Covid-19 epidemiyası zamanı onkoloqların yaşadığı 6 emosional çətinlik

Yeni tip koronavirus xəstəliyinin yaratdığı epidemiya olan COVID-19 pandemiyasınınnəticəsində bir çox insanın yaşadığı sıxıntı ön cəbhədə çalışan səhiyyə işçilərindən kənara da yayılır. COVID-19 bütün tibb sahəsinə təsir edərək yüksək stressə və tükənmişliyə səbəb oldu.
PLOS One jurnalında bu yaxınlarda dərc olunan bir tədqiqat COVID-19 epidemiyası zamanı Amerikadakı onkoloqların emosional sağlamlığını araşdırdı. Tədqiqatçılar bu həkimlərin xəstələrini daha yaxşı müalicə edə və öz psixi sağlamlıqlarını qoruya bilmələri üçün aradan qaldırılmalı olan narahatedici səviyyədə sıxıntı aşkar etdilər.
Təşviş və depressiya
Tədqiqat 27 mart–10 aprel 2020 tarixləri arasında sorğu dolduran 374 onkoloqun narahatlıqlarını araşdırdı. İştirakçıların təxminən dörddə üçü (74,5%) 1000-dən çox təsdiqlənmiş COVID-19 hadisəsi olan ştatda işləyirdi. Həkimlərin təxminən üçdə ikisi (62%) təşviş əlamətləri göstərirdi və bu həkimlərin 36.6%-i depressiya əlamətləri göstərirdi. Tədqiqatçılar daha gənc yaş və klinik praktikada daha az təcrübə kimi daha yüksək təşviş ehtimalı ilə əlaqəli ola biləcək xüsusiyyətlər bildirdilər.
İşə mane olacağı barədə narahatlıq
COVID-19-un onkoloqun gündəlik həyatına təsir yollarının daha yüksək təşviş səviyyələri ilə əlaqəli olduğu müəyyən edildi. Pandemiya ölkə daxilində sürətlə yayılarkən tədqiqata qatılan həkimlərin çoxu onun aktiv xərçəngi olan xəstələrinə yaxşı müalicə göstərmək imkanlarına mane olacağından narahat olmağa başladıqlarını bildirdilər. Onkoloqlar təşviş əlamətlərindən asılı olmayaraq pandemiyanın xərçəng müalicəsinə mane olmasını problem kimi qiymətləndirdilər. Lakin təşviş əlamətləri olanlar epidemiyanın yaratdığı maneəni daha ciddi problem sayırdılar; beləliklə, bu məsələ potensial təşviş mənbəyinə çevrilirdi. Bundan əlavə, 243 onkoloq (65.9%) xəstələrinə COVID-19 yoluxdurmaqdan orta və ya həddən artıq narahat olduqlarını söylədi.
Ailəyə yoluxdurmaq qorxusu
COVID-19-a yoluxmaq və onu ailə üzvlərinə ötürmək qorxusu onkoloqların digər mühüm narahatlığıdır. Sorğuya qatılan 374 həkimdən 279-u (74.6%) ailə üzvlərindən birinə COVID-19 yoluxdurmaqdan orta və ya həddən artıq narahat olduğunu bildirdi. Bu narahatlıq təşviş əlamətləri ilə güclü əlaqəli idi.
İşləmək istəməmək
Yüksək təşviş səviyyəsi insanı əzə və səhiyyə işçilərində müxtəlif formalarda üzə çıxan ciddi psixoloji sıxıntı yarada bilər. Comprehensive Psychiatry jurnalının 2020-ci ildə təqdim etdiyi bir araşdırma 2019-cu ilin fevralında 2 həftə ərzində Çinin Çuntsin şəhərindəki 5 xəstəxananın işçilərində psixoloji sıxıntını araşdırdı. Psixoloji sıxıntı ilə güclü əlaqəli narahatlıq işə gəlmək istəməməyə səbəb olurdu. Bəzi işçilər işləməyə o qədər həvəssiz idilər ki, istefa verməyi düşündüklərini bildirdilər.
Yuxu pozuntuları
İstər nizamsız iş qrafiki, istərsə də stress səbəbindən olsun, qeyri-sabit yuxu təşvişi ağırlaşdıra bilər. JMIR Public Health and Surveillance jurnalında 2020-ci ilin dekabrında dərc olunan araşdırma Hindistanda COVID-19 epidemiyası zamanı yuxu keyfiyyəti daha aşağı olan səhiyyə işçilərinin təşviş səviyyələrinin daha yüksək olduğunu aşkar etdi. Tədqiqatçılar yuxu pozuntuları ilə gənc yaş, eləcə də avadanlığın kifayət qədər əlçatan olmaması arasında əlaqə müəyyən etdilər. Onlar bu təşviş və yuxu problemlərinin təkcə stressi ağırlaşdırmadığı, həm də səhiyyə işçilərində COVID-19-a yoluxma riskini artırdığı qənaətinə gəldilər.
Tütün və alkoqol istehlakı
JCO Global Oncologyjurnalında dərc olunan bir araşdırmada Fransada 222 onkologiya rezidenti pandemiyanın psixoloji təsiri barədə sorğunu cavablandırdı. Sorğunun nəticələrinə görə iştirakçıların 31%-ində tütün, 29%-ində isə alkoqol istehlakı artmışdı.
Tükənmişliyin idarə edilməsi onkoloqların və xəstələrinin yaxşılaşması üçün çox vacibdir. Psixi sağlamlıq və həmkar dəstəyi proqramları sizin üçün əlçatandırsa, onlardan yararlanın. Yuxunuzu tənzimləmək və ya daha tez-tez meditasiya etmək kiçik addım kimi görünsə də, psixi vəziyyətinizdə böyük fərq yarada bilər.
Mənbələr
2. Thomaier L, Teoh D, Jewett P, et al. (2020). Emotional health concerns of oncology physicians in the United States: fallout during the COVID-19 pandemic. PLoS One.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.