FDA ilk Covid-19 peyvəndini təsdiqlədi: BioNTech

Tarix boyu ictimai sağlamlıq üçün atılan ən mühüm addımlardan biri…
28 avqust 2021-də FDA (ABŞ Qida və Dərman İdarəsi) ilk Covid-19 peyvəndinin təsdiqini verdi. Əvvəllər FDA “təcili istifadə icazəsi” çərçivəsində bu peyvəndlərin istifadəsini dəstəkləyirdi, indi isə ilk “müntəzəm təsdiq” verildi. Uğur Şahin, Özlem Türeci və komandalarının hazırladığı, Pfizer-BioNTech kimi tanınan peyvənd indi 16 və daha yuxarı yaşlı şəxslərdə Covid-19 xəstəliyinin qarşısını almaq üçün Comirnaty adı ilə istifadə ediləcək. Peyvənd həmçinin 12 – 15 yaşlı uşaqlar üçün və bəzi immun çatışmazlığı olan şəxslərə üçüncü dozanın vurulması üçün təcili istifadə icazəsi çərçivəsində qalır.
Peyvəndin FDA təsdiqli olması bəziləri üçün artıq həmin peyvəndi almağa tam inam deməkdir
FDA rəsmisi Janet Woodcock bu təsdiq barədə belə dedi: “FDA-nın bu peyvəndi təsdiqləməsi Covid-19 pandemiyası ilə davam edən mübarizəmizdə dönüş nöqtəsidir. Bu və digər peyvəndlər təcili istifadə icazəsi üçün FDA-nın sərt elmi standartlarına cavab versələr də, FDA təsdiqli ilk Covid-19 peyvəndi kimi ictimaiyyət bu peyvəndin FDA-nın məhsulu təsdiqləmək üçün zəruri saydığı yüksək təhlükəsizlik, effektivlik və istehsal keyfiyyəti standartlarına da cavab verdiyinə tam əmin ola bilər. Milyonlarla insan Covid-19 peyvəndlərini təhlükəsiz alsa da, bəziləri üçün peyvəndin FDA təsdiqli olmasının artıq onu almağa tam inam demək olduğunu bilirik. Bugünkü dönüş nöqtəsi bizi pandemiyanın gedişini dəyişməyə daha bir addım yaxınlaşdırdı.”
11 dekabr 2020-dən Pfizer-BioNTech Covid-19 peyvəndi təcili istifadə icazəsi ilə 16 və daha yuxarı yaşlı şəxslərə tətbiq edilirdi, icazə isə 10 may 2021-də 12 ilə 15 yaşlı uşaqları da əhatə edəcək şəkildə genişləndirilmişdi. FDA məhsulun xəstəliyin qarşısını almaq, diaqnostika və ya müalicə üçün istifadə edildikdə məlum və potensial faydalarının məlum və potensial risklərindən üstün olduğunu müəyyənləşdirərsə, xəstəliklərin qarşısını almaqda, diaqnostikasında və ya müalicəsində təsirli ola biləcək tibbi məhsullara çıxış vermək üçün ictimai sağlamlıq fövqəladə vəziyyətlərində Təcili İstifadə İcazələrindən istifadə edə bilər.
FDA təsdiqli peyvəndlər qurumun tibbi məhsulların keyfiyyətini, təhlükəsizliyini və effektivliyini nəzərdən keçirmək üçün standart prosesindən keçir. Bütün peyvəndlər üçün FDA istehsalçının bioloji lisenziya müraciətindəki (BLB) məlumatları və informasiyanı qiymətləndirir. BLB quruma təqdim edilən və çox xüsusi tələbləri təmin edən geniş sənəddir.
Comirnaty-nin təsir mexanizmi necədir?
Comirnaty genetik material növü olan məlumat RNT-si (mRNA) ehtiva edir. Bu mRNA bədən tərəfindən Covid-19 törədən virusdakı zülallardan birini təqlid etmək üçün istifadə olunur. Peyvəndi alan şəxsin immun sisteminin Covid-19-a səbəb olan virusa qarşı qoruyucu cavab verməsi təmin edilir. Comirnaty-dəki mRNA bədəndə yalnız qısa müddət qalır və şəxsin genetik materialına daxil edilmir, yaxud onu dəyişdirmir. Comirnaty Təcili İstifadə İcazəli peyvəndlə eyni tərkibə malikdir və üç həftə fasilə ilə iki dozalı sıra şəklində tətbiq olunur.

FDA Bioloji Qiymətləndirmə və Tədqiqat Mərkəzinin rəhbəri Peter Marks tez təsdiq alan peyvənd barədə belə dedi: “Elmi və tibbi mütəxəssislərimiz bu peyvəndi son dərəcə ətraflı və diqqətlə qiymətləndirdilər. Yüz minlərlə səhifəlik elmi məlumatları və informasiyanı dəyərləndirdik, Comirnaty-nin təhlükəsizliyi və effektivliyi üçün öz təhlillərimizi apardıq, istehsal müəssisələrinin yoxlanması da daxil olmaqla istehsal proseslərini ətraflı qiymətləndirdik. ABŞ-da Covid-19 ictimai sağlamlıq böhranının davam etdiyini və insanların təhlükəsiz, təsirli peyvəndlərə güvəndiyini də nəzərə aldıq. İctimaiyyət və tibb ictimaiyyəti peyvəndi tez təsdiqləməyimizə baxmayaraq onun ABŞ-dakı peyvəndlər üçün mövcud yüksək standartlarımıza tam uyğun olduğuna əmin ola bilər.”
