Daha az işləmək məhsuldarlığınızı artıra bilər – bəzən tənbəllik yaxşıdır

İnsanlarda zaman anlayışı təxminən e.ə. 2000-ci illərdə formalaşmağa başlamışdır. O günlərdən bəri zamanın hər anından səmərəli istifadə etmək üçün vaxtı izləməyin təsirli olub-olmadığı maraq mövzusudur.
Vaxt itkisi bu gün səhiyyədə də böyük problem yaradır. Həm xəstə, həm də həkim baxımından, məsələn, müayinə və ya xəstəyə baş çəkmə zamanı ayrılan vaxt artdıqca məmnunluq artır, lakin son 25 ildə görüş vaxtının azalmasından da şikayət edilir.
1970-ci ildə aparılmış tədqiqatın nəticəsinə görə həmin illərdə bir terapevt həftədə orta hesabla 101 xəstəni müayinə edirdi. Gündəlik xəstə müayinəsinə orta hesabla 5.6 saat sərf edir, bir xəstənin müayinəsi orta hesabla 18.4 dəqiqə çəkirdi.
Bu gün isə xəstənin yaşı, xəstəliyin dərəcəsi, geniş müalicə seçimləri, sənədləşmə kimi amillər də nəzərə alınaraq gündə orta hesabla 30-35 və ya daha çox xəstə müayinə edilir; keçmiş rəqəmləri bu günlə müqayisə etdikdə onlar daha rahat görünə bilər (bu rəqəmlər orta göstəricilərdir, bir çox səhiyyə müəssisəsində fərqli ola bilər). Bu gün texnoloji inkişafların da töhfəsi ilə vaxt bölgüsünün və tələb olunan xəstə baxımının səmərəliliyini nəzərdən keçirdikdə, mümkün olan hər iş saatında məhsuldarlığın ən yüksək həddə olduğunu deyə bilərik. Bəs məhsuldarlığı artırmaq üçün əlavə saat ayırmaqdan başqa bir yol varmı? Douglas Adam Avtostopçunun qalaktika bələdçisi adlı kitabındakı obrazı üçün dediyi sözlər, güman edirik ki, bugünkü həkimlərə tanış gələcək. “O, bəzən bütün həyatın bir növ yuxu olduğunu düşünər və həyatdan zövq alıb-almadığını sorğulayardı.”
Douglas bu sözləri ilə də təsirli təklif verir: “Bəlkə də xəyal edilən, maraq doğuran diyarlarda enerjinizi və məhsuldarlığınızı artırmaq üçün bir ipucu, bir fürsət gizlidir.”
Avstraliyalı yazıçı Madeleine Dore hesab edir ki, insan vaxtının çox olmadığına inanırsa, vaxtından səmərəli istifadə etmək üçün nə qədər enerji sərf etdiyini və onu ən yaxşı necə dəyərləndirə biləcəyini nəzərdən keçirməlidir. Dore belə davam edir: “Doğru olan bütün vaxtımızı işləməklə keçirmək deyil, enerjimizi necə daha səmərəli istifadə edə biləcəyimizi öyrənməkdir. Diqqət çatışmazlığını xoşlamayan mədəniyyətimiz var; görəsən, bu anları azaltmağın və daha az vaxtda daha çox iş görməyin yolu varmı?”
Bugünkü səhiyyə işçiləri gün ərzində bir çox iş arasında sıxışsalar və dəqiqələrdə həll edə biləcəkləri işlər saatlara uzansa da, bütün işlərin öhdəsindən gəlmək uğrunda mübarizə aparırlar. Bu iş yükü nəticəsində az yuxu, yorğunluq, baş ağrısı, gərginlik və azalmış cinsi performansla qarşılaşırlar. Hər şeydən əvvəl belə əsas problemlərə həll tapmaq məhsuldarlıq baxımından daha ağıllı görünür.

