Hamilə qadınlarda xərçəng tezliyi artır

16 iyun 2022-ci ildə JAMA Oncology-də dərc edilən tədqiqata görə, ABŞ-da xərçəngi olan hamilə xəstələrin tezliyi artır və bu şəkildə diaqnoz qoyulan insanlarda xəstəliyin nəticələrinin daha mənfi olması riski də əhəmiyyətli dərəcədə artır.
Tədqiqatçılar xərçəngli hamiləlik prevalensinin 2016-cı ildən 2019-cu ilə 13,8% artdığını aşkar etdilər.
QEYD: Prevalens müəyyən müddət (məsələn, 1 il) ərzində xəstəliyin cəmiyyətdə rastgəlmə tezliyini göstərən ölçüdür. Xərçəngdə prevalens, məsələn, hər 100 min nəfərdə həmin diaqnozu olan xəstələrin sayını bildirir.
Bundan əlavə, xərçəngi olan hamilə xəstələrdə xərçəngi olmayanlarla müqayisədə xəstəxanada qaldıqları müddətdə əlavə problemlər və ölüm riski daha yüksək idi.
Bu nəticələri ortaya çıxarmaq üçün tədqiqatçılar 2016-cı ilin yanvarından 2019-cu ilin dekabrına qədər 14,6 milyondan çox xəstə qeydini təhlil etdilər.
Xərçəngli hamiləliyin prevalensi 100.000 doğuşda 69.3 hal idi. Prevalens 2016-cı ildə 100.000 doğuşda 64,5 haldan 2019-cu ildə 100.000-də 73.4-ə yüksəldi (aradakı fərq statistik baxımdan əhəmiyyətli idi, p <.001).
Qeydə alınmış ən yayğın xərçəng növləri süd vəzi xərçəngi, limfoma, leykoz və ginekoloji (qadınlara xas) xərçənglər idi. Araşdırılan dövr ərzində dəri, yumşaq toxuma, süd vəzi və ağız boşluğu/udlaq xərçəngi üçün ildə yaranan yeni xərçəng hallarının sayı artmışdır.
Tədqiqatçılar xərçəngi olan və olmayan xəstələrin nəticələrini müqayisə etdilər. Məlumatlar xərçəngi olan xəstələrin doğuşadək xəstəxanada qaldığı müddətdə ciddi xəstəlik və ölüm riskinin daha yüksək olduğunu göstərdi.
Hamiləlikdə yaşanan ciddi əlavə sağlamlıq problemlərinin prevalensi xərçəng xəstələri arasında 1000 doğuşda 97.4, xərçəngi olmayan xəstələrdə isə 1000 doğuşda 17.3 idi.
Doğuş üçün xəstəxanada qalma zamanı ölüm prevalensi xərçəng xəstələri arasında 1000 doğuşda 2.2, xərçəngi olmayan xəstələrdə isə 1000 doğuşda 0.1-dən az idi.
Tədqiqatçılar xərçəngin mərhələsi, xərçəngəleyhinə müalicə və doğuş zamanı xəstəliyin vəziyyəti barədə məlumat çatışmazlığı da daxil olmaqla tədqiqatın bir sıra məhdudiyyətlərini vurğuladılar. Həmçinin məlumat toplusu ölüm səbəbi, onkoloji nəticələr, yenidoğulmuşların nəticələri və ya evə yazıldıqdan sonrakı məlumatları ehtiva etmirdi.
Nəticə olaraq bu tədqiqat Qərb ölkəsində hamiləlikdə xərçəng tezliyinin artdığına dair mühüm sübut təqdim edir. Artımın səbəbləri isə bu tədqiqatda aşkar edilmədi. Daha irəli yaşda hamilə qalmaq ilk ağla gələn səbəb sayılsa da, təkcə bu səbəb artan leykoz-limfoma tezliyini izah etməyə yetərli olmayacaq. Gələcək tədqiqatlar bu vəziyyətin səbəblərinə diqqət yetirə bilər.
*
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.