16 və daha yuxarı yaş üçün təsdiqə dair təhlükəsizlik və effektivlik məlumatlarının FDA qiymətləndirməsi
16 və daha yuxarı yaşlı şəxslərə Pfizer-BioNTech Covid-19 peyvəndi üçün 11 dekabrda verilən ilk Təcili İstifadə İcazəsi minlərlə şəxsdə aparılan randomizə edilmiş, nəzarətli və kor klinik tədqiqatın təhlükəsizlik və effektivlik məlumatlarına əsaslanırdı. FDA bugünkü təsdiq qərarını dəstəkləmək üçün Təcili İstifadə İcazəsini dəstəkləyən, daha böyük klinik tədqiqat əhalisində daha uzun izləmə müddətini əhatə edən tədqiqatın yenilənmiş məlumatlarını nəzərdən keçirmişdir.
Xüsusilə təsdiq üçün FDA baxışında qurum ikinci dozadan sonrakı bir həftədə Covid-19 virus infeksiyasına sübut olmayan, təxminən 20.000 peyvənd və 20.000 plasebo almış 16 və daha yuxarı yaşlı şəxslərin məlumatlarını təhlil etmişdi. Comirnaty-nin təhlükəsizliyi də 16 və daha yuxarı yaşlı təxminən 22.000 peyvənd və 22.000 plasebo alan şəxsdə qiymətləndirildi. Klinik tədqiqat nəticələrinə görə peyvənd Covid-19 xəstəliyinin qarşısını almaqda %91 effektiv idi. Klinik sınaq iştirakçılarının yarısından çoxu ikinci dozadan sonra ən azı dörd ay təhlükəsizlik nəticələri baxımından izləndi. Ümumilikdə təxminən 12.000 şəxs ən azı 6 ay izlənmişdir.
Comirnaty alan klinik sınaq iştirakçılarının bildirdiyi ən çox rastlanan yan təsirlər;
- İnyeksiya yerində ağrı, qızartı və şişkinlik
- Yorğunluq
- Baş ağrısı
- Əzələ və ya oynaq ağrısı
- Titrəmə və qızdırma
Peyvənd Covid-19 xəstəliyini və xəstəxanaya yerləşdirmə, ölüm daxil olmaqla potensial ciddi nəticələri önləməkdə təsirlidir.
Bundan əlavə, FDA Pfizer-BioNTech COVID-19 peyvəndindən sonra miokardit və perikarditə dair icazəsonrası təhlükəsizlik müşahidə məlumatlarını diqqətlə qiymətləndirdi və məlumatların xüsusilə ikinci dozadan sonrakı yeddi gündə artmış risklər göstərdiyini müəyyənləşdirdi. 40 yaşdan aşağı kişilərdə müşahidə edilən risk qadınlara və 40 yaşdan yuxarı kişilərə nisbətən daha yüksəkdir. Müşahidə edilən risk 12 ilə 17 yaş arasındakı oğlanlarda ən yüksəkdir. Qısamüddətli izləmənin mövcud məlumatları əksər şəxslərin əlamətlərinin keçdiyini göstərmişdir. Lakin bəzi şəxslərə intensiv terapiya dəstəyi də lazım olmuşdur. Potensial uzunmüddətli sağlamlıq nəticələri barədə hələ məlumat yoxdur. Comirnaty Resept Məlumatı bu risklərə dair xəbərdarlıq ehtiva edir. Bununla belə, Covid-19 xəstəliyinin özü mRNA peyvəndlərindən xeyli çox miokardit və perikarditə səbəb olur.
Davam edən təhlükəsizlik izləməsi
FDA və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin hər hansı təhlükəsizlik narahatlığının vaxtında aşkarlanması və qiymətləndirilməsinin davamını təmin edən izləmə sistemləri var. Həmçinin FDA Comirnaty peyvəndindən sonra miokardit və perikardit risklərini daha ətraflı qiymətləndirmək üçün şirkətin satışsonrası tədqiqatlar aparmasını şərt qoymuşdur. Bu tədqiqatlar Comirnaty peyvəndindən sonra miokardit yaranan şəxslərdə uzunmüddətli nəticələrin qiymətləndirilməsini əhatə edəcək. Bundan əlavə, FDA tələbi olmasa da, şirkət hamiləlik zamanı Comirnaty peyvəndindən sonra hamiləliyin və körpənin nəticələrini qiymətləndirmək üçün hamiləlik qeydiyyatı tədqiqatı da daxil olmaqla satışsonrası əlavə təhlükəsizlik araşdırmaları aparmağı öhdəsinə götürmüşdür.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.