Kiçik hüceyrəli olmayan ağciyər xərçəngində ikili immunoterapiya: PD-L1 və şiş mutasiya yükünə görə nəticələr

Ready və həmkarları tərəfindən fevral 2019-da Journal of Clinical Oncology adlı jurnalda dərc olunan faz-2 CheckMate 568 adlı klinik tədqiqat birinci sıra müalicə kimi ikili immunoterapiya (nivolumab üstəgəl aşağı dozalı ipilimumab) alan kiçik hüceyrəli olmayan ağciyər xərçəngli (KHDAK) xəstələrdə PD-L1 müsbətliyindən asılı olmayaraq daha yüksək şiş mutasiya yükünün müalicəyə cavabla əlaqəli olduğunu göstərdi. Cavab göstəriciləri həmçinin PD-L1 müsbət xəstələrdə mənfi olanlara nisbətən daha yüksək idi.
CheckMate 568-in təfərrüatları
Araşdırmada təkrarlanmış mərhələ 3B və ya 4 kiçik hüceyrəli olmayan ağciyər xərçəngi (KHDAK) olan 288 xəstə 2 həftədən bir 3 mg/kg nivolumab üstəgəl hər 6 həftədən bir 1 mg/kg ipilimumab aldı.
Araşdırmanın ölçmək istədiyi birincili sonlanım nöqtəsi PD-L1 müsbət (≥% 1) və mənfi xəstələrdə müalicəyə obyektiv cavab göstəricisi idi. İkinci sonlanım nöqtəsi isə şiş mutasiya yükü əsasında effektivliyi ölçmək idi.
Əlaqəli mövzular:
- Şiş mutasiya yükü nədir? Xərçəngin genetik barmaq izi
- PD-L1 nədir? Testinin və müsbətliyinin xərçəng immunoterapiyasında əhəmiyyəti
Cavab göstəriciləri
- 288 xəstənin 252-si (% 88) PD-L1 üçün və 120 xəstənin 98-i (% 82) şiş mutasiya yükü üçün qiymətləndirilə bilən hesab edildi.
- 288 xəstənin müalicəyə ümumi cavab göstəricisi %30 idi.
- PD-L1 səviyyəsi ≥%1 olan 138 xəstənin müalicəyə cavab göstəricisi %41, <%1 olan 114 xəstənin cavab göstəricisi isə %15 idi.
- Cavab göstəriciləri şiş mutasiya yükünün artması ilə nəzərəçarpacaq dərəcədə artırdı: şiş mutasiya yükü ≥ 10 mutasiya/meqabaza (mut/Mb) olub PD-L1 müsbət olanlarda müalicəyə obyektiv cavab göstəricisi %48, PD-L1 mənfi olanlarda isə bu göstərici %47 müəyyən edildi. Yəni şiş mutasiya yükü yüksəkdirsə, cavab göstəricisi PD-L1-in müsbət və ya mənfi olmasından təsirlənmirdi.
- Şiş mutasiya yükü < 10 mut/Mb olan 50 xəstədə PD-L1 müsbət olanların immunoterapiyaya obyektiv cavab göstəricisi %18, PD-L1 mənfi olanlarda isə %5 idi.
- Median proqressiyasız (irəliləməsiz) sağqalım göstəricisi şiş mutasiya yükü ≥ 10 mut/Mb olanlarda 7.1 ay, < 10 mut/Mb olanlarda isə 2.6 ay idi.
Yan təsirlər
Müalicəyə bağlı ciddi (3-cü və ya 4-cü dərəcəli) yan təsirlər xəstələrin %29-unda yarandı və müalicə ilə əlaqəli yan təsirlər səbəbindən xəstələrin %16-sında müalicə dayandırıldı. Ən çox görülən immunoterapiya yan təsirləri, dəri reaksiyaları idi (%30), ən geniş yayılmış 3-cü və ya 4-cü dərəcəli yan təsir isə qastrointestinal (mədə-bağırsaq) toksikliklər idi (%5). Son dərman dozasından sonrakı 100 gün ərzində ürək aritmiyası, pnevmoniya, hipoksiya və digər səbəblərdən müalicəyə bağlı dörd ölüm bildirildi.
Nəticə olaraq nivolumab üstəgəl aşağı dozalı ipilimumab irəliləmiş mərhələ / metastatik KHDAK-nin birinci sıra müalicəsi kimi təsirli və dözülə bilən idi. 10 və ya daha çox mut/Mb şiş mutasiya yükü həm PD-L1 müsbət, həm də mənfi xəstələrdə daha yaxşı proqressiyasız sağqalım ilə əlaqəli idi və bu səbəbdən şiş mutasiya yükü potensial olaraq daha yaxşı immunoterapiya biogöstəricisi kimi müəyyən edildi.
Mənbələr
First-Line Nivolumab Plus Ipilimumab in Advanced Non–Small-Cell Lung Cancer (CheckMate 568): Outcomes by Programmed Death Ligand 1 and Tumor Mutational Burden as Biomarkers.
JCO, 20 February 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.