Koronavirus immun sistemimizi özümüzə qarşı necə təhrik edir?

Yeni elmi sübutlar yaşla bağlı makula degenerasiyası (sarı nöqtə xəstəliyi, göz pozuntusu), trombositopeniya (qan lövhəciklərinin azalması), tromboz (laxtalanma problemi) və ya qanama tarixçəsinin COVID-19 xəstəliyinə yoluxma və buna bağlı ölüm baxımından yüksək risklə əlaqəsini irəli sürür.
Tapıntılar COVID-19-un ağırlaşmasına və “immun sistemində nizamsızlığa” səbəb olan müəyyən hüceyrə yollarını aşkar etməyə çalışan araşdırmalardan gəlir. Pis klinik nəticələrin arxasındakı mexanizmlərə daha dərindən baxış immun sisteminin komplement və laxtalanma komponentlərindəki fərqləri göstərir. Hər iki komponent iltihab / inflamasiya ilə bağlıdır.
Komplement (tamamlayıcı) sistemi orqanizmdən patogenlərin təmizlənməsinə kömək edən biokimyəvi yoldur, immun sisteminin hissəsi sayılır. O, qanda qeyri-aktiv olan az miqdarda zülalı əhatə edir. Müəyyən stimullarla aktivləşərək immun sisteminin xəbərçi molekulları sitokinlərin ifrazını başladırlar. Komplement aktivləşdikdə hüceyrəöldürücü səth hücum kompleksi işə düşür. Yeni koronavirusun (SARS-CoV-2) komplement aktivasiyası ilə immun sistemimizi öz hüceyrələrimizə qarşı təhrik etdiyi düşünülür.
Nyu-Yorkdakı Columbia Universitetində sistem biologiyası (mikrobiologiya və immunologiya) tədqiqatçısı, məqalə müəllifi Sagi Shapira dedi: “Bu halda SARS-CoV-2-nin molekulyar detalları haqqında müəyyən ipuclarımız olan və üzərində fəal çalışdığımız komplement və laxtalanma sistemlərindən istifadə etdiyi, bununla immun sistemimizi bizə qarşı təhrik etdiyi görünür."
Bu dəyərli tədqiqat 3 avqustda Nature Medicine jurnalında dərc edildi.
Tədqiqatçılar retrospektiv müşahidə tədqiqatında SARS-CoV-2 infeksiyası şübhəli 11.116 xəstəni qiymətləndirdilər. Bunlar 1 fevral-25 aprel arasında NewYork-Presbyterian / Columbia Universitetinin Irving Tibb Mərkəzinə müraciət edənlər idi. Ümumilikdə 6398 (%58) xəstənin koronavirus testi müsbət oldu.
İştirakçıların orta yaşı 52 idi, %45-i kişi idi. Təxminən %27-də koronar arteriya xəstəliyi, %13-də tip 2 diabet, %12-də piylənmə var idi. 88 xəstədə makula degenerasiyası, 4-də komplement çatışmazlığı pozuntusu, 1179-da laxtalanma pozuntusu tarixçəsi vardı. Tədqiqatçılar makula degenerasiyasını komplement aktivasiyası pozuntularının biomarkeri kimi qiymətləndirdilər.
Mühüm tapıntılar
- Mexaniki ventilyasiya və ölüm daxil olmaqla makula degenerasiyası və laxtalanma pozuntuları ilə əlaqəli risklər yaş, cinsiyyət və siqaret tarixçəsindən asılı deyildi.
- Tədqiqatçılar “Xüsusilə keçmiş və ya hazırkı siqaret istifadəsinin mexaniki tənəffüs və ya ölüm üçün mühüm risk amili olduğuna sübut tapmadıq” dedilər.
- Makula degenerasiyası tarixçəli iştirakçılardan 14 xəstə intubasiya edildi, 22 xəstə öldü.
- Shapira və həmkarları transkripsion genetik profilləşdirmə də apardılar. Təhlil komplement və laxtalanma yollarında iştirak edən tip-1 interferon və interleykin-6 vasitəli iltihabi cavabları ortaya çıxardı.
