Müharibə fəlakətdir – Xüsusilə xərçəng xəstələri üçün ictimai sağlamlıq fəlakətidir

Hamımız Rusiyanın Ukraynanı davam edən gözlənilməz və qorxu dolu işğalını yaxından izləyirik. Çoxumuz bir Avropa ölkəsinin qonşusuna yenidən müharibə açacağını düşünməzdik; belə hücumların 2-ci Dünya Müharibəsi ilə sona çatdığı güman edilirdi. Halbuki Rusiya artıq 2008-ci ildə Gürcüstanı və 2014-cü ildə Krımı işğal etmişdi...
Müharibənin ümumi nəticəsi kimi mülki və ya hərbi itkilərin sayına diqqət yetirilir. Bu gün Ukraynada genişmiqyaslı mülki müqavimət və hərbçi olmayan şəxslərin sürətlə döyüşçüyə çevrilməsi ilə bu fərqin qeyri-müəyyənləşdiyini görürük. Digər tərəfdən, qəribədir ki, belə silahlı münaqişələrin ictimai sağlamlıq üçün yaradacağı nəticələr haqqında çox düşünülmür.
Müharibələr əhalini yurdundan didərgin salır, səhiyyə sistemlərini alt-üst edir, hətta məhv edir, sosial xidmətlərə zərər vurur və yoluxucu xəstəliklərin yayılma riskini artırır. Bununla yanaşı xərçəng xəstələrinin həyatına da bir çox təsiri var. Lakin əvvəlki müharibələrə əsaslanaraq nələrin baş verə biləcəyini proqnozlaşdırmaq çox da mümkün deyil.
Məlumat məhdudiyyətləri
Yüksək keyfiyyətli məlumat toplama sisteminin müharibə başlamazdan əvvəl mövcud olduğunu və müharibə bitdikdən çox sonra da mövcud olacağını fərz etsək, Ukraynadakı müharibənin xərçəngə təsirini müharibədən əvvəlki və sonrakı xəstəlik hallarının sayı və ölüm göstəricisi baxımından müqayisə etmək nəzəri olaraq mümkün ola bilər. Ukrayna Milli Xərçəng Reyestri son hesabatını 2020-ci ildə yayımlayıb. Ukrayna Çernobıl Dövlət Reyestrindən əldə edilən digər epidemioloji məlumatlar bir hal-nəzarət tədqiqatında Çernobıl Atom Elektrik Stansiyası qəzasının qarşısının alınması işlərində çalışanlarda leykozun proqnozlaşdırılması üçün istifadə edilib.
Lakin müharibənin xərçəngə təsirini proqnozlaşdırmaq üçün istifadə ediləcək məlumat növündə məhdudiyyətlər var. İlk və yəqin ki, ən vacib məqam budur ki, belə sistemlər müharibə zamanı və bəlkə də müharibənin nəticəsindən asılı olaraq müharibədən sonra uzun müddət işləməyi dayandırır. Digər məhdudiyyət isə mürəkkəb miqrasiya proseslərinin olmasıdır. 4 milyon qədər insanın (Ukrayna əhalisinin 4%-ü) Polşa, Macarıstan, Rumıniya və Türkiyə kimi ölkələrə sığınacağı gözlənilir. Onların əksəriyyəti bir daha Ukraynaya qayıtmayacaq.
Bundan sonra isə xərçəngin qeydiyyatı problemi ilə üzləşirik. Xərçəng hallarının və xərçəngə bağlı ölümlərin izlənməsi və qeydə alınmasının müharibədən əvvəlki səviyyəyə qayıtması təəssüf ki, illər çəkəcək, bəlkə də heç qayıtmayacaq. Bundan başqa, irəliləmiş mərhələdə xərçəngi olan şəxslər asanlıqla təxliyə edilə bilmədikləri və infeksiyalara həssas olduqları üçün yüksək ölüm riski ilə üzləşirlər. Bu məqamlar müharibənin xərçəngə təsirinin proqnozlaşdırılmasında istifadə ediləcək epidemioloji (əhalinin müşahidəsinə əsaslanan) məlumatların dəqiqliyini məhdudlaşdırır.
Digər çətinliklər
Süd vəzi xərçəngi, kolorektal xərçəng, prostat xərçəngi və melanoma adətən skrininqlə erkən mərhələdə aşkarlana bilən xərçənglərdir; müharibənin nəticəsi olaraq əvvəlcə bu xərçənglərin sayında azalma, sonra isə daha çox irəliləmiş mərhələdə xərçəng və xərçəngə bağlı ölüm müşahidə olunur.