Vaxtın idarəsi, yoxsa enerjinin idarəsi?
Erkən qalxmaq, gecə gec saatlaradək işləmək və həftəsonunu da işləməklə keçirmək iş məhsuldarlığını artırmaq üçün tez-tez seçilən üsullardır. Lakin belə çox işləmək, xüsusilə sosial həyatdan geri qalmaq səbəbindən insanı qane etmir.
1980-ci ildə tibb tələbələri üzərində aparılmış tədqiqatda tələbələr iki qrupa ayrılmışdır. İlk qrupdan işlərini və məqsədlərini aylıq planlaşdırmaq, ikinci qrupdan isə iş məqsədlərini daha ətraflı şəkildə gündəlik planlaşdırmaq istənmişdir. Tədqiqatın sonunda gündəlik planlaşdırılan qrupda tapşırıqların daha təsirli yerinə yetiriləcəyi güman edilsə də, gündəlik planın tələbələrin motivasiyasını pozduğu nəticəsinə gəlinmişdir.
Yazıçı Tim Hardford gündəlik planlaşdırmada qaçılmaz diqqətyayındırıcı amillərin planlaşdırmanı təsirsiz etdiyini, belə siyahı əvəzinə işi improvizasiyaya buraxmağın daha yaxşı nəticələr verəcəyini deyir.
Bəs vaxtın idarəsi bizim yanlış anladığımız illüziyadırsa? Enerjimizi daha səmərəli istifadə etməyin yolu olsaydı, bu, məhsuldarlığı qorumaq və xəstə ilə qənaətbəxş görüş keçirmək üçün daha ümidverici yol ola bilərdi.
Fasilələri idarə etmək
Gündə orta hesabla 87 dəfə araya girən başqa iş səbəbindən həkimlərin gündəlik iş axını kəsilir. Bu kəsilmələr həkimin məhsuldarlığını azaldır və tapşırığı davam etdirməsinə mane olur. 2001-ci ildə aparılmış tədqiqatın nəticəsinə görə, müxtəlif ixtisaslarda həkimlərin fərqli tezlikdə kəsintiyə məruz qaldığı, həmçinin kəsintini həll etmək üçün sərf etdikləri səylərin məhsuldarlığı azaltdığı görülmüşdür.
Tədqiqatda təcili yardım həkimlərinin saatda 9.7 dəfə, ailə həkimlərinin isə saatda 3.7 dəfə kəsintiyə məruz qaldığı görülmüşdür. Təcili yardım həkimlərinin işi daha çox kəsilir və onlar eyni vaxtda bir neçə xəstə ilə məşğul olurlar. Birinci pillə həkimləri isə təcili yardım həkimləri ilə eyni miqdarda iş görmək üçün daha çox vaxt sərf etməlidirlər. Buradan nəticə çıxararaq demək olar ki, təcili yardım və birinci pillə həkimlərinin ixtisas təhsilində iş mühitləri və hadisələri idarəetmə bacarıqları üçün fərqli strategiyalar var.
Vaxtın idarəsi mövzusunda təhsil alınacaqsa, bu, mürəkkəb planlaşdırma və kəsintilərlə mübarizə bacarıqlarını inkişaf etdirəcək əhatədə olmalıdır
Həkimlər gün ərzində çevik olmağa hazır olmalıdırlar. Çünki növbəti xəstənin hansı problemlərlə gələcəyini, növbəti görüşün adi xəstəlik, yoxsa təcili hal olacağını və ya nə vaxt təcili hal yaranacağını heç vaxt bilmək mümkün deyil.
Günü kiçik hissələrə bölmək də faydalı ola bilər. 45 dəqiqəlik, nail oluna biləcək hədəflərlə addımlamaq böyük fili hissə-hissə yeməyə bənzədilə bilər. Beləliklə, gün ərzində vaxt itkiləri minimuma endirilərək daha az enerji itkisi ilə daha çox iş görülə bilər.
Bugünkü xəstəxana və xəstə baxımının mürəkkəbliyi nəzərə alındıqda, həkimin enerjisini qorumaq üçün meditasiyaya və çətin klinik ssenarilər üçün dərin diqqətə vaxt ayırması klinik uğur baxımından aydın fayda verir. Bu üsul gündəlik çətinliklərin öhdəsindən daha təsirli, yaradıcı və düzgün gəlməyin səmərəli yoludur. Gündəlik enerji və motivasiyanı qorumaq üçün gün ərzində idman, meditasiya, istirahət və s. üçün vaxt ayırmaq iş yükünün stressini azaldır və məhsuldarlığı artırır.
Diqqəti toplamamaq tənbəl olmaq demək deyil, bəzən faydalı ola bilər
Başqa bir şey düşünərkən, heç nə düşünməyərkən və ya yatarkən çətin klinik problem üçün əvvəllər tapılmamış həll qəfildən ağlınıza gəlibmi? Tənbəllik yalnız tətil, zövq və ya pis vərdiş deyil. Bəzən diqqəti başqa istiqamətə yönəltmək və ya diqqəti toplamağı dayandırmaq beynimizin rahat düşünməsinə imkan verir. Tənbəlliyin bədənin D vitamininə ehtiyacı qədər beynin ehtiyacı olduğunu desək, mübaliğə olmaz (baxın: kifayət qədər yuxunun beyin üçün əhəmiyyəti).
Yazıçı Kreider ziddiyyətli görünsə də, işləri tamamlamaq üçün tənbəlliyin lazım olduğunu düşünür. Harvard Tibb Məktəbindən Dr. Sirini Pillay məhsuldarlıqla tənbəllik arasındakı məntiqsiz əlaqənin beynimizin işləmə tərzi olduğunu deyir və əlavə edir: “İnsanlar müəyyən işi tamamlamaq üçün beynin diqqəti həmin işə yönəltmə və ondan ayırma dövrlərinə ehtiyacı olduğunu anlamırlar. Bu keçidlər beynimizin məhsuldarlığını artırır.”

Vaxtdan daha yaxşı istifadə üçün 7 tövsiyə
- İdarə etməli olduğunuz yeganə dəyişənin vaxt olmadığını bilməlisiniz.
- Zehninizin və bədəninizin bacaracaqları baxımından həddi olduğunu unutmamalısınız.
- Diqqət pozuntusu, hiperaktivlik, dərmanlar və hormonlar kimi təsir edən amillərin fərqində olmalısınız.
- İş və ev həyatınızda dincəlməyə vaxt ayırmalısınız.
- Fiziki məşq və düzgün qidalanmaüzərində israrlı olun. Bu, özünüzü yaxşı hiss etməyinizi təmin edəcək.
- Planlarınızı yoxlayarkən yalnız bu günün və sabahın planlarına baxmaqla kifayətlənməyin, gələcək planlarınızı da təkrar-təkrar nəzərdən keçirin. Bu, həm sizi motivasiya edəcək, həm də enerjinizi düzgün istifadə etməyinizi təmin edəcək
- Yorulduqda planlarınızı dəyişməkdən çəkinməyin; davamlı yorğunluğun üstünə getmək yalnız yorğun qalmağınıza səbəb olur. Yorulduqda fasilə verməyi bilin.
Mənbələr
Working Less Can Make You More Productive.
medscape.com - August 01, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.