buna görə evdə qalmaq və sosial fəaliyyətləri məhdudlaşdırmaq bu xəstəlikdən qorunmaq və mənfi nəticələrini azaltmaq üçün ən yaxşı həllərdir. Aşağıdakı videoqrafikdə COVID-19 xəstəliyinin yayılmasına sosial təmasdan qaçmağın və qaçmamağın təsirini görmək olar:
3. Yoluxdurma gücü: Yeni koronavirus qripdən daha yoluxucudur. Koronavirusa yoluxmuş xəstə təxminən 2-2.5 nəfərə xəstəliyi yoluxdura bilər. Lakin bu iki virusun infektivliyinin (yerləşib çoxalma qabiliyyətinin) qiymətləndirilməsi şəraitə və zamana görə dəyişə bilər. Xəstə şəxs özünü təcrid etməzsə, başqaları ilə uzun müddət təmasda olarsa və cəmiyyətin digər üzvləri də sosial təmasdan qaçmazsa, əlbəttə, daha çox insanı yoluxdurmuş olar (ən pis ssenaridə 1 şəxsin 400 nəfərədək yeni koronavirus yoluxdura biləcəyi hesablanır).

4. Ağır (şiddətli) xəstəlik nisbəti: Bu günədək alınan məlumatlara görə yeni koronavirus xəstəliyində ağır və çox ağır infeksiyaların görülmə nisbəti qripdən daha yüksəkdir. Yeni koronavirus infeksiyası (COVID-19) diaqnozu qoyulan şəxslərin %80-nin yüngül və ya orta, %16-sının ağır və %4-nün çox ağır / kritik vəziyyətdə olduğu müşahidə edilib.
5. Təsir etdiyi insanlar: Qrip üçün əsas risk qrupları immun sistemi ilə bağlı problemi olan insanları (uşaqlar, hamilələr, yaşlılar, başqa xroniki xəstəliyi olanlar) əhatə edir. Yeni koronavirus xəstəliyinə bağlı pnevmoniya isə xüsusilə əlavə xəstəlikləri olan yaşlı şəxslərə daha ciddi təsir göstərir. Bununla belə, ABŞ-da COVID-19 ilə bağlı xəstəxanaya yatışların %20-nin 44 yaşdan aşağı olduğu bildirilib.
6. Ölüm nisbətləri: Mövsümi qripin ölüm nisbəti adətən %0,1-dən aşağı olduğu halda son tədqiqatlar koronavirusun ölüm nisbətinin təxminən %3-4 olduğunu göstərir. Lakin yeni koronavirus pnevmoniyasının ölüm nisbətini dəqiq müəyyənləşdirmək üçün daha çox tədqiqat və vaxt tələb olunur.

7. Tibbi (medikal) müalicələr: İnfluenzanın tibbi müalicəsində istifadə olunan antiviral dərmanlar və peyvəndlər mövcuddur. Lakin yeni koronavirusa xas təsdiqlənmiş peyvənd və ya müalicə yoxdur.
- Əlaqəli mövzu: Koronavirus haqqında son xəbərlər – Dünya və Türkiyədə vəziyyət
Ümumdünya Səhiyyə Təşkilatı Çində COVID-19 müalicəsində istifadə olunacaq bir çox dərmanın klinik tədqiqatlardan keçdiyini və 20-dən çox peyvəndin hazırlandığını bildirir. Mövcud influenza / qrip peyvəndi isə yeni koronavirusa qarşı təsirli deyil. Lakin qripdən qorunmaq üçün hər il yenilənən influenza peyvəndinin hər il vurulması tövsiyə olunur.
Mənbələr
2. Influenza (Flu) Vaccine (Inactivated or Recombinant): What You Need to Know?, Vaccine Information Statements (VISs), CDC
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.