Döş xərçəngində cərrahi müdaxilədən sonra tətbiq olunan erkən reabilitasiya limfödemi azaldır

Aparılan tədqiqatın nəticəsi erkən reabilitasiyanın döş xərçəngində cərrahi müdaxilədən sonra yarana biləcək limfödemin yaratdığı narahatedici təsirləri azalda biləcəyini göstərmişdir.
Döş xərçəngi erkən mərhələdə aşkar edildikdə tamamilə müalicə oluna bilən xərçəng növüdür. Müalicə seçimləri xərçəngin yayılma vəziyyətinə görə dəyişsə də, əksər hallarda xəstələrə cərrahi müalicədən sonra qoruyucu məqsədlə kimyaterapiya və radioterapiya kimi müalicələr tətbiq olunur. Lakin bu üsullar xəstəni narahat edən bəzi ağırlaşmaları da özü ilə gətirə bilər. Cərrahi müdaxilədən və/və ya radioterapiyadan sonra xəstələrin %20-30-unda müşahidə olunan yüngül və ya orta şiddətli limfödem (qolda şişkinlik) müalicələrin yan təsiri kimi xəstədə narahatlıq yarada bilər. Bu cür narahatlıqları aradan qaldırmaq məqsədilə yaxın keçmişdə bir çox tədqiqat aparılmış və döş əməliyyatından sonra erkən dövrdə tətbiq olunan reabilitasiyanın (fizioterapiyanın) limfödemi azaltdığı müəyyən edilmişdir.
Mən də bu məqaləmdə döş xərçəngi olan xəstələrimiz üçün vacib olduğunu düşündüyüm bir xəbəri sizinlə bölüşmək istədim. Yaxın keçmişdə İspaniyanın Alcalá de Henare Universitet Xəstəxanasında aparılan tədqiqatın məqsədi döş xərçəngində cərrahi müdaxilədən sonra tətbiq olunan erkən fizioterapiyanın limfödem riskini azaltmağa göstərdiyi təsiri müəyyənləşdirmək idi.
Tədqiqatda may 2005-dən iyun 2007-dək qoltuqaltı limfa düyünü əməliyyatı keçirmiş döş xərçəngi olan 116 qadın xəstə iştirak etdi. Fiziki müalicə tətbiq olunacaq qrup üçün seçilən qadın xəstələr fizioterapevtin müşayiəti ilə mərhələli şəkildə aktiv manual (əllə masaj) limfa drenajı, çapıq toxumasına masaj və çiyin məşqlərindən ibarət fizioterapiya proqramı ilə müalicə olundular. Bu müalicə davam edərkən həmin qrupa qol-çiyin hərəkətlərinə yönəlmiş təlim verildi. Nəzarət qrupuna isə fiziki müalicə tətbiq olunmadı, yalnız xəstənin özü tərəfindən yerinə yetiriləcək qol-çiyin hərəkətlərinə yönəlmiş təlim verildi.
Nəticə olaraq;
- 116 qadın xəstə bir il ərzində izlənildi və hər iki qrupdakı qadın xəstələrin ümumilikdə 18-ində limfödem inkişaf etdi. Bu xəstələrin 14-ü nəzarət qrupunda (təlim alan qrup) yer alarkən, erkən dövrdə reabilitasiyaya başlanılan xəstələrin yalnız 7-də limfödem görüldü. Əldə olunan nəticələrə əsasən, aradakı fərq əhəmiyyətli bir irəliləyiş idi.
- Erkən reabilitasiya tətbiq olunan xəstələrlə müqayisədə nəzarət qrupundakı xəstələrdə limfödemə rast gəlmə tezliyi iki dəfə çox oldu.
Qoltuqaltı limfa düyünü əməliyyatı aparılmış döş xərçəngində əməliyyatdan sonra ən azı bir il ərzində xəstənin limfödemdən qorunması üçün erkən tətbiq olunan reabilitasiya proqramının effektiv ola biləcəyi müəyyən edilmişdir.
Tədqiqat nəticələrinə baxıldıqda, reabilitasiyanın döş xərçəngində cərrahi müdaxilədən sonra yarana biləcək limfödemin yaratdığı narahatedici təsirləri azalda biləcəyi göstərilmişdir. Xəstənin belə mühüm əməliyyatdan sonra mümkün qədər az yan təsirlə qarşılaşması tətbiq olunan müalicənin uğurlu olmasında ən mühüm amillərdən biridir. Bu səbəbdən aparılan tədqiqatın nəticələri həm xəstə, həm də həkim baxımından olduqca sevindirici və ümidvericidir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.