Douglas R. Lowy ASCO 2018 Onkologiya Elmi Mükafatını aldı

Dr. Douglas R. Lowy, ASCO 2018 Onkologiya Elmi Mükafatının sahibi oldu. Bu mükafat xərçəngdə fundamental və ya translasion (fundamental elmlərdən klinik elmlərə keçid) araşdırmalara verdiyi üstün töhfələrə görə təqdim edildi.
Laboratoriya və heyvan araşdırmalarını ifadə edən fundamental elmi işlərin klinikaya, yəni insanlara tətbiqi cəhdləri elmin ən çətin sahələrindən biridir. Buna görə yüksək qiymətləndirilir.
Dr. Lowy Milli Xərçəng İnstitutunun (NCI) sədr müavini və NCI-nin Hüceyrə Onkologiyası Laboratoriyasının rəhbəridir. HPV infeksiyası üzərində apardığı araşdırmalarla tanınır və ABŞ Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənmiş HPV peyvəndlərinin əsasını təşkil edən texnologiyanın hazırlanmasına təsir göstərmişdir. Bu sahədəki töhfələri ona 2017-ci ildə Lasker-DeBakey Klinik Tibbi Araşdırma Mükafatını və 2018-ci ildə Xərçəng Araşdırmalarında İrəliləyiş üçün Szent-Gyorgyi Mükafatını qazandırmışdır.
1940-cı il təvəllüdlü Douglas R. Lowy tibb təhsilini New York Universitetinin Tibb Məktəbində almış, Stanford Universitetində daxili xəstəliklər və Yale-də dermatologiya üzrə təhsil almışdır. Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunda tədqiqatçı kimi təlim keçdikdən sonra 1975-ci ildən ABŞ Milli Xərçəng İnstitutunda (NCI) tədqiqat laboratoriyasına rəhbərlik edir. 2017-ci ildən ABŞ Milli Xərçəng İnstitutunun sədr əvəzi vəzifəsini də yerinə yetirir.

Dr. Lowy 2015-ci ildə o dövrün ABŞ prezidenti Obamadan qoruyucu HPV peyvəndi araşdırmalarına görə "Elm & Texnologiya və İnnovasiya üzrə Milli Medal"ı alarkən.
Aşağıda ASCO Daily Newsnəşrinin Dr. Lowy ilə səyləri, davam edən araşdırmaları və bu mükafatın onun və həmkarları üçün niyə mühüm olduğu barədə apardığı müsahibənin tərcüməsi yer alır.
Sual: Uşaqlıq boynu xərçənginə qarşı HPV peyvəndlərinin əsasını təşkil edən texnologiyanın hazırlanmasında əvvəlki və davam edən araşdırmalarınız barədə danışa bilərsinizmi?
Lowy: Apardığım araşdırmaların demək olar ki, hamısında uzun müddətdir birlikdə çalışdığım həmkarım John Schiller ilə sıx əməkdaşlıq etmişəm. O və mən əvvəlcə HPV peyvəndində istifadə olunan virusabənzər hissəciyin hazırlanması üzrə fundamental elmi araşdırma apardıq.

HPV-nin yalnız bir geninin ifadə edilməsi ilə virusa bənzəyən hissəciklər yaradıla bildiyini müəyyən etdikdə, bu səylərin çox tez nəticə verməsi baxımından şanslı idik. Hissəciklər heyvanlara və daha sonra insanlara peyvənd şəklində verildikdə, adətən immun sistemini virusa qarşı güclü şəkildə fəallaşdırırdı.
İlk translasion araşdırmadan sonra HPV peyvəndinə qarşı immun sisteminin yaratdığı cavabları ölçmək üçün testlər hazırladıq; biri ELISA, digəri neytrallaşdırma testi idi. Hər ikisi papillomaviruslara immun cavabını ölçmək üçün əsas analizlər olmuşdur.
S: Bu klinik araşdırmalar nəyi göstərdi?
Lowy: Erkən dövr sınaqları HPV peyvəndinin həm kişilərdə, həm də qadınlarda immun sistemini olduqca yaxşı stimullaşdırdığını və yaxşı tolere edildiyini göstərdi. Daha sonra GlaxoSmithKline (GSK) tərəfindən yüksək riskli HPV ştammlarına qarşı (16 və 18) hazırlanmış ikivalentli peyvənd araşdırmalarına qatıldıq. Kosta Rikada aparılan klinik araşdırmada peyvəndin yüksək effektivliyə malik olduğu müəyyən edildi. Bundan əlavə, sonrakı təhlillərdə yalnız bir və ya iki doza peyvənd alan qadınların hər üç dozanı alan qadınlar qədər qorunduğunu da gördük. Bu nəticələr gənc yeniyetmələr üçün yalnız iki doza HPV peyvəndinin təsdiqlənməsinə və tövsiyə edilməsinə gətirib çıxarmışdır.
S: Bu araşdırmanın potensial nəticələri nələrdir?
Lowy: Peyvənd son dərəcə təsirli olsa da, HPV peyvəndi aşağı və orta gəlirli ölkələrdə xərclərə görə hələ də geniş yayılmayıb. Xüsusilə serviks (uşaqlıq boynu) xərçəngi başda olmaqla HPV ilə əlaqəli xərçənglər və az inkişaf etmiş ölkələr üçün bu, mühüm ictimai sağlamlıq problemidir. Bir dozanın təsirli olduğu göstərilsə, çox daha ucuz və əlçatan olacaq.
S: Onkologiya Elmi Mükafatı sizin üçün nə ifadə edir?
Lowy: Bu mükafatı qəbul etməkdən böyük məmnunluq duymamın səbəbi dəqiq tibb və immunoterapiya əsasında inkişaf edən bir xərçəngdən qorunma dərmanının qiymətləndirilməsidir. ASCO onkoloqların və onkoloji xidmət göstərənlərin təşkilatı olduğundan, əsasən xərçəngin müalicəsinə diqqət yetirir. Xüsusilə ASCO-nun müalicə sahəmizdən kənarda olan, lakin müalicədən daha geniş bir sahədəki araşdırmamızı vurğulamasına görə minnətdaram.
Bu mükafatlar fərdlərə verilsə də, araşdırma qrup fəaliyyətidir. Schiller və mənim apardığımız araşdırmadan əvvəl gələn mükəmməl araşdırmalar olmasaydı, burada olmazdım.
Mənbələr
am.asco.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.