- Tədqiqatçılar bu yollarda daha ağır COVID-19 ilə əlaqəli namizəd genetik variantlar (dəyişikliklər) də müəyyən etdilər.
Daha geniş mənzərəyə baxaq
Bu, komplement və laxtalanma yollarındakı pozulma və genetik müxtəlifliyi virus infeksiyası ilə əlaqələndirən ilk tədqiqat deyil. Məsələn, Denq virusunda oxşar tapıntılar da daha ağır xəstəliklə bağlıdır. Müəlliflər “komplement və laxtalanma pozuntularının geniş patogen spektrində risk amilləri ola biləcəyini” irəli sürürlər.
Shapira “Ümumilikdə, əsas biologiyanı və digər yoluxucu xəstəliklərdə morbidlik (xəstəlik) və ölümə töhfə verən patofiziologiyanı açmaq üçün struktur biologiyanı, elektron sağlamlıq qeydlərinə analitik yanaşmaları və genomikanı birləşdirərək qurduğumuz çərçivədən yararlanmağa hazır olduğumuzu düşünürəm” dedi.
Shapira irəliləyişə baxmayaraq klinik praktikanı dəyişmək üçün hələ tez olduğunu bildirdi: “Mövcud komplement və laxtalanma hədəfli müalicələrin COVID-19 üçün ümidverici olduğuna ipucları olsa da, araşdırmalar erkən mərhələdədir. Təəssüf ki, nəticələrin hazırkı standart dəstəkləyici müalicəyə təsir etməli olduğu nöqtədə deyilik."
COVID-19 qarşısında əlimizdəki ən böyük güc qorunmaqdır. Maska, əl yuma, xəstə və ya şübhəli insanların tez aşkarlanıb təcridi... Xəstələrin yanaşı xəstəliklərini, həyat tərzini və piylənməsini də nəzərə alın, onlarla danışın, laxtalanma və komplement funksiyası pozuntuları daxil mühüm riskləri olanları xüsusilə ehtiyatlı olmağa təşviq edin.
Shapira “SARS-CoV-2-yə yoluxduqdan sonra komplement və laxtalanma pozuntusu tarixçəsi olan xəstələr immunoterapiyaya yaxşı namizəd ola bilərlər.” dedi.
O, klinik tədqiqatların bu yolları hədəfləyən mövcud dərmanların terapevtik (müalicəvi) potensialını araşdırdığını bildirdi və “Öyrəndiklərimizi dəyərli müalicəyə çevirə bilib-bilməyəcəyimizi görmək üçün səbirsizlənirik.” dedi.
Tamamlayıcı tapıntılar
Nyu-Yorkda Mount Sinai-nin Icahn Tibb Məktəbində mikrobiologiya professoru Benjamin tenOever tədqiqatı şərh edərkən “Laxtalanma və komplement sistemini hədəfləməyi xüsusilə təsirli saymıram” dedi.
28 mayda Cell jurnalında dərc edilmiş, COVID-19 inkişafı ilə bağlı qeyri-taraz sahib (daxilində və ya üzərində başqa orqanizmi parazit kimi saxlayan canlı; xəstəliktörədənin qidalandığı heyvan və ya insan) cavabları araşdırmasının baş müəllifi tenOever əlavə etdi: “Bu tapıntıların hamısı nəşrdən xeyli əvvəl bildirilib. SARS-CoV-2-yə cavabda komplement və laxtalanma sistemini maydan bilirik.”
Shapira Nature Medicine-də rəyli məqalə 3 avqustda çıxsa da ilkin çapının mayın əvvəlində yayımlandığını dedi. Kiçik heyvan tədqiqatları və SARS-1, MERS barədə insan araşdırmalarında komplement və laxtalanmanın koronavirus infeksiyalarındakı rolunun “pandemiyadan xeyli əvvəl” başa düşüldüyünü də vurğuladı.
Mənbələr
Immune complement and coagulation dysfunction in adverse outcomes of SARS-CoV-2 infection.
Nature Medicine, 03 August 2020.
1. More Clues on How COVID-19 Can Turn Immune System Against Us - Medscape - Aug 25, 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.