Möcüzə hansıdır? Əməliyyat və şüa müalicəsi, yoxsa veqan pəhrizi?

“Ölüm yatağında sevgilisi ilə evləndi! 3 həftə sonra möcüzə belə baş verdi...” Nə təsirli başlıqdır, deyilmi?! Mətbuatda bu xəbər yayılır. İrəliləmiş mərhələli yoğun bağırsaq xərçənginə tutulan və 1 ildə 30 kilo arıqlayan ABŞ-lı Rob Mooberrynin bir sıra onkoloji müalicədən sonra tətbiq etdiyi sərt veqan pəhrizi və yaşadığı eşqlə şəfa tapdığı deyilir. Sonra Rob və xəstəlik dövründə evləndiyi həyat yoldaşı Amandanın veqan pəhrizinin möcüzələrini digər xəstələrə anlatmaq üçün necə çalışdıqları da vurğulanır... Bəs həqiqət nədir? Rob doğrudanmı iddia etdikləri kimi veqan pəhrizi və eşqi ilə sağlamlığına qovuşub, yoxsa keçirdiyi geniş cərrahi əməliyyat və sonra tətbiq edilən kimyaterapiya ilə eyni vaxtda radioterapiya sayəsində?
Tez-tez qarnı ağrıyan və arıqlayan Rob yoğun bağırsaq xərçənginə tutulduğunu öyrənir. Geniş əməliyyatla şiş mümkün qədər təmizlənir, lakin xərçənginin qonşu limfa düyünlərinə və sidik kisəsinə keçdiyi məlum olur. Onkologiyada yoğun bağırsaq xərçənginin bu mərhələsini 3C adlandırırıq və bu halda əməliyyatdan sonra xərçəngin təkrarlanma ehtimalını azaltmaq üçün xəstələrə adyuvant (qoruyucu) müalicələr tətbiq edilir. Xəstəyə də bu məqsədlə kimyaterapiya ilə eyni vaxtda radioterapiya başlanır. Əməliyyatdan sonrakı qoruyucu müalicəyə başlamazdan əvvəl Amanda ilə evlənirlər. Sonra xəbərdəki ifadəyə görə radioterapiya və kimyaterapiya fayda vermədiyi üçün cütlük bu müalicədən imtina edir, qidalanma tərzini dəyişib veqan pəhrizi və bitki müalicələrini sınayır. 3 həftə sonra isə bədənindəki xərçəng hüceyrələrinin %80-nin yox olduğu görülür. Daha sonra Robun xərçəngi tam məğlub etdiyi deyilir. Xəbərin sonunda bu möcüzə üçün guya təvazökar xəbərdarlıq edilir: “Rob insanlara yanlış məlumat vermək istəməsə də, veqan pəhrizinin xərçəngi məğlub edəcəyini düşünür. Hər kəsin etdiyindən ilham almasını və daha sağlam qidalanmasını istəyir.”
Gələk hekayədəki ziddiyyətlərə:
- Robun xərçəngi iddia edildiyi kimi irəliləmiş mərhələdədirsə, yəni bədənə yayılıbsa, niyə əvvəlcə əməliyyat edildi? Çünki 4-cü mərhələli yoğun bağırsaq xərçənginin ilkin müalicəsi, bağırsaq tutulması yoxdursa, əməliyyat deyil. Bağırsaq tutulması varsa, Roba aparıldığı kimi geniş əməliyyata deyil, yalnız bağırsaq tutulmasını aradan qaldıracaq əməliyyata üstünlük verilir.
- Əməliyyatdan sonrakı qoruyucu müalicələr gözlə görünən xərçəngi qalmayan xəstələrdə mikroskopik metastazları azaltmaq üçün tətbiq edilir. Düşünürük ki, Rob üçün də bu məqsədlə başlanıb. Lakin Rob yan təsirlər və ya başqa səbəblərlə bu müalicəni tolere edə bilməyib və tamamlamadan dayandırıb. 3-cü mərhələli yoğun bağırsaq xərçəngində şiş tam çıxarılıbsa, veqan pəhrizi və bitki müalicələri ilə hansı xərçənglər %80 kiçildilib?
- Adyuvant müalicənin fayda vermədiyi üçün dayandırıldığı deyilib. Bu sətirləri oxuyan onkologiya mütəxəssisləri və adyuvant müalicə alan çoxsaylı xəstələrimiz yaxşı bilir ki, adyuvant müalicələrin təsiri 2-3 həftəlik müalicədən sonra dərhal ölçülmür; çünki onsuz da ortada xəstəlik yoxdur və bu müalicənin faydası uzun müddətdə xəstəliyin təkrarlanma riskini azaltmaqdır. Lakin xəbərdə adyuvant müalicənin faydasız olduğu deyilir, bu nəyə əsasən ölçülüb?
Nəticə Hekayədəki ziddiyyətlərə baxmayaraq, Robun sağlamlığına qovuşması və hazırda həyat yoldaşı və uşaqları ilə xoşbəxt yaşaması şübhəsiz çox sevindiricidir. Bununla yanaşı, Robun hekayəsinin bu şəkildə xəbər edilməsinin necə təhlükəli nəticələr doğura biləcəyini vurğulamaq istədik. Müasir onkologiyanın hər üç müalicəsi (əməliyyat, kimyaterapiya və radioterapiya) istifadə edildiyi halda əldə edilmiş müsbət nəticəni veqan pəhrizinə, bitki əlavələrinə və yaşanan böyük eşqə bağlamaq ən nikbin ifadə ilə böyük bədbəxtlikdir!
Böyük eşq yaşamasa, veqan pəhrizi etməsə və heç mediada tanınmasa da, irəliləmiş mərhələli düz bağırsaq xərçəngi olan Əli bəyin hekayəsi daha həqiqi və ümidvericidir.
Mənbələr
newsner.com - 16 march 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.