Beyni cavan saxlamağın bilinməyən bir üsulu: yaşıl yarpaqlı tərəvəz yemək

Bol tərəvəz və meyvə ehtiva edən sağlam pəhrizin faydaları saymaqla bitmir. Bu ay Amerika Nevrologiya Akademiyasının tibb jurnalında dərc edilmiş tədqiqata görə gündə bir porsiya yaşıl yarpaqlı tərəvəz istehlakı düşünmə qabiliyyətini və yaddaşı qoruyur, təbii şəkildə idrak funksiyalarının yaşa bağlı zəifləməsinin qarşısını alır.
İdrak funksiyaları yaşla birlikdə təbii olaraq azalır. Gündə ən azı bir porsiya yaşıl yarpaqlı tərəvəz yemək yaddaş və düşünmə qabiliyyətlərini qorumağa kömək edə bilər. Bunun xüsusilə demensiyaya (ağıl zəifliyinə) qarşı faydalı və effektiv strategiyalardan biri ola biləcəyi düşünülür.
Əlaqəli mövzu:
960 yaşlı yetkinlə aparılan illik idrak qiymətləndirmələri və qida sorğularının nəticələrinə görə müntəzəm olaraq gündə bir porsiya yaşıl yarpaqlı tərəvəz yeyən şəxslər nadir yeyən və ya heç yeməyən insanlara nisbətən yaddaş və düşünmə qabiliyyəti testlərində daha yaxşı nəticələr alır.
Gündə ən azı bir porsiya yaşıl yarpaqlı tərəvəz yeyən yaşlıların idrak baxımından 11 yaş daha cavan olduğu müəyyən edilmişdir.
2004 ilə 2013 illəri arasında aparılan bu tədqiqata başlayanda iştirakçıların orta yaşı 81 idi. Düşünmə və yaddaş qabiliyyətləri hər il yoxlanmış və orta hesabla 4.7 il izlənmişdir. İştirakçılar ispanaq, kələm, qara kələm, yarpaqlar və ya kahı, salat kimi tərəvəzləri hansı tezliklə və neçə porsiya yediklərini qiymətləndirən qida tezliyi sorğusunu tamamlamışlar.
Yaşıl yarpaqlı tərəvəzləri hansı tezliklə yediklərinə əsasən iştirakçılar beş qrupa ayrılmış, ən çox yeyənlərlə (gündə orta hesabla 1.3 porsiya) ən az yeyənlərin (gündə 0.1 porsiya) idrak qiymətləndirmələri müqayisə edilmişdir. Ümumilikdə iştirakçıların düşünmə və yaddaş testlərinin balları ildə 0.08 standart vahid azalmışdır. Ən çox yaşıl yarpaqlı tərəvəz yeyənlərdə ən az yeyənlərlə müqayisədə yaddaş testlərində azalma ildə 0,05 standart vahid daha yavaş olmuşdur. Tədqiqatçılara görə bu fərq zehni baxımdan 11 yaş daha cavan olmağa bərabərdir. Bu müsbət və əhəmiyyətli nəticələrə baxmayaraq, daha gənc əhali ilə bağlı daha çox tədqiqat aparılmalıdır.
Nəticələrin dəniz məhsulları, alkoqol istehlakı, siqaret istifadəsi, yüksək təzyiq, piylənmə, təhsil səviyyəsi, fiziki və idrak fəaliyyətləri kimi beyin sağlamlığına təsir edə bilən digər amillər də nəzərə alındıqdan sonra belə keçərliliyini qoruduğu bildirilmişdir.
Tədqiqat nəticələri yaşıl yarpaqlı tərəvəzlərin müntəzəm istehlakının beynin yaşlanmasını yavaşlatdığını qəti şəkildə sübut etmir, lakin güclü əlaqə göstərir. Yaşıl yarpaqlı tərəvəzlərlə idrak funksiyasının azalması arasında səbəb-nəticə əlaqəsi qura bilmək üçün nəticələr müxtəlif əhali qruplarında müxtəlif tədqiqatçılar tərəfindən və randomizə olunmuş sınaqlarla təsdiqlənməlidir.
Mənbələr
Nutrients and bioactives in green leafy vegetables and cognitive decline.
Neurology. December 20, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.