Mədəaltı vəzi xərçəngi hüceyrələri hialuron turşusu ilə qidalanır

Bu məqalədə
Hialuron turşusu dəridə çox olan, ona elastiklik və nəmlik verən bağlayıcı molekuldur. Dəridə, oynaqlarda və gözdə yüksək konsentrasiyada olur.
Hialuron turşusu (HA) həmçinin mədəaltı vəzi şişlərində mövcudluğu ilə tanınır, lakin Miçiqan Universitetinin Rogel Xərçəng Mərkəzindən tədqiqatçılar qrupunun yeni araşdırması onun həm də xərçəng hüceyrələri üçün qida rolu oynadığını göstərdi. eLife elmi jurnalında dərc edilmiş nəticələr pankreatik xərçəng hüceyrələrinin necə böyüdüyünün mahiyyətinin aydınlaşmasına və müalicə üçün yeni imkanlara işarə edir.
QEYD: Bu elmi araşdırma və yazı hialuron turşusunun qəbulunun və ya əlavə kimi istifadəsinin xərçəngi başlatdığını nəzərdə tutmur. Onsuz da bədəndə çox və təbii mövcud olan birləşmənin xərçəng hüceyrələri tərəfindən necə istifadə edildiyinin mexanizmini izah edir. Xərçəng hüceyrələri də normal hüceyrələr kimi saysız molekulu öz həyatlarının davamı, fasiləsiz çoxalması, digər hüceyrələr və immun sistemi ilə qarşılıqlı əlaqələri üçün istifadə edir. Lakin istifadə etdikləri molekulların növü və intensivliyi normal hüceyrələrdən fərqlənə bilər. Onkologiyada bir çox fundamental elmi araşdırma bu fərqlərin müəyyən edilməsi üçün aparılır.
Mədəaltı vəzi xərçəngi hüceyrələri üçün kritik quruluş daşı
Tədqiqatın rəhbəri Costas Lyssioyis “Bu tədqiqatın əsas motivasiyası mədəaltı vəzi xərçənginin geniş istifadə edilən müalicə yanaşmalarına cavab verməməsidir. Bu çətinlik barədə fərqli düşünməliyik.” deyir. Lyssioyis və komandası laboratoriya təcrübə modellərində pankreatik xərçəngin metabolizmini öyrənirlər: hüceyrələrin necə qida əldə etməsi, böyümək və müalicələrə müqavimət göstərmək üçün faydalandığı qida spektri.
Şiş mikromühitində bəzisi xərçəngli, bəzisi xərçəngli olmayan çoxlu hüceyrə növü var. Pankreatik şişin mikromühiti ən zəngin şiş mikromühitlərindən biridir və yüksək dərəcədə stromaldır (əsasən birləşdirici toxuma və xərçəngli olmayan immun hüceyrələrindən ibarət kütlə). Lyssiotis belə izah edir: “Stroma təbii çapıqlaşma (yara sağalması) prosesində yaranır. Bu çapıqlar yarandıqca olduqca çox hialuron turşusu ifraz edilir.”
Hialuron turşusu – polimer və ya uzun şəkər zənciri – suyu çəkmək və saxlamaqda çox yaxşıdır. Çox olduqda mədəaltı vəzi şişləri hiperdens (yerləşdiyi toxumaya nisbətən daha sıx toxumalı) olur, damarlar tutulur və qan axını pozulur. Lyssiotis bu şişlərin çox sərtləşdiyini söyləyir. “Şişin daxilində damar və ya arteriya yoxdur deyil, lakin damar quruluşu həddindən artıq təzyiqə dözə bilmir.”
Pankreatik xərçəngdə hialuron turşusu tədqiqatlarının əksəriyyəti bu sıxlığın yaranmasında onun roluna yönəlir. Yenicə uğursuz olmuş klinik tədqiqat hətta damar sisteminin genişlənməsinə və qan axınının yoxluğu səbəbindən adətən tətbiqi çətin dərmanların verilməsinə imkan yaratmaq üçün hialuron turşusunu parçalamağın və şiş üzərindəki təzyiqi aradan qaldırmağın yollarını araşdırdı.
Lyssiotis və komandası pankreatik xərçəng hüceyrələrinin fizioloji quruluşuna töhfəsindən əlavə hialuron turşusunu anlamaq istədi. Şişlərin sıxlığını düşündülər və maraqlandılar: xərçəng hüceyrələri dövran pozulduğundan qandan gələn qidalara çata bilmirsə, böyümək və şişə çevrilmək üçün qidaya necə çatırlar?
Komandanın yeni tədqiqatı hüceyrələrin bunu etməsinin bir yolunun hialuron turşusu ilə qidalanmaq olduğunu göstərir. “Hialuron turşusu müalicəni çətinləşdirən bu sıxlığı yaratmaqla şişlərə təsir etməklə məhdudlaşmır. O, məhz şəkər zənciridir. Geriyə baxanda bədxassəli hüceyrələrin də hialuron turşusu ilə qidalanması məntiqli görünür.” Lyssiotis bu tədqiqatın yalnız pankreatik hüceyrələrin sağ qalmaq və böyüməyi davam etdirmək üçün qidaları necə topladığını sübut etdiyini söyləyir.
"Xərçəng hüceyrələrinin qidalanmaq üçün istifadə edəcəyini düşünmədiyimiz qidalar və yollar barədə getdikcə artan sübutlara daha bir nümunə əlavə etdik."
Qidalanma dayandırıldıqda xərçəng hüceyrələri böyümür
Pensilvaniya Universitetindən Kathryn Wellenin rəhbərlik etdiyi komanda ilə birgə dərc edildi. Wellenin komandası şəkərlə qidalanma yolunun bloklanmasının şiş böyüməsini dayandırdığını göstərdi. Bu iki tədqiqat birlikdə pankreatik xərçəngin incə təfərrüatlarının daha yaxşı anlaşılması üçün yeni imkanlar yaradır.
Lyssiotis araşdırmaları barədə bunları söylədi: “İnsanlar 20 ildir pankreatik xərçəngdə hialuron turşusunu araşdırırlar və əvvəllər heç kim bunun xərçəng hüceyrələri üçün qida olub-olmayacağını düşünməyib. Biz bu fikri daha dərindən araşdıracağıq və dərman tətbiq edilə biləcək terapevtik zəif nöqtə tapıb-tapmayacağımızı görəcəyik.”
Mənbələr
2. Michigan Medicine - University of Michigan. (2022, January 27). Pancreatic cancer cells feed off hyaluronic acid. ScienceDaily. Retrieved February 3, 2022 from www.sciencedaily.com/releases/2022/01/220127120154.htm
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.