Frenologiya 1796 – Nevrologiyanın yaranması

1796-cı ildə alman neyroanatom Franz Joseph Gall beynin 27 orqandan ibarət olduğunu, hər orqanın zehni qabiliyyət və ya şəxsiyyət xüsusiyyəti ilə əlaqəli olduğunu irəli sürdü. Bu gün müxtəlif beyin bölgələrinin həqiqətən fərqli funksiyalar üzrə ixtisaslaşdığı bilinsə də, Gallin yanaşması 27 fərziyyəvi orqanın nisbi ölçü və fəaliyyətinin kəllə üzərindəki sahələrin və qabarıqların ölçüsündən müəyyən oluna biləcəyinə əsaslanırdı.
1820-ci illərdən 1840-cı illərə qədər bir çox insan frenologiyanı ciddi qəbul etdi; anlayış romanlara və populyar mədəniyyətə nüfuz etdi. İşə qəbul, uşaqların gələcəyi və evlilik barədə qərarlarda frenoloqlarla məsləhətləşirdilər. Hətta kraliça Victoria da uşaqlarının başlarını təhlil etdirmişdi. Təlimli frenoloqun yalnız başın qabarıqlarını və konturlarını hiss edərək 27 "orqan"la əlaqəli “övlad sevgisi”, "şəfqət və dostluq", "qürur", “dil və danışıq duyğusu” və “dindarlıq” kimi xüsusiyyətləri müəyyən edə biləcəyi düşünülürdü.
Frenologiya 18-ci və 19-cu əsrlərdə populyar olan, beynin müəyyən bölgələrinin müəyyən zehni qabiliyyət və xarakter xüsusiyyətlərinə uyğun gəldiyini müdafiə edən psevdoelmdir (yalançı elm). Avstriyalı həkim Franz Joseph Gall tərəfindən irəli sürülüb.
Psevdoelm və ya yalançı elm (ingiliscə pseudoscience) elmi arqumentlərlə irəli sürülən, lakin material, metod və sınaqdan keçirilə bilmə kimi elmi standartlara cavab verməyən və ya kifayət qədər tədqiqatla dəstəklənməyən iddia, inanc, məlumat və tətbiqlər toplusuna verilən addır.
Frenologiya beynin fərqli bölgələrinin müxtəlif funksiyalar daşıması düşüncəsinə əsaslanır. Frenoloqlar kəllənin forması və qabarıqlarının həmin bölgələrin inkişafını göstərdiyinə, funksiyalar barədə məlumat verdiyinə inanırdılar. Beləcə, kəllə quruluşunu təhlil edərək insanın şəxsiyyət xüsusiyyətləri və qabiliyyətlərini qiymətləndirə biləcəklərini düşünürdülər.
Gall kəlləni bölgələrə ayırarkən yazıçı, şair, cinayətkar və psixi xəstələr kimi cəmiyyətin "uc nöqtələrindəki" insanların kəllələrini araşdırdı. Korrelyasiyalarını dəstəkləmək üçün 300-dən çox kəllə topladı.
Gallin araşdırmalarına görə, "zorakılığa meyilli davranış" qulağın üstündə yerləşirdi. Bunu heyvanlara işgəncə verən tələbədə və cəllada çevrilmiş əczaçıda gördüyü ortaq qabarıqla əlaqələndirirdi. Maraqlıdır ki, 27 xüsusiyyətdən 19-unun heyvanlarda da göstərilə biləcəyinə inanırdı.
Frenologiya dərsləri ilə tanınan alman həkim Johann Spurzheim "qətl" və "oğurluq" orqanlarını "çıxararaq" və bir neçə frenoloji bölgə əlavə edərək Gallin nəzəriyyəsini daha qəbuledilən etdi.
Bu gün frenologiya yalançı elm sayılsa da, beyin bölgələrinin ixtisaslaşmasına diqqət yönəltməklə nevrologiya tarixində mühüm rol oynadı.
Yazıdakı şəklin izahı: People’s Cyclopedia of Universal Knowledge (1883) əsərindən frenologiya diaqramı
Yazıda adı çəkilən tarixi şəxslər: Franz Joseph Gall (1758 –1828), Johann Gaspar Spurzheim (1776 –1832)
- Əvvəlki mövzu: Tamamlayıcı və ya alternativ tibb (TAT) – 1796
- Sonrakı mövzu: Çiçəyə qarşı peyvənd 1798 – Tarixdə ilk peyvənd
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.