Xərçəng müalicəsi yarımçıq qalmış və ya başlanıla bilməmiş hallar da başqa bir problemdir. Bombardmana məruz qalan şəhərdə heç kim xəstəxanaya getmək istəmir. Xəstəxanalar onsuz da mülki müqavimətçilərin müalicəsinə yönəlib və bu, xərçəng əməliyyatlarının, kimyaterapiya və radioterapiyanın təxirə salınmasına və ya ləğvinə səbəb olub. Antibiotiklər, eritrosit və trombosit transfuziyaları, eritropoetin və qranulosit koloniya stimullaşdırıcı amil kimi molekulyar olaraq klonlaşdırılmış hematopoetik böyümə amilləri də daxil olmaqla, idxal edilən xərçəng dərmanlarına və dəstəkləyici tədbirlərə çıxış azalıb, hətta dayanıb.
Bütün bunlar nəzəriyyə deyil, təəssüf ki, hazırda həqiqətən yaşanır.
BBC Xarkovda neyroblastoması olan 3 yaşlı uşağın dərman çatışmazlığı səbəbindən xərçəng müalicəsini davam etdirə bilmədiyini və ailənin təcili olaraq Polşaya sığındığını bildirib.
Ukraynada işlənmiş nüvə yanacağının saxlandığı ərazi ilə yanaşı 15 fəal atom elektrik stansiyası var. Onlardan hər hansı birinin dağıdılması radioaktiv maddələrin yayılmasına səbəb ola bilər və bu da həmin maddələrin təsirinə məruz qalan insanlarda xərçəng riskini artırar. Rusiya ordusu istifadə olunmayan Çernobıl Atom Elektrik Stansiyasını və Zaporojye Atom Elektrik Stansiyasını nəzarətə götürüb. Kiyev yaxınlığında bir nüvə yanacağı saxlama stansiyası və başqa bir saxlama stansiyasının yaxınlığında elektrik istehsalı stansiyası bombalanıb. Bu müharibə nüvə riskləri və bununla yanaşı xərçəng riskləri daşıyır.
Ətraf mühit və həyat tərzi problemləri
Bu müharibənin nəzərə alınmalı daha iki nəticəsi var:
- Ətraf mühitin korlanması
- Xərçəng riskinin artması ilə əlaqəli həyat tərzi dəyişiklikləri
Müasir müharibələrdə istifadə edilən silahlar xərçəngin inkişafına səbəb ola biləcək ciddi ekoloji risklər yaradır. Buna bir nümunə Vyetnam müharibəsində “Agent Orange”ın istifadəsidir. ABŞ Milli Elmlər Akademiyası və ABŞ Veteranların İşləri Nazirliyi Agent Orange istifadəsini limfoma, plazma hüceyrəli mieloma, xroniki limfositar leykoz, ağciyər xərçəngi, prostat xərçəngi və süd vəzi xərçəngi ilə əlaqələndirib.
Həmçinin iprit, arsen və asbest kimi maddələrin təsirinə məruz qalmaq da xərçəng riskini artırır. Müasir tanklar top və raket kimi ağır silahların tankları dağıtmasının qarşısını almaq üçün radioaktivliyi tükənmiş uranla örtülür. Qəribə tərəfi budur ki, tankları deşən ağır silahların tərkibində də tükənmiş uran var. Körfəz və Balkan müharibələrində tükənmiş urandan qaynaqlanan xərçəng riskinin artması ilə bağlı güclü məlumatlar var, lakin bu, hələ də müzakirə mövzusudur.
- Əlaqəli mövzu: Kanserogen nədir? İnsan üçün məlum və potensial xərçəng törədicilər
Rusiyanın nüvə silahlarından istifadə etməsi ehtimalından yarana biləcək ekoloji və xərçəng təhlükəsi ilə yanaşı, yenə xərçəng riskinə təsir edəcək ərzaq təchizatındakı və qidalanma vərdişlərindəki dəyişiklikləri də nəzərdən qaçırmamalıyıq. Hərbçilər və mülki şəxslər müharibə zamanı və müharibədən sonra həyat tərzlərini dəyişirlər. Siqaret və alkoqol istehlakı əhəmiyyətli dərəcədə artır və bunun qarşıdakı on il ərzində və daha sonra daha çox xərçəngə səbəb olacağı gözlənilir.
Nəticə
Göstərilən səbəblərə görə Ukraynadakı müharibənin xərçəngə təsirini tam ölçə bilməyəcəyik. Lakin şübhəsiz ki, ukraynalı xərçəng xəstələrinin müalicələri dayanacaq və profilaktik skrininqlər aparıla bilməyəcək. Bu işğal təəssüf ki, daha çox xərçəng halına və xərçəngə bağlı ölümə səbəb olacaq.
Müharibənin ictimai sağlamlıq üçün nəticələrinə daha çox diqqət yetirilməlidir. Bəzi hesablamalara görə, müharibədə hər bir birbaşa ölümə qarşı ictimai sağlamlıqla əlaqəli 9 ölüm ola bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.